Reznikov: “Növbəti səfərbərlik üçün sərhədlər bağlanacaq, bir həftə vaxtınız var”


Reznikov: “Növbəti səfərbərlik üçün sərhədlər bağlanacaq, bir həftə vaxtınız var”Rusiyada səfərbərlik

"Rusiya hakimiyyəti özlərini, mövqelərini, sərvətlərini qorumaq istəyirlər. Bunun üçün orduya daha çox insan cəlb etməyi düşünürlər. Yəni yeni səfərbərlik dalğası hazırlanır".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov yeni il ərəfəsində ruslara videomüraciətində bildirib.
“Yeni il ərəfəsində mən Rusiya vətəndaşlarına müraciət edirəm ki, hərbi xidmətdən qaçmalıdırlar. Bu, ilk növbədə, Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Mən dəqiq bilirəm ki, hələ bir həftəyə yaxın vaxtınız qalıb, ən azı seçiminiz var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Sərhədlər Belarusa da bağlı olacaq”, - deyə Reznikov bildirib.

"Bu gün ruslar bayram süfrəsinə nə qoyacaqlarını düşünürlər, lakin yaxın vaxtlarda siz qapınız döyüldüyünü eşidəcəksiniz - gələn hərbi komissarlıqların çağırışçıları olacaq", - deyə o qeyd edib.
Reznikov deyir ki, ruslar onun sözünə inanmaya bilərlər, lakin onlar özlərinə bir sual versinlər və ona vicdanla cavab versinlər: "Ölə və ya ömrünüzün sonuna qədər şikəst qala biləcəyiniz müharibəyə getdiyiniz zaman tam olaraq nə üçün, kimin üçün döyüşəcəksiniz?. Axı biz sizin sərhədlər daxilində deyilik. Siz hakimiyyət düşkünü bir insanın məntiqsiz iddiaları uğdunda ölməyə hazırlaşırsınız?"
Ukraynanın müdafiə naziri Rusiya rəhbərliyinin müharibənin əvvəlində danışdıqları qondarma “plan”ın iflasa uğramasından danışıb. Nazir deyib ki, müharibə rus ordusunda artıq 100 mindən çox insanın həyatını itirməsi ilə nəticələnib və bu itkiləri kompensasiya etmək üçün bir səfərbərlik dalğası həyata keçirilib, baxmayaraq ki, yayda bunun olacağını qəti şəkildə inkar etdilər və insanları aldatdılar. Onun sözlərinə görə, zonalarda bu “plan”a görə on minlərlə məhbus şəxs hərbi şirkətə keçirilərək döyüşlərə cəlb olunub.
“Bu şirkətin sahibinə adi rus hərbçilərinin ayağını silmək belə yaraşmır. Lakin o insanları müharibəyə göndərərək qırdırır və buna görə, heç təəssüflənmir də. Baxmayaraq ki, adi insanlar orduya “hörmətsizliyə” görə həbsxanaya atılır”, - Reznikov bildirib.
O, vurğulayıb ki, bu şirkətin “plan”ına əsasən, ruslar yarım ildir ki, Ukraynanın kiçik Baxmut şəhərinə uğursuz şəkildə hücum edir, ora on minlərlə əsgər yerləşdiriblər. O, rusların "məlubedilməz" saydıqları şirkət hərbçilərinin Xarkov vilayətindən, Kiyev yaxınlığından, Çerniqov vilayətindən, Sumı vilayətindən və Xersondan necə qaçmasından danışıb.
Nazir bildirib ki, Putinin “plan”ı onunla nəticələndi ki, İsveç və Finlandiya NATO-ya daxil olmalarını başa çatdırır, baxmayaraq ki, düz bir il əvvəl bu ölkələrdə insanlar NATO haqqında heç düşünmürdülər, bitərəf qalmaq istəyirdilər.
Reznikov vurğulayıb ki, Kremldə və bunkerlərdə oturanlar etiraf etməlidirlər ki, onların planı iflasa uğrayıb, uduzublar və uğursuzluğa düçar olduğu üçün Rusiya dünyadakı nüfuzunu itirib: “Rusiya pasportu olan insanlara indi təkcə Avropada deyil, Qafqazda və Orta Asiyada da xor baxırlar. Rusiya rəhbərliyi çoxdan başa düşüb ki, Ukraynaya qarşı müharibə ideyası onlar üçün fəlakətə çevrilib və “bu müharibəni mümkün qədər tez bitirmək Rusiyanın maraqlarına uyğundur”, - deyə o qeyd edib.
"Qanlı qırğını törədənlər, dəhşətli hərbi cinayətlər törətmiş insanlar indi sizə deyirlər ki, siz toplaşaraq Rusiyanı qorumalısınız, çünki ətrafda düşmənlər var. Sizi bununla qorxudurlar ki, məğlub olanda guya bütün ruslara qarşı repressiyalar törədəcəklər, həddən artıq işləyib əldə etdiklərini əllərindən alacaqlar, tribunal təşkil edəcəklər və s. Bu yalandır. Yenə aldadılırsınız. Sizi ölümə sövq edənlərdən fərqli olaraq dünyada ədalətli qərarlar verən insanlar və təşkilatlar var", - Reznikov ruslara müraciətində dedi.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti özlərini, mövqelərini, sərvətlərini qorumaq istəyir. Ukraynanın müdafiə naziri bildirib ki, Rusiya hökuməti bir növ “B planı”nın, bir növ gizli silahın olduğunu, tezliklə qələbələrin yenidən başlayacağını deyə bilər, amma onların bütün planı mümkün qədər çox insanı öldürmək və vəziyyəti durğunluğa apararaq müharibəni uzatmaqdır.
Reznikov bildirib ki, müdafiə naziri kimi yox, hüquqşünas kimi deyir ki, Rusiyanın bütün vətəndaşları, təbii ki, dolayı yolla müharibənin əvəzini ödəyəcəklər. "Məhkəməyə yalnız hərbi cinayətkarlar çıxarılacaq", - Reznikov vurğulayıb.
Tarix: 31-12-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti