Putinin Zelenski ilə Qüdsdə görüşü? - İsrail Rusiya ilə Ukraynanı necə barışdırmağa cəhd etdi

Putinin Zelenski ilə Qüdsdə görüşü? - İsrail Rusiya ilə Ukraynanı necə barışdırmağa cəhd etdi
Son zamanlar Rusiyanın Ukrayna ilə sərhədində vəziyyət son dərəcə gərginləşib. Ağ ev xəbərdar edir ki, Rusiya "istənilən an" Ukraynaya soxula bilər. Rusiya bu arada guya "hərbi təlimlər üçün" öz qoşunlarını Belarusa göndərib. Böyük Britaniya ukraynalılara tankəleyhinə kömplekslər göndərir, NATO yardım edəcəyini vəd edir, Şərqi Avropa isə müharibə qarşısında donub qalıb.
 
Məlum olub ki, bu vəziyyətdə İsrail gözəgörünməyən, amma tamamilə xüsusi rol oynayır. İsrailin əvvəlki və hazırki hökuməti iki ölkə arasında vasitəçi rolunda çıxış etməyə və gərginliyi dayandırmağa cəhd edib.
 
Həm Netanyahu, həm də Bennet Rusiya prezidenti Putinə Ukrayna prezidenti Zelenski ilə Qüdsdə görüşməyi təklif edib.
 
Sonuncu dəfə bu, ötən ilin oktyabrın 22-də Bennetlə Putin arasında Soçidə baş tutan görüşdə baş verib.
 
Bennet Putinə Qüdsdə Rusiya ilə Ukrayna arasında gərginliyin dayandırılması üçün yüksək səviyyədə sammiti təşkil etmək təklifini verib. Rusiya lideri bundan imtina edib, bu barədə Ukrayna və İsrail mənbələri xəbər verib.
 
Burada təşəbbüs Ukrayna tərəfdən olub. İsrail Rusiya ilə Ukrayna arasında olan qarşıdurmada unikal yer tutur, iki dövlət liderləri arasında yaxşı əlaqələrə və birbaşa dialoq imkanlarına malikdir. Bu, İsrailə tərəflər arasında vasitəçi olmağa imkan verir.
 
Hər şey peyvəndlərdən başladı
 
Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Walla nəşrinə danışıb ki, İsrailin Rusiya ilə Ukrayna arasında olan böhranın həll edilməsi üçün cəhdləri bir il əvvəl başlayıb. Paradoksal olsa da, buna koronavirus yardımçı olub.
2021-ci ilin fevralında İsrailin o zamankı baş naziri Binyamin Netanyahu Ukrayna prezidenti Vladimir Zelenski ilə Pfizer-in baş direktotu Albert Burla ilə telefon danışıqlarını təşkil edib. Ukraynanın təcili olaraq peyvəndlərə ehtiyacı vardı və Netanyahu ukraynalılara Pfizer-lə razılığa gəlməyə yardım edib. İki həftədən sonra Ukrayna hökuməti əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
 
2021-ci ilin aprelində Ukrayna rəhbərliyi hiss edib ki, İsrail ilə sıx münasibətlərindən istifadə edərək, Rusiya ilə dialoqa başlaya bilər. Kiyevdən İsrailə Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyəti səfərə gəlib. O, Netanyahu və İsrailin digər yüksək rütbəli məmurları ilə görüşlər keçirib. Yermak İsrailin baş nazirindən Qüdsdə Zelenski ilə Putinin görüşünü təşkil etməyə hazır olub-olmadığını soruşub.
 
İsrail mənbəyi məlumat verib ki, Netanyahu bu ideyadan məftun olmasa da, deyib ki, əgər hər iki tərəf görüşə razılıq verərsə, buna cəhd edə bilər.
 
Aprelin sonunda, daha sonra 2021-ci ilin mayında Netanyahu və müşavirləri Kreml ilə belə bir sammitin Qüdsdə keçirilməsi ideyasını müzakirə edib. İsrailli mənbə məlumat verib ki, Putinin reaksiyası müsbət olmayıb.
 
Ukrayna səfirinin sözlərinə görə, Putin görüşə hazır olduğunu biıdirib, lakin Krımın ilhaqı və Ukraynanın şərqindəki vəziyyətdən danışmamaq şərtilə.
Bu, ukraynalılar üçün son dərəcə neqativ siqnal idi.
 
Liderin dəyişməsi
 
2021-ci ilin iyununda İsraildə hökumət dəyişikliyi baş verdi. İnauqurasiya mərasimindən bir neçə gün sonra Bennet həm Putinlə, həm də Zelenski ilə telefonla danışıb. Sonradan Ukrayna prezidenti onu Kiyevdə Krım yarımadasının Rusiya tərəfindən ilhaqına qarşı beynəlxalq  konfransa dəvət etsə də, Bennet bundan mədəni şəkildə imtina edib.
 
Bir neçə aydan sonra, 2021-ci ilin oktyabrın əvvəlində İsrail prezidenti İsaak Herzoq Kiyevə səfərə gedib. Ukrayna və İsrail məmurlarının sözlərinə görə, səfər zamanı Zelenski İsrailin yeni hökumətindən vasitəçilik səylərini bərpa etməyi xahiş edib. Herzoqun geri dönməsindən təxminən iki həftə sonra Naftali Bennet Putinlə Soçidə görüşə uçmalı idi. Uçuşdan bir gün əvvəl o, Zelenskiyə zəng edib. Ukrayna səfirinin sözlərinə görə, Zelenski növbəti dəfə Qüdsdə Rusiya-Ukrayna sammitinin, ola bilsin ki, dövlət başçıları səviyyəsində deyil, Rusiyanın və Ukraynanın milli təhlükəsizlik üzrə müşavirləri səviyyəsində keçirilməsini təklif edib.
 
Ertəsi gün Soçidə Bennet Rusiya prezidentinə bu ideyanı təklif edib və Zelenskinin məlumatını çatdırıb. Ukrayna və İsrailin rəsmi şəxsləri  bəyan edib ki, Putin, yumşaq desək, danışıqlar ideyasından məmnun olmayıb və Zelenski barədə son dərəcə neqativ danışıb. Beləliklə, Rusiya prezidenti ikinci dəfə sammitdən imtina edib.
 
Ehtiyatlı neytrallıq
 
Son həftələr Rusiya ilə Ukrayna arasında vəziyyət son dərəcə kəskinləşdiyi bir dönəmdə İsrail hökuməti susmağa çalışır. Son günlər ABŞ Dövlət katibi Entoni Blinken bu məsələni İsrailin xarici işlər naziri Yair Lapidlə və prezident Vladimir Putinlə müzakirə edib. Hər iki halda İsrail tərəfi yalnız dinləyib.
 
"Ukrayna bizim çox xoşumuza gəlir, lakin biz iki böyük dövlət olan ABŞ və Rusiya arasında olan qarşıdurmaya cəlb olunmaq istəmirik. Bizim öz problemlərimiz yetərincədir", - bunu Walla   nəşrinə İsrailin yüksək rütbəli məmuru deyib.
 
"Biz israillilər kimi olmalıyıq"
 
Ukraynanın İsraildəki səfiri Yevgeni Korneyçuk bəyan edib ki, onun ölkəsi əvvəlkitək Rusiya ilə Qüdsdə sammit keçirməyə hazırdır. Korneyçuk vurğulayıb ki, Ukraynaya Rusiya tərəfindən təhlükə bu günlər indiyədək olanlardan ən ciddisidir. 
"Bizim mənimsədiyimiz əsas dərs ondan ibarətdir ki, biz israillilər kimi olmalıyıq-heç kimə fikir verməmək və özünü müstəqil sirətdə qorumağa hazır olmaq", - o, belə deyib.
Onun sözlərinə görə, Uktayna rusiyalılar üçün yüngül gəzinti olmayacaq. "Ukraynalıların 30 faizi sorğular zamanı bəyan edib ki, Rusiya ölkəmizə müdaxilə edərsə, şəxsən cəbhəyə getməyə hazırdır. Ruslar böyük itkilər verəcək", - diplomat bəyan edib.
 
İsrailin baş nazirinin dəftərxanasından bəyan ediblər ki, qapalı diplomatik danışıqları şərh etmirlər. Həmçinin prezidentin və müxalifət lideri Netanyahunun ofisində şərh etməkdən imtina ediblər.
 
Walla, "Detaly" ( İsrail ).

Tarix: 20-01-2022, 11:45
Xəbəri paylaş





Xəbər lenti