Azərbaycanda bir necə ali təhsil müəssisəsində yoxlamalar başlayır.
Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən aparılacaq yoxlamalara səbəb həmin ünuversitetlərdə rüşvət və korrupsiya halları ilə bağlı məlumatların çox olmasıdır. Mənbəmizin sözlərinə görə, yoxlanacaq ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetidir. Belə ki, adə çəkilən qurumla bağlı mediada olduqca ciddi faktların dərc edilməsi aidiyyatı qurumları hərəkətə gətirib. Xatırladaq ki, GDU-nun adı Media Təqib Mərkəzi tərəfindən 2016-cı il dekabrında haqqında mənfi xəbərlərin ən çox yayıldığı universitet kimi hallanıb. Belə ki, ölkədə mövcud olan bütün sahələrin analizini aparan və monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxil olan mərkəzin məlumatlarına görə, 2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında lider Gəncə Dövlət Universitetidir. Bu ali təhsil ocağı ilə bağlı nə az, nə çox 28 mənfi xəbər özünə yer alıb ki, bu da universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s. mövzuları əhatə edib. Siyahıda ikinci yerdə olan Dövlət İqtisad Universiteti ilə GDU-nun arasında 14 xəbər fərqi var..
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir ki, həmin 2 xəbər də yenə məhz Gəncə Dövlət Universitetinə (2 xəbər – rektor haqqında iddialar) məxsusdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Dövlət Universitetində qəribə bir gəlişmə ilə bağlı AFN də xəbər dərc edib. Universitetin bir qrup tələbəsi adından redaksiyamıza verilən xəbərə görə, təhsil ocağında tələbələrdən müxtəlif adlarla yığlan rüşvətin dollarla gətirilməsi tələb olunur: “Bu tədris ili başlayandan bütün yığımlar dollarla istənilir. Əvvəllər 50 manat olan rüşvət indi 50 dollar olub. Rüşətin özü bütövlükdə qeyri-qanunidir, cinayətdir, bu aydın məsələdir. Lakin bunu bir də dollarla, yəni demək olar ki, ikiqat artıq tələb etmək bizi daha da çətin duruma salıb. Qarşıdan qış semestri gəlir, qorxuruq ki, imtahanlar üçün də pulu dollarla istəsinlər, əvvəl 80-100 manat verdiyimiz imtahanlara üçün indi 80-100 dollar verməyə çətinlik çəkərik. Çünki manata çevirəndə bu, azı 150-200 manat deməkdir. Hələ dövlət imtahanını demirik, bizdən əvvəlkilər 600-800 manat verirdilər, yəqin ki, bizdən də 600-800 dollar tələb edərlər”.
Görünən odur ki, adıçəkilən universitetdə rüşvət o səviyyəyə çatıb ki, tələbələr təhsillə məşğul olmaq əvəzinə rüşvətlə mübarizə aparmağa məcbur olurlar. Bu da azmış kimi, universitetin adı haqqında ən çox mənfi yazılar yazılan qurumların siyahısına düşüb. Bütün bu qeyd edilənlər GDU-da yoxlamaların aparılacağı haqda iddianın doğruluğuna dəlalət edir. Bir ayda barəsində 30 mənfi yazı yazılan bir qurumda işlərin qaydasında olduğunu demək mümkün deyil. Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
AFN.az
Tarix: 18-01-2017, 16:02