"İsrail Ukrayna ilə bağlı yeni, daha Rusiyayönümlü siyasət yeridəcək..."


"Rusiya və Ukrayna məsələsində biz az danışacağıq, istənilən halda humanitar yardım davam edəcək..."
"ABŞ-la strateji tərəfdaşlıq  münasibətləri İsrail üçün başlıca prioritet olaraq qalacaq..."
 
İsrailin yeni xarici işlər naziri Eli Koen özünün inauqurasiya nitqində Ukraynaya qarşı syasətin dəyişməsini elan edib və yeni hökumətin daha Rusiyayönümlü mövqe tutacağına eyham vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Walla" portalının hərbi-siyasi icmalçısı Barak Ravid məlumat yayıb.
 
Koen deyib ki, yanvarın 3-də Rusiya XİN rəhbəri Sergey Lavrovla telefonla danışacaq. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Lavrovun İsrailin xarici işlər naziri ilə ilk danışığı olacaq.
 
Koenin bu postda sələfi olan Yair Lapid daha aqressiv xətt yürüdüb (hərçənd, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı kimi heç də sərt mövqe sərgiləməyib). Bununla yanaşı, Lapid Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib və Rusiya ordusunun hərəkətlərini "hərbi cinayət" adlandırıb.
 
Müharibənin əvvəlindən Lapid Rusiayanın xarici işlər naziri Lavrovla danışmayıb, baş nazir vəzifəsinə başlayandan sonra isə Rusiya prezidenti ilə bir dəfə də danışmayıb.
 
Seçkilərdən öncə Lapid Ukrayna xarici işlər naziri Dmitri Kulebaya eyham vurub ki, növbəti hökuməti formalaşdıracağı təqdirdə Ukraynaya, o cümlədən hərbi yardımın artırılması imkanlarını nəzərdən keçirəcək.
 
Bugünkü çıxıçında Eli Koen eyham vurub ki, öz sələfindən fərqli olaraq, Rusiyanın hərbi təcavüzünü və cinayətlərini açıq şəkildə pisləmək niyyətində deyil. "Rusiya və Ukrayna məsələsində biz bir şeyi dəqiq edəcəyik-açıq şəkildə az danışacağıq", - o, deyib.
 
Koen əlavə edib ki, XİN "Ukrayna məsələsində "məsuliyyətli siyasət" formalaşdırmaq üçün nazirlər kabinetinə müfəssəl müraciət hazırlayacaq". "İstənilən halda Ukraynaya humanitar yardım davam edəcək", - o, bəyan edib.
 
Koen həmçinin BMT Baş Assambleyasının İsrailin Qərb sahilinin işğalı məsələsinin Haaqadakı Beynəlxalq məhkəməyə verilməsi qərarını şərh edib. O, qeyd edib ki, fələstinlilərin İsrailə beynəlxalq aləmdə zərər vurmaq cəhdləri "münaqişənin həllini" uzaqlaşdırır. Nazir əlavə edib ki, məhlkəmə qarşısında, onun sözlərinə görə, terrorçuları dəstəkləyən Fələstin rəhbərliyi dayanmalıdır.
 
"Beynəlxalq birlik Fələstin rəhbərliyinə aydın siqnal göndərməlidir. Bəsdir tədris müəssisələrində təhrikçi hərəkətlərə yol verməyiniz və yəhudilərin qatillərini maliyyələşdirməyiniz", - Koen deyib.
 
Nazirin sözlərinə görə, ABŞ-la strateji münasibətlər İsrail üçün başlıca prioritet olaraq qalacaq: "Bu, ilk növbədə ümumi dəyərlərə, həmçinin birgə maraqlara əsaslanan uzunmüddətli strateji tərəfdaşlıqdır", - o, deyib.
Tarix: 2-01-2023, 21:34
Xəbəri paylaş





Xəbər lenti