Putin ABŞ və NATO-dan istədiyi cavabı almadığını deyir

Lavrovun sözlərinə görə, ABŞ-ın Moskvaya yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar
Rusiya prezidenti Vladimir Putin deyib ki, ABŞ və NATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini “görməzliyə qoyublar”.
O bunu Fransa prezidenti Emmanuel Makronla söhbətində deyib.
İki prezidentin söhbətinin bu hissəsi Kremlin rəsmi saytında verilib.
Putin bildirib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb.
1997-ci ildə Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya hələ NATO üzvü deyildirlər.
“Diqqətlə öyrənəcək”
Putin əlavə edib ki, Rusiya Moskvanın aldığı cavabı “diqqətlə öyrənəcək” və bundan sonra “özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək”.
Rusiya ABŞ və NATO-ya sözü gedən tələbləri hələ ötən il təqdim edib.
ABŞ və NATO bildirmişdilər ki, bu təkliflərin arasında icrası mümkün olmayanlar var. Bunlardan biri də, məsələn, NATO-ya yeni üzvlərin qəbul edilməməsi tələbidir.
Buna baxmayaraq tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.
Vaşinqton Moskvaya cavabının ictimaiyyət üçün açıqlanmamasını istəmişdi.
Lakin The New York Times qəzeti cavablarla tanış olduğunu iddia edir.
Qəzet yazır ki, cavab məktubunda ABŞ Rusiya ilə qarşılıqlı qaydada hərbi manevrlərin ixtisar olunması və raket və nüvə silahlarının məhudlaşdırılması sahəsində müzakirəyə hazır olduğunu bildirib.
Lavrov: Rusiya Ukrayna ilə müharibə istəmir
Birləşmiş Ştatlar bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də deyib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.
Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.
“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb.
Belarusun avtoritar lideri, Putinin yaxın müttəfiqi Alyaksandr Luakşenka isə Minskdə deyib ki, Rusiyaya hücum olarsa, Belarus müharibəyə gedəcək, müharibə olarsa, “yüzminlərlə” Rusiya əsgərinə ev sahibliyi edəcək.
Lukaşenka Belarusa birinci hücum olarsa, müharibə edəcəyini vurğulayıb. “İkincisi, Belarus, müttəfiqimiz Rusiyaya birbaşa hücum olacağı halda müharibəyə qatıla bilər”, – o deyib.
Rusiya Belarusun əsas siyasi və maliyyə dəstəkçisidir.

Lukaşenka Belarus vətəndaşlarını başqa bir ölkəyə qarşı müharibəyə göndərməyəcəyini sözlərinə əlavə edib.
Azadlıq radiosu
Tarix: 29-01-2022, 14:40
Xəbəri paylaş





Xəbər lenti