Xaricdə çalışan Türkiyə inşaat şirkətləri üçün xoşagəlməz gəlişmə - Yoxlamalar başladı...


 

İqtisadçı ekspertlərə görə, qardaş ölkənin şirkətləri ciddi nüfuz itkisinə məruz qalmayacaq, çünki...

Türkiyədəki zəlzələnin fəsadları yəqin ki, hələ uzun müddət özünü göstərəcək. Söhbət həm də qardaş ölkənin inşaat sektoruna qarşı inamsızlığın yaranmasından gedir. Həm də deyəsən təkcə ölkə daxilində yox.
Belə ki, Rumıniyanın baş naziri Nikolae Çuke türk şirkətlərinin ölkədə tikdiyi bütün binaların yoxlanılması barədə göstəriş verib. “Mən onların Rumıniyada nəsə tikib-tikmədiklərini yoxlamağı və nəticədən asılı olaraq hər bir qurum səviyyəsində görülə biləcək tədbirləri müəyyənləşdirməyi tələb etdim”, - deyə baş nazir bildirib.
Məlumdur ki, Türkiyə tikinti şirkətləri bir sıra başqa ölkələrdə - Rusiyada, Azərbaycanda da yaşayış və qeyri-yaşayış binaları inşa edib və edirlər. O zaman zəlzələnin ağır nəticələri onların nüfuzuna zərbə vura, onlara edilən sifarişlər azala bilərmi?

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, zəlzələ nəticəsində bu qədər binanın dağılması, yerlə yeksan olması onları ucaldan şirkətlərin nüfuzuna müəyyən qədər təsir göstərəcək. O qeyd etdi ki, təsirin ciddi olacağı gözlənilmir: “Türkiyə şirkətlərinə olan inamın ciddi mənada azalacağını düşünmürəm. Nəhəng tikinti şirkətləri, sifarişçilər, bir sözlə, hər kəs bilir ki, binanın zəlzələyə davamlılığı tikinti şirkəti ilə yanaşı, nəzarətdən asılıdır, yəni bu, bir şirkətin deyil, şirkətə nəzarət edən qurumların səlahiyyətindədir.
Eyni şirkət dünyanın fərqli ölkələrində binalar tikir. Bir ölkədə problemlə yarana, digərində isə heç bir problem olmaya bilər. Korrupsiya olan yerdə işin keyfiyyəti də aşağı olur. Türkiyə şirkətləri dünyanın bir sıra ölkələrində uğurlu layihələr həyata keçirib, keyfiyyətli binalar tikiblər. Bu mənada onların nüfuzuna ciddi xələl gələcəyini düşünmürəm".
E.Əmirov əlavə etdi ki, Türkiyədə zəlzələ bölgəsi birbaşa türk şirkətlərinin hesabına dirçəldiləcək, dağılmış şəhərlər onların hesabına bərpa olunacaq: “Zəlzələyə davamlı binalar tikiləcək. Bu dəfə nəzarət mexanizmi, yanaşma tərzi fərqli olacaq. Yaxın 5 il ərzində uğurlu şəhərlər salınacaq”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Türkiyə tikinti şirkətlərinin nüfuzu kifayət qədər yüksəkdir, buna görə də bir çox ölkələrdə böyük layihələrin ərsəyə gəlməsində bu şirkətlərin rolu əhəmiyyətlidir: “Rusiyada, Azərbaycanda və digər ölkələrdə tanınmış, yoxlanmış şirkətlər iş görür. Türkiyədə zəlzələ nəticəsində dağılmış evlərə nəzər salsaq, onları kiçik, bələdiyyələrlə iş birliyində olan şirkətlər tikib. Türkiyə şirkətləri dünyanın 40-dan çox ölkəsində layihələr həyata keçirib. Bu baxımdan onların nüfuzuna hər hansı formada xələl gələcəyini düşünmürəm. Sadəcə, ola bilər ki, onların çalışdığı ölkələrdə qaydalar sərt şəkildə yoxlansın: tikintinin qəbulu, nəzarət daha da gücləndirilə bilər. Bu isə nüfuzlu şirkətlər üçün o qədər böyük problem deyil. Markanın adı üçün, gəliri qorumaq üçün, sifarişçilərini qorumaq baxımından tikintidə keyfiyyətə nəzarət etməyə məcburdurlar. Rəqabət böyükdür”.
Tarix: 18-02-2023, 12:43
Xəbəri paylaş





Xəbər lenti