Rusiya fevralda Ukraynaya hücum edəcəkmi - Putinin spekulyasiyaları, Baydenin planı...


Kreml izah edir ki, Ukrayna ilə sərhəddə rus qoşunlarının yerləşdirilməsi regionda yaranmış gərginliyə reaksiyadır, Vaşinqton isə ayın sonu müharibə olacağını iddia edir

ABŞ Rusiyanın yanvarın sonu, fevralın əvvəli Ukraynaya hücum edəcəyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “CNN” telekanalına müsahibəsində bildirib ki, Ukrayna ilə sərhəddə rus qoşunlarının yerləşdirilməsi regionda yaranmış gərginliyə reaksiyadır.
“Rusiya qoşunları Ukrayna sərhədi yaxınlığında Rusiya Federasiyasının ərazisindədir və biz müxtəlif NATO təlimləri, NATO qırıcıları və casus təyyarələri, habelə NATO-nun hərbi təyyarələri, NATO infrastrukturunun sərhədlərə qədər irəliləyişi ilə yaratdığı xoşagəlməz atmosfer şəraitində tərk etməyi zəruri hesab edirik”, - Peskov sitat gətirib. Kreml sözçüsü vurğulayıb ki, Moskva buna reaksiya verməyə və ehtiyat tədbirləri görməyə məcburdur. ABŞ-Rusiya, NATO-Rusiya danışıqları da bir səmərə vermədi. Cenevrə və Brüssel müzakirələri heç-heçə başa çatdı. Tərəflər irəli sürülən tələblərlə hesablaşmırlar və nəticədə gərginlik Ukrayna səması üzərindədir.
Amma Putin administrasiyası spekulyasiyalarla vaxt udmağa çalışır. Rusiya lideri ABŞ-ın və Avropanın beyin mərkəzlərini, kəşfiyyat servislərini paytaxt Moskvadan və əyalət şəhərlərindən uzaq tutmaq, öz ölkəsində rəngli inqilabları ertələmək üçün yeni cəbhələr açır, Vaşinqtonu, Brüsseli və digər mərkəzləri bu cəbhələrə çəkib orada məşğul edir, psixoloji olaraq yorur. Misal üçün, Ukrayna, Qazaxıstan, Belarus cəbhələri boşuna açılmır, SSRİ-nin bərpası tezisi elə-belə ortaya atılmır. Bütün bunlar Moskvanın hadisələri öz orbitindən uzaqda tutmağa xidmət edir. Əslində Amerika istəyir ki, Rusiya bölünüb, kiçilsin. Putin isə “sən öndən buyur, əfəndim” deyib, topu özündən uzaqlaşdırır. Odur ki, bu templə gərginlik davam edəcək, status-kvo saxlanacaq, əziyyət çəkən isə Ukraynadır. Lakin ABŞ-ın iddiaları da səmimi görünmür. Rusiyanın fevralın əvvəlində hücum edəcəyini deyən Vaşinqton rəsmiləri eyni proqnozu yanvarın əvvəli üçün də vermişdilər. Bəs Rusiya özü böyük müharibəyə girmək niyyətində ola bilərmi?

Zaur Məmmədov: “Rusiya ordusunun geri çəkilməsi gözlənilmir, ”Ukraynanın parçalanması genişlənə bilər"
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Rusiya arasında gərginləşən münasibətlər sayılsa da, əslində bu prosesdə dünyanın yenidən bölünməsi məqsədi dayanır: “Dünya gücləri ABŞ-ın başçılığı altında Rusiyanın güclü olmamasından istifadə etməklə iqtisadi və siyasi rıçaqları əldə saxlayırlar. Amma Ukrayna Rusiya üçün qırmızı cizgidir. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, NATO-nun genişlənməməsi ilə bağlı Rusiyanın tələbini qəbul edilməyəcəkdi. Ola bilsin ki, alyans da Ukraynanı yaxın illərdə üzv qəbul etməsin. Lakin uzaq və kiçikmənzilli raketlərin, ümumən silahlanmanın minimallaşdırılması ilə bağlı razılığa gəlinməsi realdır”.
Z.Məmmədov hesab edir ki, Rusiya ordusunun Ukrayna şəhərlərindən geri çəkilməsi gözlənilmir: “Ukraynanın parçalanması genişlənə bilər. Ancaq əgər Ukraynada hərbi əməliyyatlar başlasa, MDB məkanı üçün presedent ola bilər və bunun qarşısı alınmalıdır. Sadəcə, ABŞ-Rusiya arasında gedən bu oyun ”Parçala, hökm sür!" siyasətidir və dünya xalqlarını idarə edirlər".

Politoloq Elxan Şahinoğlunun fikrincə, Kreml Vaşinqtonu şantaj etmənin yeni “üsulunu” tapıb: “Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyir ki, ”Moskva onun təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə bilər". Yəni rusiyalı diplomat demək istəyib ki, Vaşinqton və Brüssel Ukrayna ilə bağlı Moskvanın tələblərini yerinə yetirməsə Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar və ya orta mənzilli raketlər yerləşdirəcək. Kremlin mesajı aydındır: “Sən mənim arxa bağçamda hərbi bazalar yerləşdirəcəksənsə, mən də sənin arxa bağçanda hərbi bazalar yerləşdirəcəm”. Rusiya özünü yenə Amerika ilə müqayisə edir".
Siyasi şərhçinin sözlərinə görə, birincisi, Kiyev  özü istəyir ki, Ukrayna NATO-nun üzvü olsun, ölkədə Amerikanın hərbi bazaları yerləşdirilsin: “Kuba və Venesuelanın Rusiya hərbi bazalarının yerləşdirilməsi ilə bağlı istəyi səslənibmi, yoxsa Kreml bu ölkələrin əvəzinə danışır? İkincisi, keçmiş SSRİ bir dəfə Amerikanın yan-yörəsində - Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirmək istədi, Vaşinqtonun təzyiqi nəticəsində raketlərini yığışdırdı. Eyni tale Rusiyanı da gözləyəcək. Kubada rejim əvvəlki olsa da, fiqurlar dəyişib və yeni simalar çətin ki, Rusiyanın raketlərinə görə ABŞ-la münasibətləri indikindən daha çətin vəziyyətə sürüklənməsində maraqlı olsunlar. Rusiyalı rəsmilərin Amerikaya barmaq silkələyərək Kuba və Venesuelanın adlarını çəkməsi göstərir ki, Moskvanın Vaşinqton və Brüssellə danışıqların nəticəsiz qalması nəticəsində alternativləri zəifdir”.


Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, ABŞ hibrid müharibəsi aparır: “Bu açıqlamalarla dünyaya mesaj verir ki, Rusiya təcavüzkar plan qurub. Rusiya  müharibə istəmir, xox gəlir və NATO müəyyən qədər geriya doğru addım atarsa, Moskva hərbi aqressiyanı yumşalda bilər. Ancaq bütövlükdə Ukrayna sərhədlərindən tam çəkilməsinə ümid etməyək. Çünki Rusiya militarist ölkədir, onun rəqiblərinə qarşı həmlələri bu şəkildə olur. Ukrayna özü də gözləmədiyi vəziyyətlə qarşılaşıb və böhran davam edəcək. Təəssüf ki, Kiyev dilemma qarşısındadır: ya Qərbin təlimatları ilə hərəkət etmək, əvəzində Kremldən təzyiqlər, ya da Rusiyaya boyun əymək...”
Məşhur “Vol Strit Jurnal”ında yayımlanan məqalədə deyilir ki, Putinə Qərbə qarşı tarazlıq üçün Çin lazımdır: “O əmindir ki, sərhədi Moskvadan 500 kilometr aralıda yerləşən Ukraynada düşmən rejimin qurulmasına Qərb kömək edib. Qərb Belarusda da eyni düşmən rejimini yaratmaq istəyir. Yeni demokratiyalar kimi gördüyümüz ərazilər Putin üçün Sovet İttifaqının əsas hissələridir. Putinin məqsədi təkcə keçmiş Sovet İttifaqını bu və ya digər formada bərpa etmək deyil, həm də bütün Mərkəzi və Şərqi Avropada, təxminən keçmiş Varşava Müqaviləsi ölkələrinin sərhədləri daxilində təsir zonası yaratmaqdır. Qardaş kommunist partiyaları vasitəsilə birbaşa idarəçilik əvəzinə Putinin yeni modeli bir növ kütləvi ”finlandizasiya"dır. Berlindən Şərqi və Cənub-Şərqi Avropaya qədər ölkələr qırmızı xətlərin nə olduğunu dəqiq bilsinlər. Moskvanın maraqları baxımından heç bir halda bu qırmızı xətləri keçmək mümkün deyil".
Emil SALAMOĞLU
Tarix: 18-01-2022, 10:02
Xəbəri paylaş





Xəbər lenti