Mahir Quliyev “qırmızı xətti” keçdi-Biləsuvarda dövlət binaları satılır

Mahir Quliyev “qırmızı xətti” keçdi-Biləsuvarda dövlət binaları satılır Biləsuvar rayon icra başçısı haqda mediada çox məlumatlar yazılıb. Onun rayonda qurduğu “kiçik xanədan” haqda geniş materiallar dərc edilib.

Tərəfdar.az-a daxil olan bir məlumat isə artıq başçı Mahir Quliyevin qırmızı xətti keçdiyini deməyə əsas verir. Rayondakı etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Biləsuvarın icra başçısı rayon mərkəzini satışa çıxarıb. Xəbərdə iddia edilir ki, Mahir Quliyev icra hakimiyyətinin binasının da yerləşdiyi parkdakı işıq idarəsinin binasını icarəyə verir. Artıq işıq idarəsinin dəbdəbəli binasını almaq niyyətində olan bir neçə adam da var: “Parkın ərazisində digər bir hissə isə icra başçısı tərəfindən verilən sərəncamla iş adamına satılıb. Həmin yerdə tikinti işləri də aparılır”.


Qeyd edək ki, bu məlumat bir müddət öncə də dərc edilmişdi. Yazıda bildirilirdi ki, Biləsuvarın mərkəzi qarış-qarış satılır: “Mahir Quliyev rayon üçün hər hansı bir layihə həyata keçirməyib. Rayonun istər mərkəzi küçələri, istərsə ara yolları fəlakət içindədir. Biləsuvarlılar qeyd edirlər ki, rayonda gözqamaşdıran, yaraşıqlı təkcə RİH-in binasıdır. Rayonun sosial problemlərinin həlli üçün iş görülməsi əvəzinə M.Quliyev öz şəxsi biznesini inkişaf etdirir”.

Görünür, icra başçısına sahibləndiyi torpaqlar, tikdirdiyi villalar bəs eləmir, indi də gözünü dövlət obyektlərinə dikib. Hətta rayon sakinləri arasında M.Quliyevin bir az da vəzifədə qalacağı təqdirdə rəhbərlik etdiyi qurumun yerləşdiyi binanı da satışa çıxaracağı ehtimalı yaranıb.

Tərəfdar.az xatırladır ki, M.Quliyev 6 aprel 2011-ci il tarixdən Biləsuvarın icra başçısı işləyir. Bundan əvvəl isə o 5 il – 2006-cı ildən 2011-ci ilədək Astara rayonunun icra başçısı işləyib. Biləsuvarlılar isə onun tezliklə əvəzlənməsini gözləyirlər. Rayon sakinləri ümid edirlər ki, ancaq yeni gələn başçı dövlət obyektlərini M.Quliyevin tamahından qoruya bilər.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Tərəfdar.az
Tarix: 16-01-2017, 12:56
Xəbəri paylaş





Xəbər lenti