Qərbin yeni inqilab ünvanı


Türkmənistanda vəziyyət  ürəkaçan deyil.

Sosial-iqtisadi böhran ölkədə “məxməri inqilab”ın yetişməsinə zəmin yaradıb. Kütlə aclıq və yoxsulluqdan əziyyət çəkir və bu durum getdikcə pisləşir. Situasiya Ermənistandan sonra bu ölkədə də inqilabi proseslərin başlanacağından  xəbər verir.  

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Someların açıqlamasına görə Xəzərin dibi ilə Türkmənbaşıdan Səngəçal terminalına qədər qaz kəmərinin çəkilməsi məsələsində Avropa Komissiyası Türkmənistanla fəal əlaqələr qurur. Avropa İttifaqı bu layihəyə tam dəstək verir. İndi isə növbə Azərbaycanındır. 

Qeyd edək ki, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər hövzəsindən və Yaxın Şərqdən qazın nəql edilməsini ehtiva edir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarlarına nəqlini reallaşdıracaq "Transxəzər" layihəsini yenidən gündəmə gətirib. Ona görə də Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsinə sanksiya tətbiq etməkdə və Avropa ölkələrinin alternativ mənbələrə üz tutmasında maraqlı olan ABŞ Türkmənistanda Qərblə enerji sahəsində əməkdaşlıq quracaq bir siyasi qüvvənin "məxməri inqilab" yolu ilə hakimiyyətə gəlməsində maraqlıdır. Bu həm də Rusiyanın əlində "Qazprom" şirkətini Türkmənistandan sıxışdırıb çıxartmaq üçün mühüm siyasi imkan ola bilər. "Transxəzər"in reallaşması gələcəkdə Qazaxıstan qazının da Avropa bazarlarına daşınmasını təmin edə biləcək yeni marşrut deməkdir. Türkmənistanda hakimiyyətin inqilabi yolla dəyişməsi Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsində Rusiyanın və İranın rəsmi Aşqabada təzyiqlərini neytrallaşdırmağa şərait yarada bilər. Maraqlıdır, Türkmənistan hansı yolu - Avropanı, yoxsa Rusiyanı seçəcək?

Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropa İttifaqı qitənin enerji diversifikasiyası, həmçinin Rusiya qazından təsirini azaltmaq üçün Xəzərin və Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarından maksimum istifadə etməyi planlayıb: “Avropa İttifaqı Azərbaycanla birgə reallaşdırdığı Cənubi Qaz Dəhlizi,  onun əsas seqmentləri olan TANAP və TAP layihələri artıq işə düşüb. 

Düzdür, TAP seqmenti gələn il istifadəyə veriləcək. Göründüyü kimi, Qərb maksimum şəkildə qitənin enerji şaxələndirilməsi istiqamətində bu layihənin Mərkəzi Asiyanı da əhatə etməsində maraqlıdır. Cənubi Qaz dəhlizinə Mərkəzi Asiyanın, xüsusilə, Türkmənistan qazının Avropaya ixracı üçün Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər boru kəmərinin çəkilməsi nəzərdə tutulur. Hazırda Rusiyanın müəyyən təzyiqlərinə görə Xəzərin dibi ilə boru kəmərinin çəkilməsində suallar var. Amma Xəzərin yekun hüquqi konvensiyasının sahilyanı ölkələrin Astana görüşündə imzalanması gözlənilir. Bundan sonra Xəzərin dibi ilə boru çəkilməsi reallaşacaq. Türkmən qazının TANAP-a qoşulması üçün Avropa İttifaqı ilə Türkmənistan arasında aparılan danışıqların uğurla yekunlaşacağı gözlənilir.

Rəsmi Aşqabad çalışır ki, öz karbohidrogen ehtiyatlarını Qazprom vasitəsi ilə deyil,  birbaşa Avropaya çıxarsın. Rusiya Türkmənistandan ucuz qiymətə qazı alır və bunu baha qiymətə Avropaya ixrac edir. Rusiyanın Türmənistan üzərində təzyiq rıçaqları var. Türkmənistan rəhbərliyi nəhayət ki, Rusiyanın deyil, Cənub Qaz Dəhlizinin vasitəsi ilə Avropaya qaz ixracını reallaşdıracaq”.

Alçina Amilqızı

Cebhe.info

Tarix: 23-06-2018, 00:33
Xəbəri paylaş





Xəbər lenti