“Təsəvvür edək ki, Ukrayna NATO üzvü oldu. Və Krımda əməliyyata başladı...”



Rusiyanın təqdim etdiyi təhlükəsizlik təminatı tələblərinə ABŞ-dan verilən cavab onu göstərir ki, Amerika tərəfi Rusiyanın prinsipial narahatlıqlarına məhəl qoymayıb. virtualaz.org xəbər verir ki, bu haqda prezident Vladimir Putin  ötən gün Macarıstan baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında danışıb.
Putin deyib ki, Moskva ABŞ və NATO-dan yanvarın 26-da alınmış cavab mətnlərini diqqətlə analiz edir. “Biz orada üç əsas tələbimizə dair adekvat cavab görmədik”,-Rusiya prezidenti bildirib.
Putin həmin üç əsas tələbin NATO-nun genişlənməsinin yolverilməzliyi, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərinin yerləşdirilməməsi, habelə NATO-nun Avropada 1997-ci il hərbi infrastrukturuna geri qaytması olduğunu xatırladıb. O deyib ki, SSRİ-nin dağılmasından sonra alyansda öz hərbi infrastrukturunu şərqə doğru irəlilətməyəcəklərini vəd etmişdilər, amma bu vədə əməl olunmayıb və indi Baltik ölkələri, Polşa və Rumıniya NATO üzvüdür.

Rusiya prezidenti diqqəti buna yönəldib ki, alyansın sənədlərində heç yerdə “açıq qapı” siyasəti barədə danışılmır. Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması Rusiya üçün birbaşa təhdid yaradar.
“Ukraynanın özünün doktrina sənədlərində yazılıb ki, onlar Krımı qaytarmağa hazırlaşırlar, o cümlədən hərbi yolla. Onlar bunu təkcə publikaya demirlər, sənədlərində yazıblar. Təsəvvür edək ki, Ukrayna NATO üzvü oldu, silahlarla dolduruldu, orada Polşa və Rumıniyada olduğu kimi zərbə sistemləri dayanıb-kim buna mane olacaq? Və Krımda əməliyyata başlayırlar, indi mən hətta Donbass barədə danışmıram”,-Putin bildirib.
 Rusiya prezidenti əlavə edib ki, belə ssenarinin nəyə gətirib çıxaracağı barədə düşünmək lazımdır. Onun sözlərinə görə, Moskva situasiyanın eskalasiyasından qaçmağa çalışır, amma bunun üçün bütün maraqlı tərəflərin-Rusiyanın, həm Avropa İttifqının və Ukraynanın təhlükəsizliyinin təmin olunmasını nəzərə almaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl Putin və Rusiyanın hərbi rəhbərliyi təhlükəsizlik təminatı tələblərinin yerinə yetirilməyəcəyi halda Moskvanın “adekvat cavab tədbirləri görəcəyi” haqda xəbərdarlıq ediblər. Analitiklərə görə, həmin tələblərin yerinə yetirilməməsindən Moskva Ukraynaya qarşı hücumu legitimləşdirmək üçün istifadə edə bilər.
Rusiya prezidenti  onu da vurğulayıb ki, Ukrayna ABŞ-ın təhlükəsizlikdən daha çox Rusiyanı cilovlamaq, Moskvanı silahlı münaqişəyə cəlb edərək məqsədlərinə çatmaq üçün bir alətdir.
"Bizə deyirlər ki, bəli, hər bir ölkənin öz təhlükəsizlik sistemini seçmək hüququ var. Biz bununla razıyıq. Amma mənə elə gəlir ki, həmin ABŞ Ukraynanın təhlükəsizliyinə o qədər də əhəmiyyət vermir - baxmayaraq ki, bəlkə də, onlar bu barədə düşünür, amma hardasa bəzən ikinci planda. Onların əsas vəzifəsi Rusiyanın inkişafını cilovlamaqdır. Məsələ budur. Bu mənada Ukraynanın özü bu məqsədə çatmaq üçün sadəcə bir alətdir. Bu, müxtəlif yollarla edilə bilər. Bizi hansısa silahlı münaqişəyə çəkməklə... Avropadakı müttəfiqlərini bizə qarşı ABŞ-da danışılan çox sərt sanksiyaları tətbiq etməyə məcbur etməklə... Ya da Ukraynanı NATO-ya daxil edib, orada zərbə silah sistemləri qurub hansısa benderçiləri Donbas və ya Krım məsələsini silah gücü ilə həll etməyə ilhamlandırmaqla... Bu halda yenə də bizi silahlı münaqişəyə sürükləyirlər", - deyə Rusiya prezidenti vurğulayıb.
Tarix: 2-02-2022, 10:42
Xəbəri paylaş





Xəbər lenti