Tramp-Putin görüşü – Qərb-Kreml savaşı bitəcəkmi...


Elçin Mirzəbəyli: “ABŞ-Rusiya münasibətlərinin normal məcraya düşməsi üçün ya Vaşinqton, ya da Moskva qlobal geosiyasi iddialarından əl çəkməlidir”

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında keçiriləcək görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib ki, ABŞ prezidenti Donald Tramp ümid edir ki, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü münasibətlərdə gərginliyi azaldacaq və konstruktiv qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.

L.Uolters deyib ki, prezident Tramp və prezident Putin ABŞ və Rusiya münasibətlərini, bir sıra milli təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Bu görüşdən gözləntilər nələrdir? Bu görüşün kifayət qədər gərgin olan ABŞ-Rusiya münasibətlərinin yumşalmasına, dünyada gedən proseslərə təsiri olacaqmı?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Donald Trampla Vladimir Putin bundan öncə də görüşüblər və bu görüşlərdən sonra Vaşinqton-Moskva münasibətlərində hər hansı bir irəliləyişin şahidi olmamışıq. Amma təbii ki, belə görüşlərdə dünyanın iki ən güclü hərbi potensialı olan dövlətin birinci şəxsləri arasında qlobal məsələlərlə bağlı maraqların uzlaşdırılması mümkündür. Maraqların uzlaşdırılması isə münasibətlərin yumşalması anlamına gəlmir: “ABŞ-Rusiya münasibətlərinin normal məcraya düşməsi üçün ya Vaşinqton, ya da Moskva qlobal geosiyasi iddialarından əl çəkməlidir. Bu isə mümkün deyil. Təbii ki, ABŞ və müttəfiqlərinin iqtisadi gücü ilə Rusiyanın mövcud durumunu müqayisə etmək mümkün deyil. Bununla yanaşı, yumşaq güc siyasətinin öz hədəflərinə çatması üçün bəzən on illərlə vaxt sərf etmək lazım gəlir. Amma hərbi təhdid və real hərbi təhlükə qısa yoldur. Rusiyanın hərbi potensialı kifayət qədər güclüdür, nəhəng təbii resursları var və bütün bunlar Moskvanın manevr və müqavimət imkanlarını artırır. Bu baxımdan ABŞ-Rusiya rəqabətinin yaxın dövrdə hansısa tərəfin tam qələbəsi ilə bitəcəyi barədə mülahizə yürütmək sadəlövhlük olardı. Qarşıdurma və ziddiyyətlər davam edəcək. Çünki bu, hər iki dövlətin vazkeçilməz geosiyasi və geoiqtisadi maraqlarından qaynaqlanır”.

E.Mirzəbəylinin sözlərinə görə, Trampla Putinin görüşü ilə bağlı təkcə ABŞ-ın ənənəvi müttəfiqləri deyil, əks qütbdə dayanan ölkələr də dolayısı ilə narahatlıqlarını bildirirlər. Bu narahatlıq İranda da hiss olunur: “Məsələn, Tehran narahatdır ki, Rusiya hansısa məsələlərdə, o cümlədən Suriya ilə bağlı ABŞ-la razılığa gələ və İranı oyundankənar vəziyyətdə qoya bilər. İranın daha bir narahatlığı Trampın başlatdığı qlobal ticarət müharibəsi və bu müstəvidə bir sıra dövlətlərdən İranla ticarət əlaqələrinə son qoyulması tələbidir.

Vladimir Putin Trump ile ilgili görsel sonucu

Çin artıq bu tələbə əməl etməyəcəyini bildirib. ABŞ-ın İran nefti ilə bağlı tələbləri də bu ölkə ilə enerji sektorunda yaxından əməkdaşlıq edən Hindistan, Yaponiya və Avropa İttifaqı tərəfindən dəyərləndirilməyib. Vaşinqton ”OPEK+Rusiya" formatı iştirakçılarının atdığı addımlardan da narazıdır və qlobal bazarda İran neftinin həcminin azaldılması istiqamətində həyata keçirilən tədbirlər müstəvisində adıçəkilən formatın bu yeri doldurmağa cəhd göstərməməsini də qəbul etmir. Bu isə öz növbəsində neftin qiymətinin artmasına zəmin yaradır. Nəticədə isə hətta ABŞ-ın müttəfiqləri də İrana qarşı sanksiyalardan yan keçməyə çalışırlar. 

Avropalıların Tramp-Putin görüşü ilə bağlı narahatlıq keçirməsi daha çox Rusiya mətbuatında qabardılır. Bütün bunlar, sadəcə, mülahizələrdir. Məsələn, bəzi ekspertlər iddia edirlər ki, Putin Trampla ABŞ qoşunlarının Avropa İttifaqından çıxarılması ilə bağlı razılığa gələ, nəticədə isə Aİ Rusiya təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Amma təbii ki, bütün bunların reallığl əks etdirdiyini söyləmək üçün əlimizdə ciddi əsas yoxdur".

Politoloq qeyd etdi ki, Tramp-Putin görüşündə hansısa sənədin imzalana biləcəyi indiki münasibətlər müstəvisində inandırıcı görünmür. Bunun üçün heç əsas da yoxdur. Ola bilsin, hansısa məsələlər ətrafında şifahi razılaşma əldə olunsun. Tərəflər çox güman ki, hansısa regional və qlobal problemlərin həlli ilə bağlı öz üzərlərinə rəsmi öhdəlik götürməyəcəklər.

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır: “Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmağın özü belə Putinə əlavə dividentlər gətirəcək”.

E.Şahinoğlunun sözlərinə görə, bütün bunlara görə Trampa qarşı Konqres daha da sərtləşəcək: “Putin də bunu bilir. Digər tərəfdən, Putinin o da xoşuna gəlir ki, birincisi, Tramp Ukrayna məsələsində israrlı deyil, tam əksinə, Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı ”böyük yeddilər"ə qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur".

Bir sıra siyasi təhlilçilər isə hesab edir ki, Donald Tramp hətta istəsə belə, ABŞ-ın Rusiyaya qarşı siyasətini təkbaşına dəyişmək iqtidarında deyil. Putin də öz siyasətini dəyişmək istəmir. Çünki bu siyasət ona ölkəsində siyasi dividentlər qazandırır. Qərblə arqressiv qarşıdurma Rusiya prezidentinin reytinqini yüksəldən əsas vasitələrdəndir. Odur ki, qarşıdakı görüşdən sensasion nəticələr gözləməyə dəyməz.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 30-06-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti