Beyləqanın Təbriz küçəsində yerləşən 2 saylı binanın sakinləri cana doyublar
Onlar Beyləqan Rayon İcra Hakimiyyətindən və rayon su-kanalizasiya idarəsindən şikayətçidirlər.
Bu haqda Politika.Az-a həmin ünvanda yaşayan sakinlər məlumat verib. Belə ki, 2011-ci ildə qeyd olunan binaya yeni içməli su xətti çəkilməzdən əvvəl binanın qarşısına asfalt döşənilib. Sonra içməli su və kanalizasiya xətləri çəkilərkən binanın qarşısındakı asfalt döşəməsi qazılaraq yararsız hala salınıb.
2015-ci ildə içməli su və kanalizasiya xətlərinin çəkilişi başa çatdıqdan sonar bütün binaların qarşısına yenidən asfalt döşənilsə də, Təbriz küçəsində yerləşən və qeyd olunan binanın qarşısı asfatlanmayıb.
Sakinlər binanın qarşısındakı zığ-palçığa görə, hərəkət etməkdə çətinlik çəkirlər. Xüsusən də uşaqlar məktəbə gedib-gələrkən çətinliklərlə üzləşirlər.Sakinlər bununla bağlı dəfələrlə icra hakimiyyətinə və su-kanalizasiya idarəsinə müraciətlər etsələr də, heç bir müsbət nəticəsi olmayıb.
Politika.Az-ın verdiyi xəbərə görə, Beyləqanda sakinlər şəhərdaxili küçə yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə şikayətlər və müraciətlər etmələrinə baxmayaraq nəticə dəyişmir, yollar bərbad vəziyyətdədir.
O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib ki, son iki ildə bunları həll etmək mümkün olmayıb.
Beyləqandakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayonun yolları olduqca bərbad vəziyyətdədir: ”Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib.
Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur.
Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub.
Ancaq camaatın başını aldadıb öz işlərini görürlər. Onu da deyək ki, Beyləqanda Su və kanalizasiya sistemlərinin qurulması işlərində yeyintilərlə bağlı faktlar var.
Rayonun icra başçısı rayonun ərazilərini qarış-qarış satmaqda davam edir. Vaqif Abdullayev indi də şəhərinin kanalizasiya xəttinin üstünü peşkəş edib.Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir.
Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir. Bu faktı üzə çıxması rayonda səs-küyə səbəb olub.
Tarix: 18-01-2017, 10:13