Ərəb koalisiyası Yəməndə yaşayış binalarını bombalayıb, ölənlər var



Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, şəhərin qərbində yerləşən Əl-Libi yaşayış məhəlləsinə havadan hücum edilib. Ölənlər arasında qadınlar da var. Telekanalın məlumatına görə, beş yaşayış binası tamamilə dağılıb, qonşuluqdakı onlarla binaya ziyan dəyib.
İnsanlar dağıntılar altında qalıb. Yenidən başlayan hava hücumları təcili tibbi yardım maşınlarının zərər çəkmiş əraziyə çatmasına mane olub və hadisə yerində olan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə hücumundan sonra Yəmənin paytaxtı Sənanı bombalamağa başladığını elan edib.
Tarix: 18-01-2022, 08:29
Xəbəri paylaş





Xəbər lenti