Siyasi karyeranın qürubu... - Netanyahu korrupsiya işində sövdələşməyə gedir...

Siyasi karyeranın qürubu... - Netanyahu korrupsiya işində sövdələşməyə gedir...
İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ona qarşı açılan korrupsiya ittihamları ilə bağlı Baş prokurorluqla sövdələşməyə hazırlaşır. O, işin iki maddəsi üzrə özünü təqsirli bilməyə hazırdır, ancaq bir şərtlə ki, ona qarşı irəli sürülən rüşvət ittihamı götürülsün. Nəticədə o, altı aylıq ictimai işlər və cərimə cəzaları ilə həbsdən yayına bilər. Lakin 72 yaşlı müttəhim çox güman ki, siyasətə artıq qayıda bilməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Times” nəşri yazır. Nəşrin verdiyi məlumata görə, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ona qarşı açılmış korrupsiya işi üzrə məhkəməyə qədərki razılaşma ilə bağlı ölkənin baş prokuroru ilə danışıqlara başlayıb. Ona qarşı dələduzluq, etimadın pozulması və rüşvətxorluqla bağlı üç ayrı-ayrı ittihamlar irəli sürülüb. Əldə olunan məlumatlardan məlum olur ki, o, ümumi dəyəri 150.000 funt-sterlinqdən çox olan zərgərlik məmulatları, şampan və siqar hədiyyələri alıb və hökumət tənzimləmələrində dəyişiklik etmək müqabilində fəaliyyətinin mediada müsbət işıqlandırılması üçün KİV sahibləri ilə danışıqlar aparıb.
 
Netanyahunun vəkilləri onunla razılaşmaq üçün iki həftə sonra təqaüdə çıxmalı olan İsrailin baş prokuroru Avixai Mandelblitlə əlaqə saxlayıb. Razılaşmanın bir hissəsi olaraq, keçmiş baş nazir işin iki maddəsi üzrə təqsirli olduğunu etiraf edir. Bunun müqabilində üçüncü maddə, eləcə də rüşvət alma ittihamı üzrə məhkəmə prosesi dayandırılacaq. Bu yolla o, həbsdən yaxa qurtara və bunun əvəzinə altı ay ictimai xidmət cəzası ala və əhəmiyyətli cərimə ödəyə bilər.
 
Netanyahu həmçinin israr edir ki, onun hərəkətləri əxlaqa qarşı cinayət kimi qiymətləndirilməməlidir, çünki bu halda o, 7 il müddətinə ictimai fəaliyyətdən kənarlaşdırıla bilər. Amma baş prokurorluqda bu məsələdə güzəştə getməyəcəklərini açıq-aydın bildiriblər. Beləliklə, The Times yazır ki, 72 yaşlı müttəhim üçün bu sövdələşmə onun siyasi karyerasının sonu ola bilər.
Tarix: 16-01-2022, 15:46
Xəbəri paylaş





Xəbər lenti