Toğrul İsmayıl: “Amerikalılar tərəfindən bütün açıqlamalar ”müharibə olacaq" üzərində qurulub"



Birləşmiş Ştatlar Ordusunun 82-ci Hava Desant Diviziyasından briqada Varşavadadır, amerikalı rəsmilərin fikrincə, Kiyev 72 saat ərzində tutula bilər, Ukrayna hərbçiləri arasında 5-25 min, Rusiya hərbçiləri arasında 3-10 min itki ola bilər
Rusiyanın Ukraynanı işğal edəcəyinə dair narahatlıqlar fonunda, NATO-nun Şərqi Avropadakı müttəfiqlərini gücləndirmək üçün göndərilən ilk Amerika qoşunları Polşaya çatıb. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda ölkənin Müdafiə Nazirliyi açıqlayıb. Birləmiş Ştatlar Ordusunun 82-ci Hava Desant Diviziyasından briqada döyüş qrupunun ilk elementləri Polşadadır. ABŞ prezidenti Co Bayden 1700 əsgərin göndərilməsinə göstəriş vermişdi. 2017-ci ildən bəri isə Polşada rotasiya əsasında təxminən 4000 ABŞ əsgəri yerləşdirilib.
Bayden həmçinin Rumıniya və Almaniyaya qoşun göndərilməsinə göstəriş verib və bununla da əlavə qoşun sayı təxminən 3000-ə çatıb. NATO müdafiə nazirlərinin 6-17 fevral tarixlərində keçiriləcək növbəti iclaslarında əlavə qoşun göndərməyi müzakirə edəcəkləri gözlənilir. Müharibənin bu ay başlayacağı haqda proqnozlar var. Belarus prezidenti Lukaşenko isə deyib ki, müharibə başlasa Belarus Rusiya tərəfdən vuruşacaq. Bəs bu gərginlik nə vaxta kimi davam edəcək? Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri, Zelenski ilə görüşü buzları əridə biləcəkmi? Rusiya işğala hazırlaşdığını qəti şəkildə inkar edir. Eyni zamanda Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin dəfələrlə Rusiyanın Donbasda Ukraynanın mümkün hücumuna güclə cavab verəcəyinə işarə ediblər.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan fevralın 6-da “Fox News”a verdiyi müsahibəsində bildirib ki, Rusiya Ukraynanı günlər və ya həftələr ərzində işğal edə bilər. “Biz pəncərənin qarşısındayıq. İstənilən gün Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya bilər, ya da bu, bir neçə həftə ərzində baş verə bilər, ya da bunun əvəzinə Rusiya diplomatik yolu seçə bilər”, - deyə Sullivan qeyd edib.
“Reuters”in istinad etdiyi ekspertlərin fikrincə, fevralın 15-nə doğru ağır hərbi texnikanın yoldan kənarda hərəkət edə bilməsi üçün yer kifayət qədər donmuş olacaq - bu, işğalı asanlaşdıran şərtlərdən biri adlanır. Hava şəraiti baxımından təhlükə martın sonuna kimi davam edəcək. Nəşrlər, həm də ABŞ rəsmilərinə istinad edərək - genişmiqyaslı işğal halında mümkün itkilər barədə təxminləri yazıblar. Bu hesablamalara görə, Ukrayna hərbçiləri arasında itkilər 5-25 min arası, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min ola bilər. Bundan əlavə, işğalın Avropa İttifaqı ölkələrində 5 milyona qədər insanın qaçqın düşməsinə səbəb ola biləcəyi iddia edilir.
Bunda başqa yazılarda mümkün hərbi kampaniyanın gedişatının qiymətləndirilməsindən də bəhs edilir. İddia olunur ki, rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola bilər, lakin bu şəhərin ələ keçirilməsi çoxsaylı itkilərlə müşayiət olunacaq. “Fox News” Birləşmiş Komandanlar Komitəsinin sədri Mark Millinin konqresmenlər qarşısında bu yaxınlarda etdiyi şəxsi çıxışı ilə tanış olan Konqresdəki mənbələrə istinadən - iddia edir ki, Kiyev 72 saat ərzində tutula bilər. “Ukraynaya hücum Rusiyaya çox baha başa gələcək”. Almaniya kansleri Olaf Şolts deyib. Şoltsun sözlərinə görə, Almaniya NATO-nun Avropadakı ən böyük tərəfdaşlarından biridir, ABŞ və alyansın müttəfiqləri ilə Rusiyanın Ukraynaya təhdidinə necə cavab veriləcəyi üzərində işləyir: “Bizim sərt cavabımız odur ki, ruslar müdaxilə etsələr, bu, çox baha başa gələcək. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün çox çalışırıq”. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə son yazılanları dəlilik və təşviş adlandırıb. Lakin bu bəyanatlar, iddialar gerçək ola bilərmi, yoxsa Qərb cəbhəsi manipulyasiya edir?

