“Səfərbərlik üsyan və qiyam yarada bilər” - Kremlə xəbərdarlıq


“İndi əvvəlki şərtlər daxilində minlərlə insanı səfərbərliyi sürükləmək ciddi qiyamlara, üsyanlara səbəb ola bilər. Bu, əvvəlki 300 min nəfərin səfərbər edilməsindən qat-qat aşağı effekt verəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Donbasdakı separatçılıq hərəkatının banilərindən biri, Rusiya FTX-sının polkovniki İqor Strelkov(Qirkin) Rusiya internet kanallarından birinə müsahibəsində deyib.
Məlum olduğu kimi, Rusiya rəhbərliyinin Ukraynadakı böyük itkilərin yerini doldurmaq üçün daha bir neçə yüz min vətəndaşı səfərbərliyə cəlb etməyi planlaşdırdığına dair məlumatlar yayılır. Qirkin bu addımın əks effekt verəcəyini bildirib: “Çünki bu 500 min nəfəri təmin etmək, silahlandırmaq üçün heç nə yoxdur. Müdafiə Nazirliyinin bu yarım milyon adamı sıraya düzmək, heç olmasa, yedizdirmək və geyindirmək üçün resursları yoxdur. Artıq rabitə, nəqliyyat, bütün növ silahlar və ümumi təminatla bağlı problemlər dillərdə əzbər olub. Əlbəttə ki, belə bir şəraitdə normal səfərbərlik keçirmək mümkün deyil. Müdafiə Nazirliyi indiki reallıqlar daxilində səfərbərlik keçirməklə, vəziyyəti daha da pisləşdirə bilər”.
Xatırladaq ki, fevralın 21-də Vladimir Putinin Federal Məclisə müraciəti gözlənilir. Onun yeni qərarları sırasında səfərbərlik və Ukraynaya rəsmən müharibə elan ediləcəyinə dair maddələrin olduğuna aid mülahizələr irəli sürülür. Ancaq bu müraciətin sıradan bir çıxış olacağını və ciddi dəyişikliklərin gözlənilmədiyini bildirənlər də az deyil.
Tarix: 18-02-2023, 18:13
Xəbəri paylaş





Xəbər lenti