Vəziyyət gərginləşir... - Moskva və Vaşinqton bir-birini nüvə sualtı qayıqlarla qorxudur...

Vəziyyət gərginləşir... - Moskva və Vaşinqton bir-birini nüvə sualtı qayıqlarla qorxudur...
Amerikanın Defence News portalı Pentaqondakı mənbəyə istinadən xəbər verir ki, təlimlər çərçivəsində Rusiyanın nüvə sualtı qayıqları Atlantik okeanınaABŞ sahillərinə göndərilib. Buna cavab olaraq bir qrup konqresmen ABŞ prezidentindən Amerika sualtı qayıqlarını Aralıq dənizinə, eləcə də Uzaq Şərqə, Rusiya sahillərinə və Şimal okeanına göndərməyi tələb ediblər.
 
Moderator.az bildirir ki, qazeta.ru bu fəallığın səbəblərini araşdırmağa çalışıb.
 
“Rusiya ABŞ-ın şərq sahillərinə bir qrup sualtı qayıq göndərib. Formal olaraq bu, müntəzəm təlim manevrlərinin bir hissəsi kimi həyata keçirilir. Eyni zamanda, yüksək rütbəli məlumatlı mənbənin verdiyi xəbərə görə, Pentaqon sualtı qayıqların sayının adətən patrul təlimlərində iştirak edənlərin sayından çox olduğunu bildirib. Bu sualtı qayıqlar nüvə başlıqlarına malik ballistik raketlərlə təchiz edilib”, deyə “Defence News” yazır.
 
Portalın yazdığına görə, Amerika sualtı qayıqlarının Rusiya dəniz sərhədlərinə, eləcə də Aralıq dənizinə yaxın göndərilməsini tələb edən ABŞ konqresmenlərinin birgə qrupunun müraciəti bununla bağlıdır.
 
“Rusiya nüvə sualtı qayıqları okeanların müxtəlif yerlərində, o cümlədən ABŞ sahillərində və artıq sirr deyil ki, Meksika körfəzində də daim döyüş növbəsindədir. Borey və Yasen nüvə layihələrinin yeni sualtı qayıqlarının istismara verilməsi ilə əlaqədar indi Hərbi Dəniz Qüvvələrinin belə imkanları var. Qayıqlar limanda dayana bilməz - hər birində iki növbəli ekipaj var və uzun səfərlərin müddəti altı aya qədər davam edə bilər. Belə bir nüans da var - bir qayda olaraq, sualtı qayıqlar cüt-cüt döyüş növbəsinə çıxır, strateji nüvə raket daşıyıcısını çoxməqsədli qayıq müşayiət edir və bu, artıq zərbə qrupudur”, - deyə hərbi ekspert, 1-ci dərəcəli ehtiyat kapitanı Vasili Dandıkin qazeta.ru-ya bildirib.
 
Hərbi-dəniz hüququ üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun elmi işçisi Maksim Aleşin hesab edir ki, bu halda Amerikanın reaksiyası “Moskvada narahatlıq doğurmayacaq”. “Fakt budur ki, Amerika sualtı qayıqlarının ənənəvi olaraq Şərq yarımkürəsində - həm Şimal okeanında, həm də Sakit okeanda mövcudluğu çox sıx şəkildədir. Biz buna öyrəşmişik, onları izləyirik. Rusiya, öz növbəsində, son illər çox təmkinli olub. Bizim sualtı qayıqlarımızın Atlantik okeanında növbə çəkməsi nisbətən nadir hal idi. Buna görə də, bizim tərəfimizdən hər hansı bir artan fəaliyyət amerikalılarda ağrılı reaksiyaya və hətta çaxnaşma hissinə səbəb olur. Bu, onlara SSRİ-nin mövcud olduğu dövrləri xatırladır”,deyə Aleşin qazeta.ru-nun müxbiri ilə söhbətində bildirib.
 
Qara Dəniz Donanmasının keçmiş komandanı, admiral Vladimir Komoyedov da bu fikirlə razılaşır. “Sovet sualtı qüvvələri ən qüdrətli vaxtlarında dünya okeanlarının 70%-nə nəzarət edirdi. Təbii ki, belə səmərəli nəzarətin həyata keçirilməsi üçün əsas şərtlərdən biri gəmilərin və ekipajların dənizə sistemli şəkildə gəlməsi idi. Ona görə də Rusiyanın döyüş sualtı donanmasının istifadəsinin əməliyyat tempinin hazırkı artımı çox müsbət siqnaldır. Rusiya haqlı olaraq öz strateji nüvə triadasının bərpasını bəyan edə bilər. Təxminən 30 ildir ki, amerikalılar dənizin dərinliklərində hökmranlıq edirdilər, lakin artıq o dövr geridə qalır”,deyə admiral Komoyedov bildirib.
 
Bununla bağlı admiral qeyd edib ki, “nüvə çəkindirmə qüvvələrinin sualtı komponentdən istifadəsi strateji hərbi planlaşdırmada ən tutarlı arqumentdir”.
 
Maksim Aleşin öz növbəsində bildirib ki, Rusiyanın nüvə sualtı qayıqlarının indiki mümkün manevrləri həm də ötən ilin sonunda sualtı qayıqdan həyata keçirilən “Sirkon” hipersəs raketinin sınaqları ilə bağlı nümayişkaranə xarakter daşıyır.
 
“Bu raket hələ istifadəyə verilməyib, lakin bu, bir-iki ilin məsələsidir. Amerikalılara göstərilir ki, “Sirkon”la təchiz edilmiş sualtı qayıqlar zamanla ABŞ sahillərində müntəzəm olaraq mövcud ola bilər. Nəzərinizə çatdırım ki, “Sirkon”un xüsusiyyətləri onun indiki mərhələdə vurulmasına imkan vermir. Bu gəmi əleyhinə raketdir, lakin ondan həm də yer hədəflərində istifadə oluna bilər. Onu nüvə başlığı ilə təchiz etməyə heç nə mane olmur. Nyu-York yaxınlığında Sirkonlu sualtı qayıq ABŞ üçün qorxulu yuxudur. Prinsip etibarilə Rusiyanın nüvə sualtı qayıqları orada daimi ola və rotasiya prinsipinə görə bir-birini əvəz edə bilər”, - deyə Aleşin bildirib.
 
Ekspertin fikrincə, Rusiya bu yolla hədə-qorxu gəlmir, əksinə, ABŞ-ı “kimin, harada və necə iştirak edə biləcəyi ilə bağlı təsir zonaları məsələlərini ətraflı müzakirə etməyə” dəvət edir. “Bu, “qırmızı xətlər”lə bağlı, lakin sualtı vasitələr yolu ilə müzakirənin davamıdır. Amerikalılara deyirik ki, əgər Ukrayna NATO-ya üzv olsa, o zaman bizim nüvə sualtı qayıqlarımız həmişə sizin sahillərinizdə olacaq. Qoy bu barədə düşünsünlər”, - deyə ekspert yekunlaşdırıb.
 
Tərcümə və təqdim etdi: Miraslan
Tarix: 31-01-2022, 14:28
Xəbəri paylaş





Xəbər lenti