Ukrayna ordusunun baş komandanı, general Aleksandr Sırski deyib ki, Rusiya Ukrayna cəbhəsindən Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib.
“Rusiya hərbi komandanlığı bu qüvvələri hücum əməliyyatlarını apardığı cəbhənin digər istiqamətlərindən götürüb”, – Sırski bildirib.
Onun dedikləri həqiqəti əks etdirir və bu gözlənilən idi. Ümumiyyətlə, Ukraynanın Kurska girməsi həm siyasi, həm strateji, həm də hərbi baxımdan yanlış qərar idi.
Hər şeydən öncə Ukrayna işğalçı ölkə deyil. Yəni ordusu işğalçı müharibəyə hazır deyildi. Qərbin verdiyi silahlar da daha çox müdafiə xarakterlidir. Ukrayna ordusunun say tərkibi də müharibəni rus torpaqlarına keçirmək üçün yetərli deyildi. Ordudakı fikir ayrılıqları, müharibənin rus torpaqlarında davam etməsi üçün iaşə və logistika çatışmazlığı kimi məsələlər əvvəlcədən bu planın uğursuz olacağını göstərirdi.
Rus ordusu isə işğalçı müharibələrə öyrəşib. Yəni ölkə xaricində əməliyyat aparmaq, bölgə ələ keçirmək kimi təcrübəyə sahibdir. Bundan başqa, Rusiya logistika və iaşə kimi problemləri daha rahat aradan qaldıra bilir. Ən önəmlisi isə tarixi baxımdan ruslar rəqibi öz meydanına çəkib yoraraq əks-hücuma keçməyi yaxşı bacarır.
Diqqətçəkən digər bir detal qüvvələrin Kursk vilayətinə göndərilməsi ilə əlaqədar rusların hücumu Zaporojye, Xerson və Kramatorsk istiqamətində zəifləməsidir. Bu, hücum edəcək qüvvələrin məhz bu ərazilərdəki birliklərdən təşkil edildiyini göstərir.
Digər məqam isə Qərb mətbuatında Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh axtarışında olduğuna dair yayılan məlumatlardır. İtaliyanın “Corriere della Sera” qəzeti bildirir ki, Ukrayna mövcud şərtlərdə atəşkəsə hazırdır, amma bunun üçün ABŞ-dan təhlükəsizlik zəmanəti və Avropa İttifaqına (Aİ) üzvlük istəyir. Düzdür, Zelenskinin sülh axtarışında olmasına dair xəbərlərin həqiqəti əks etdirmədiyi deyilsə də, “Vaşinqton Post” qəzeti qərbli diplomata istinadla yazıb ki, Zelenski mövqeyi zəiflədiyi üçün Rusiya ilə danışıqlara daha açıq olub.
“Qərbdə hiss edirlər ki, Rusiyanın Ukraynanın 20%-dən çoxunu işğal etməsinə və hər hansı ərazini vermək ehtimalının az olmasına baxmayaraq, Zelenski Kremllə danışıqlara başlamaq üçün daha açıq olmağa başlayıb. Onlar Zelenskinin “Rusiya Ukraynanın təşkil etməyi planlaşdırdığı növbəti sülh sammitinə dəvət olunacaq” ifadəsini misal göstərirlər”, – mənbə bildirib.
Rusiya Kurskda əməliyyatlara başlamadan öncə Kiyevin geri çəkilməsini gözləyəcək. Bu baş verməsə, ordusu Kursk əməliyyatlarına başlayacaq. Aydın məsələdir ki, nəticədə Ukrayna ordusu məğlubiyyətə uğrayacaq və cəbhədəki psixoloji vəziyyət yenidən Kremlin lehinə dəyişəcək.
Ukraynanın vəziyyəti heç də ürəkaçan deyil. Zelenski üçün indiki məqamda tək optimal variant atəşkəs razılaşmasının imzalanmasıdır.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 11-10-2024, 16:28