İrəvandan ilk səfər: Ermənilər Türkiyəyə niyə gedirlər?


İrəvandan ilk səfər: Ermənilər Türkiyəyə niyə gedirlər?
Xəbər verdiyimiz kimi, bu gün Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra birbaşa uçuşlar bərpa edilib.
 
Modern.az-ın məlumatına görə, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “FlyOne Armenia” aviadaşıyıcısı həyata keçirib.
 
Ermənistandan Türkiyəyə kimlər və nə üçün gedirlər?
 
Göyərtəsində 65 sərnişin olan "Airbus A320" təyyarəsi yerli vaxtla saat 18:00-da "Zvartnots" Beynəlxalq Hava Limanından İstanbula uçub. Gediş zalında eyni zamanda tematik sərgi açılıb - “İstanbulun gözü” ləqəbli məşhur fotoqraf Ara Gülərin ekspozisiyaları toplanıb.
 
Uçuşa hazırlaşan bəzi sərnişinlər kameralardan yayınıb, danışmaq istəməyiblər. Digərləri isə hesab edir ki, uçuş marşrutu onların şəxsi işidir və heç kimə hesabat vermək məcburiyyətində deyillər.
 
Səfərlə bağlı təəssüratlarını bölüşən sərnişinlər arasında Türkiyə ermənisi Mkrtiç Sertimşek də olub. Jurnalistlərlə söhbətində o, usta kimi fəaliyyət göstərdiyini, erməni kilsələrinin bərpası ilə məşğul olduğunu bildirib.
 
"Mən Türkiyə vətəndaşıyam. İldə dörd dəfə Ermənistana gəlirəm. Kilsələrin bərpası üzərində işləyirəm, ona görə də buradayam. İrəvanla İstanbul arasında uçuşlar olmayanda tranzitlə Gürcüstan və ya Ukrayna üzərindən uçmalı olurduq ", - o deyib.
 
Sertimşek Ermənistana ilk gəldiyi 2001-ci ildən bəri vətəninə 56-cı səfəri olduğunu bildirib. 
 
Ermənistanla Türkiyə arasında birbaşa aviareysin açılmasını İrəvandan olan evli cütlük də müsbət qiymətləndirib. Andranik həyat yoldaşı ilə birlikdə Türkiyəyə biznes qurmağa getdiyini deyib. 
 
Digər Ermənistan vətəndaşı Seda Naasyan 12 ildir türk ailəsində dayə işləyir. Qadın türk dilini öyrənib və ilin çox hissəsini İstanbulda keçirir. Birbaşa uçuşların açılması ona xərcləri və səyahət vaxtını azaltmağa imkan verir.
 
Qeyd edək ki, İrəvandan İstanbula uçuş 2 saat 5 dəqiqə davam edir.

Tarix: 2-02-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti