“Rusiya Ukraynaya hücum edəcək, axıra qədər vuruşmaq lazımdır” - Poroşenko


“Rusiya Ukraynaya hücum edəcək, axıra qədər vuruşmaq lazımdır” - PoroşenkoKreml, Moskva, Rusiya

Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyinə hələ də aydınlıq gəlməyib. ABŞ prezidenti Co Bayden fevralda Kremlin həmləsini proqnozlaşdırıb.

Yaponiya mətbuatı yazır ki, Moskva Pekinin Qış Olimpiya Oyunlarını yola verməsini gözləyəcək. Ukraynanın keçmiş prezidenti Petr Poroşenko isə Rusiyanın hər an hücum edə biləcəyini deyir. Bizimyol.info xəbər verir ki, İtaliya mətbuatına müsahibədə maraqlı məqamlara toxunulub. Poroşenko xələfi Vladimir Zelenskinin müharibəyə hazır olmadığını bildirib.
Petro Poroşenko Petr Poroşenko
“Rusiya ilə problem hibrid müharibədir. Mən bununla hələ prezident olmazdan əvvəl tanış idim. Bu, özündə işğal üçün həmləni, kiberhücumu, saxta xəbərlər üzərindən manipulyasiyanı birləşdirən kompleks müharibədir. Bir də Ukraynada yaxşı maliyyələşdirilmiş beşinci kolonu nəzərə almaq lazımdır”.
Poroşenko hesab edir ki, Rusiyanın hücumunu həmişə gözləmək lazımdır. Onun fikrincə, Belarus hadisələrindən sonra Vladimir Putin bir az da güclənib. Elə Belarusla sərhədi də Rusiyanın qonşuluğu amili kimi qiymətləndirmək gərəkdir.
“Biz üç tərəfdən mühasirəyə alınmışıq. Son aylar Rusiya ordusunu yaxşı müşahidə etmişik. Müasir C-400 əldə ediblər, yüksəksəviyyəli tankları, aviasiyası, “İsgəndər” ballestik raket kompleksi var. Əvvəllər bütün bunlar gözə dəymirdi. Deyirlər ki, 130 min nəfərlik qoşun Ukraynaya hücum üçün azdır. Rusiya son 6 ildə tikdiyi yeni dəmiryolları sayəsində bir neçə saat ərzində bizimlə sərhədə yüzminlərlə əsgər gətirə bilər. İnanın, təhlükəli vəziyyət yaranıb”.
Poroşenko deyir ki, Putin rusca danışılan hər yeri Rusiyanın ərazisi sayır. Ola bilər, beş il əvvəl Kiyevi ələ keçirməyi düşünmürdü. Amma indi Putinin fikri dəyişə bilər. “Əslində, Putinin hücum üçün heç bir əsası yoxdur. Çünki ərazi mübahisəsindən söhbət gedə bilməz. İndi işğal olunmuş Donbass dəstəyi olmayan çemodana oxşayır. Daşımaq olmur. Həyat səviyyəsi aşağı düşür, sənaye dağılır. Bu, Putin üçün faciədir. O, qanunu pozaraq hamıya Rusiya pasportu verdi. Putindən baş açmaq olmur. Özünü tanrı sayır”.
Poroşenko Putini yaxşı tandığını dilə gətirib. Birlikdə xeyli söhbətləri olub, Ukraynanın keçmiş prezidenti Kremlin rəhbərinin həmişə vəziyyətdən özünə sərfəli şəkildə istifadə etdiyini deyir.
“Gürcüstanı, Ukraynanı işğal edir, heç bir reaksiya yoxdur. Mənimlə Minsk razılaşması imzalamışdı, sonra da rahatca iqnor etdi. Putin başa düşdü ki, şantaj işə yaramır. Merkel getdi, Fransada seçkilərdir, İtaliya özünə yeni dövlət rəhbəri seçir, Avstriyanın kansleri istefaya gedib. Ətrafda yalnız zəiflərdir. Təkcə ABŞ və Böyük Britaniya indi sərt cavab vermək istəyir”.
Poroşenko əmindir ki, Putinə Ukrayna lazım deyil, amma yenə də hücum edəcək. Keçmiş prezident çıxış yolunun Kremli sanksiyalarla zəiflətməkdə görür. Poroşenko “Putindən qorxdunsa, uduzdun” ifadəsini işlədib. Onun fikrincə, hücum olsa, axıra qədər vuruşmaq lazımdır.
Tarix: 2-02-2022, 21:44
Xəbəri paylaş





Xəbər lenti