Ölkədə hakimiyyətin siyasətinə xələl gətirən icra başçılarının yola salınması prosesi davam etməkdədir
İqtidar 2017-ci ilin çətin keçəcəyini nəzərə alaraq xalqı qıcıqlandıran və problemlərlə baş-başa qoyan rayon icra hakimiyyəti başçılarını istefaya göndərməyi planlaşdırıb.
Xızı və Neftçala rayonlarına yeni təyinatlar gözlənilir.Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər Aslanovdur. Yardımlını “fəth” etdikdən sonra Xızıda “fətir” yapan icra başçısının bərbad idarəçiliyi göz qabağındadır.
X.Aslanov faktiki olaraq rayonu başdı-başına buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının problemlərinin axırı necə olacaq. Əslində, Xızı Bakıdan cəmi 100 kilometr aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub.
Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb.
17 min əhalisi olan Xızı rayonunda aptek, yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı. Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Amma təkcə bu problemlərlə iş bitmir. Məsələn, su problemini qeyd etmək olar.
Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu 8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir.
Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünlərə tikilən başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır.
Neftçalanın icra başçısı İsmayıl Vəliyev də iqtidarın qara siyahısındadır.
Xızının icra başcısı Xəzər Aslanovun qardaşı, Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynı Rövşən Aslanovun dələduzluqda ittiham olunması hər iki məmurun reputasiyasını birdəfəlik edib.
Neftçalanın icra başçısı İsmayıl Vəliyev və Xızının icra başçısı Xəzər Aslanovun adı ciddi qalmaqala qarışıb. Həmin qalmaqal isə iş adamı Əbülfəz Əliyevin yarım milyon dollar pulunun mənimsənilməsi ilə bağlıdır.
Bundan başqa, prezident İlham Əliyev sonuncu dəfə Neftçalada 2014-cü ildə olub. Artıq iki ildən çoxdur ki dövlət başçısı bu rayona səfər etmir. Referendum ərəfəsində cənub və şimal zonalarına gedən ölkə başçısı Neftçalaya ayaq basmır.
Dövlət başçısı İsmayıl Vəliyevi bu rayona rəhbər vəzifəyə göndərərkən Neftçalanı inkişaf etdirməyi, abadlıq-quruculuq işləri həyata keçirməyi, əhalinin sosial problemlərinin həllindi ciddi dönüş etməyi tapşırıb.
Lakin dövlət rəhbərinin qərarı özünü doğrultmayıb. Rayonla qonşu bölgələrdə müəyyən qədər irəliləyiş olsa da, Neftçala geri qalıb. İ.Vəliyev prezidentin ayırdığı büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyib.
Eyni zamanda yol tikintisinə bir neçə dəfə ayrılmış vəsaitlər mənimsənilib və 2014-cü ildən sonra İ.Əliyev üçün Neftçala hələlik bitmiş mövzuya çevrilib.Bir fakta diqqət çəkir: iyunda Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri Fazil Məmmədova, elologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar.
Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib. İmtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib.
Məlumatda bildirilir ki, İsmayıl Vəliyev “Məkan” restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.
Başqa fakt: Neftçala rayonunda 27 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də ürək açan deyil.
Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Təmir və yenidənqurma işlərini “Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirib. Bu işdə də ciddi yeyintiyə yol verilib.
Başqa bir fakt Neftçala rayon sakini, sahibkar Həsənov Rafil Abasət oğlu mətbuata müraciət edərək Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin onun başına açıdığı “oyunlardan” bəhs edib. Sahibkarın sözlərinə görə, icra başçısı ona aid olan 500 hektar qış otlaq sahəsini zorla əlindən alır.
Buna səbəb isə İsmayıl Vəliyevin ondan kənd təsərrüfatı İdarəsinin müdiri Mustafa Əliyev vasitəsi ilə ikinci dəfə 40 min manat rüşvət istəməsi və sahibkarın başçının bu tələbinə rədd cavabı verməsidir.Şikayətçinin sözlərinə görə, Mustafa Əliyev ona bildirib ki, ya tələb olunan 40 min manatı verməliyəm, ya da torpaq sahəsi başqa bir iş adamına satılacaq.
Nia.az xəbər verir ki, mətbuatda gedən informasiyalara görə, hətta İsmayıl Vəliyevin Gülən şəbəkəsi ilə ortaq biznesi olduğu vurğulanır. Onun Fətullah Gülənin yaxın adamı kimi tanınan Türkiyənin məşhur iş adamı, zavodlar şəbəkəsinin rəhbəri Ramazan Kalyonçu ilə ortaq biznesi olduğu haqda informasiyalar var. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır.
Məlumata əsasən, icra başçısının biznes sturkturuna Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, vaxtilə FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu rəhbərlik edir. İ.Vəliyevin “Kalyonçu” şirkəti ilə əlaqələri də məhz qaynı vasitəsilə həyata keçirilir.
Belə ki, yaxın ətrafı Rövşən Aslanovun Türkiyədə geniş biznes sahibi olduğunu güman etsə də, əslində o, şirkətlər İsmayıl Vəliyevlə, Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur.
Belə iddialar var ki, R.Aslanovun bir missiyası da İ.Vəliyev və R.Kalyonçunun tapşırığı ilə “nurçu”lara aid dini kitabları şirkət vasitəsilə həm Azərbaycanda, həm də Rusiyada yaymaq olub. Bu dini kitablar Gəncədə və ətraf rayonlarda onun vaxtilə bir yerdə işlədiyi əlaltıları tərəfindən, Xızıda qardaşı, rayon icra başçısı Xəzər Aslanov, Neftçalada icra başçısı, qaynı və şəriki İsmayıl Vəliyev, Bakıda Binə Ticarət Mərkəzində şirkətin Azərbaycan nümayəndəsi Natiq, Rusiyada isə şirkətin nümayəndəsi Rahib adlı şəxslər tərəfindən yayılıb.
Qeyd edək ki, son zamanlar Neftçala rayonunda sahibkarların incidilməsi ilə bağlı vətəndaşların müraciətlərinin sayı artmaqdadır.Rayon sakinləri bildirir ki, İsmayıl Vəliyev neftçalalıların heç bir problemi ilə maraqlanmır. 5-ci günlər icra başçısının qəbul günləri olsa da, 5 ildən çoxdur rayona başçılıq edən başçı bu günə qədər heç bir sakini qəbul edib, şikayətini dinləməyib. Gördüyü bütün işləri yarımçıq qoyduğu üçün rayon sakinləri onu “Yarımçıq İsmayıl” adlandırır.
(nia.az)
Tarix: 3-01-2017, 20:27