Türkiyə: ədalətsiz seçki mühiti


Anar Məmmədli

Türkiyə seçki sistemi heç vaxt Qərbi Avropanın mükəmməl seçki sistemləri səviyyəsində olmayıb. Ancaq bütün çatışmazlıqlarına rəğmən, həm ATƏT, həm də Avropa Şurası ekspertləri 2009-cu ilin yerli seçkilərinədək bu ölkədə “işlək və güvənilən seçki sisteminin” olduğunu bildirirdilər. Həmin dönəmdən başlayaraq, Türkiyə seçki sisteminə güvən azalmağa başladı.

Sonuncu seçkilərdə – 2017-ci ilin referendumu bu sistemin çalışqanlığı ilə yanaşı güvəni də xeyli sarsıtdı. Elə indiki seçkilər ərəfəsində baş verənlər ədalətli və azad seçki mühitindən uzaqdır. Bunun adı yalnız rəqabətli seçki kampaniyasıdır. Məsələn, bu seçki kampaniyasının son 30 ildə keçirilmiş seçkilərdən əsas fərqi OHAL şəraitində baş tutması, yüzlərlə siyasi məhbusun olması, ifadə azadlığı və sərbəst toplaşmaq azadlığının məhdulaşdırılmasıdır. Daha bir önəmli amil AKP-nin müxaliflərinə qarşı fake xəbərçiliyin, qısası, dezinformasiyanın tüğyan etməsidir. Belə bir şəraitdə nə sorğu mərkəzləri, nə də media seçkinin nəticələrini obyektiv proqnozlaşdırmaq imkanındadır.

İndi məhz bir il öncəki referenduma əsasən 24 iyun günü keçiriləcək parlament və prezident seçkilərinin nəticələrinin saxtalaşdırılacağı ehtimal edilir. Türkiyədə seçkiləri 2007-ci ildən bəri iki dəfə izləmiş şəxs kimi bu ehtimalları inkar etməsəm də, şişirdildiyini düşünürəm. Yəni səsvermənin nəticələrinin kütləvi şəkildə saxtalaşdırılması ənənəsi Türkiyəyə xas deyil. Ümumiyyətlə, seçki günü əsas qanun pozuntularının seçici səslərinin AKP xeyrinə təhrik, təzyiq və şirnikləndirici vasitələrlə əldə edilməsi, seçkinin gizliliyinin pozulması və səsvermənin nəticələrinin düzgün protokollaşdırılmaması hesab edilir. Bu növ pozuntular isə AKP/MHP-nin çox güclü olduğu seçki məntəqələri ərazisində baş verə bilər. Məsələn, bu tip məntəqələrdə yerli müşahidəçilər mənəvi-fiziki təzyiqlərə məruz qalır, bəzən də ordan qovulurlar. Amma bu cür məntəqələr şəhər mərkəzlərində deyil, kənarlarda və ucqar ərazilərdə olur. Bazar günü bu cür pozuntuların şahidi ola bilərikmi? Müşahidələr göstərir ki, bu tip pozuntulara qarşı Türkiyə müxalifəti və vətəndaş cəmiyyəti çeşidli tədbirlər planlayıb. Seçki günü mümkün pozuntuları önləmək üçün çoxsaylı müşahidəçilər və hüquqşünaslar çalışacaq. Amma bu hazırlıqlara baxmayaraq, pozuntulara imkan veriləcəyi halda AKP və Ərdoğanı qayğılandıran aşağıdakı faktorlar seçkinin taleyini həll edəcək:
1) Əvvəlki illərdən fərqli olaraq pozuntuları ictimaiyyətdən gizlətmək mümkün olmayacaq.
2) Mənəvi üstünlük tamamən müxalifətin tərəfinə keçəcək və seçki yeni siyasi xarakter alacaq.
3) Cüzi səs çoxluğu legitimliklə bağlı problem yaradacaq və Ərdoğana qarşı postseçki koalisiyasını gücləndirəcək.
4) Türkiyənin 10 böyük şəhərində (Ankara, Adana, Antalya, Bursa, Istanbul, İzmir, Konya, Şanlıurfa, Qaziantep, Mersin) AKP və Ərdoğanın üstünlük əldə edə bilməməsi və ya əvvəlki seçki ilə müqayisədə üstünlüyü itirməsi. Xüsusən də paytaxt Ankara və İstanulda geniş seçici dəstəyi itirilsə, Ərdoğan üçün milli səviyyədə “qalibiyyətini” elan etmək ictimai müqavimətə səbəb olacaq.
5) İkinci turda Ərdoğanın son günlər verdiyi bəyanatlara baxmayaraq, yeni koalisiya qurmaq imkanı yoxdur. Ancaq İncənin geniş spektrli koalisiya qurmaq imkanı artacaq və bu onu daha üstün mövqeyə gətirəcək.
6) İncə həm seçki günü, həm seçki sonrası hüquqi-siyasi müstəvidə pozuntulara qarşı sərt mövqe qoyacağını bəyan edib. Buna siyasi iradəsi çatan liderdir və güzəştə getməyəcək.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

Tarix: 23-06-2018, 09:31
Xəbəri paylaş





Xəbər lenti