Rusiya və Qazaxıstan arasında yeni gərginlik yaranır

Moskva Qazaxıstan hökumətindən Ukraynanın Buça şəhərində qurulmuş “Yenilməzlik çadırı” ilə bağlı izahat tələb edib.
Paytaxt Kiyevin yaxınlığında Rusiya işğalı zamanı dinc sakinlərin qətli törədilmiş Buçada qurulmuş bu çadır ehtiyacı olan yerli sakinlərə yardım göstərir.
Mərkəzi Asiya köçərilərinin ənənəvi “yurt” alaçığı şəklində qurulmuş bu çadır Buçada bu həftənin əvvəllərində açılıb.
Burada Buça sakinlərinə milli qazax xörəkləri və çay verilir, habelə onların elektron cihazlarının batareyalarını doldurmaları üçün şərait yaradılır.
Buçadakı çadırın içərisi
Buçadakı çadırın içərisi
Buça Rusiya qüvvələrinin Ukrayna boyunca bombardmanları nəticəsində elektriksiz qalmış şəhərlərdən biridir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 10-da deyib ki, Moskvaya çadırla bağlı informasiyanın “saxta” olması barədə zəmanət verilsə də, Rusiya Qazaxıstan hökumətindən iki ölkə arasında starateji partnyorluq və müttəfiqliyə xələl gətirən bu məsələ barədə rəsmi izahat gözləyir.
İzahat olmayacaq, çadırların sayı artacaq
Yanvarın 11-də Astanada keçirilən brifinqdə AzadlıqRadiosu müxbirinin bu barədə sualına cavab verən Qazaxıstan xarici işlər naziri Aybek Smadiyarov deyib ki, “izahat veriləcək heç nə yoxdur”:
“Orda çadır qurulub. Yaxşı, nə problem olub? Çadır ordadır. Adamlara yardım göstərilir. Bu özəl Qazaxıstan şirkətlərinin təşəbbüsü ilə edilir. Bunu onlar təşkil ediblər, lazımı yükləri daşıyıblar və indi də kömək edirlər. Aydındır ki, Ukraynadakı vəziyyət mürəkkəbdir. Bəlkə də bəzilərinə çadır barədə informasiya əcaib görünüb. Lakin biz burda heç bir problem görmürük”.
Buça sakinləri ötən ilin yazında Rusiya işğal qüvvələri tərəfindən törədilən qəddarlıqla üzləşiblər.
Moskva Buçada və ətraf şəhərlərdə çoxsaylı hərbi cinayətlər törətməkdə ittiham olunur.
O vaxt Ukrayna qoşunları Buçanı işğaldan azad edə bilib.
Qazaxıstan biznesmenləri və Ukraynadakı qazax diasporası burada daha çox xeyriyyə çadırlarının qurulacağını bəyan edirlər.
Azadlıq radiosu
Tarix: 12-01-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti