Prezident administrasiyasında "QRU" ilə bağlı prezidentə çatmalı sənədlər məhv edildi...

Prezident administrasiyasında 
Çexiyada 2014-cü ildə Vrbetitsa partlayışları ilə bağlı prezident Miloş Zeman üçün nəzərdə tutulmuş hesabatın Prezident administrasiyası tərəfindən məhv edilməsi ilə bağlı qalmaqal yaranıb.

Moderator.az-ın Rusiyanın Ruposters.ru nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, sənəddə  "QRU"-nun (Rusiya ordusunda baş kəşfiyyat idarəsi)  kəşfiyyatçılarının hadisədə əli olduğu iddia edilən məlumatlar var idi.
 
Praqa radiosunun məlumatına görə, hesabatın yoxa çıxması dövlət başçısının kabinetində məxfi məlumatların necə idarə olunması ilə bağlı aparılan yoxlama zamanı məlum olub. Mütəxəssislər kağızda kənar şəxslərin barmaq izlərinin və ya DNT-nin olub-olmadığını öyrənmək istəsələr də,  belə bir iz tapmayıblar. Sonradan məlum olduğu kimi, Zemanın tabeliyində olanlar guya təsadüfən bu sənədlər də daxil olmaqla bir sıra sənədləri məhv ediblər.

Nəşr aydınlaşdırır: Təhlükəsizlik və İnformasiya Xidmətinin məlumatı o qədər məxfi idi ki, onunla yalnız prezident şəxsən tanış ola bilirdi, ofis əməkdaşlarının heç birinin onun məzmunu ilə tanış olmaq hüququ yox idi. İndi məxfi xidmətlər sənədləri kimin, necə və niyə məhv etdiyini araşdırır.
 
Çexiya 2014-cü il oktyabrın 16-da və dekabrın 3-də Vrbetitsa kəndindəki silah anbarlarında baş vermiş partlayışlarda Moskvanı əli olduğunu hesab edir. Hadisə nəticəsində 2 nəfər ölüb və ərazinin təmizlənməsinə 1 milyard krondan çox pul xərclənib.
 
Bundan sonra Praqa Rusiya səfirliyinin 18 əməkdaşını "xüsusi xidmət orqanlarının əməkdaşları" adlandıraraq ölkədən çıxarıb. Rusiya tərəfi bütün ittihamları rədd edib və adekvat tədbirlərlə cavab verib. Bundan əlavə, Rusiya hökuməti Çexiya və ABŞ-ın da daxil olduğu “dost olmayan ölkələr” siyahısını təsdiqləyib. Bu qərar nəticəsində Çexiyanın Moskvadakı səfirliyinə əcnəbi vətəndaşların işə qəbulu qadağan edilib.

 
Sultan Laçın

Tarix: 31-01-2022, 09:17
Xəbəri paylaş





Xəbər lenti