Toğrul İsmayıl: “Amerikalılar tərəfindən bütün açıqlamalar ”müharibə olacaq" üzərində qurulub"
Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, amerikalılar tərəfindən bütün açıqlamalar “müharibə olacaq” üzərində qurulub. Onun fikrincə, bunun yeganə səbəbi rus hərbi güclərinin Ukrayna sərhədinə toplanmasıdır: “Sadəcə, Pekində olan olimpiada bu məsələləri təxirə salıb. Çin Rusiyadan xahiş etmişdi ki, olimpiada zamanı hər hansı problem olmasın. Amma belə bir hərəkət olarsa, Rusiya üçün fəlakət yaşana bilər. Əvvəla, BMT konvensiyasına görə, bir ölkənin başqa ölkəyə hücumu yolverilməzdir və belə olan halda Rusiya tək qala bilər. Üstəlik, Rusiya Çindən belə istədiyi dəstəyi ala bilmədi”.
T.İsmayıl hesab edir ki, ona görə də Moskva təkləndiyini hiss edə bilər: “NATO və ABŞ bölgədə əsgəri gücünü artırır. Rusiya  təkbaşına öhdəsindən gələ bilməz. Mənim fikrimcə, Rusiyanın hücumu ehtimalı azdır, amma istisna da deyil. Bu istisna da rus hərbi texnikasının sərhədə cəmlənməsinə görədir. Ancaq bunun bədəli ağır olacaq deyə Rusiyanın müharibə edəcəyini minimum ehtimal sayıram. Bundan başqa, Rusiyanın NATO-nun şərqə doğru genişlənməmək tələbləri gecikib”.
Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Amerika rəsmiləri verdiyi bəyanatlarla müharibə ab-havası yaradır, gərginliyi artırır, Ukraynanı silahlandırırlar: “Məqsəd Rusiyanı savaşa sürükləməkdir. ABŞ çalışır ki, Ukraynanı silahlandırıb Luqansk və Donetskdə əməliyyatlar başlasın, Rusiya da prosesə müdaxilə etsin, nəticədə iki slavyan ölkəsi toqquşsun. Moskva öz konsepsiyasını çoxdan irəli sürüb və NATO-nun şərqə doğru genişlənməsinə qarşıdır. Amma ABŞ və alyans razılaşmır, fəaliyyətini davam etdirir. Təbii ki, bu halda gərginlik qalacaq”. Ekspert müharibə ehtimalının yüksək olması proqnozlarının yalnız ABŞ siyasətçilərindən gəldiyini hesab edir: “Bu gərginlik fonunda da Rusiyaya təzyiq göstərirlər. Ola bilsin ki, Ağ Ev rəsmiləri kəşfiyyat məlumatlarına istinad edirlər, amma dezinformasiya da ola bilər. Misal üçün, Amerika İraqa girəndə bəyan etmişdi ki, bu ərəb ölkəsində nüvə var. Sonra etiraf etdilər ki, yanlış informasiya olub. Deməli, səhv məlumat əsasında bir ölkə işğal edilib. İndi də dezinformasiya ilə təzyiqləri gücləndirməyə çalışırlar, guya Rusiya Ukraynaya hücum etməyə hazırlaşır”. 

Tarix: 8-02-2022, 10:00
Xəbəri paylaş





Xəbər lenti