Meşə idarəsində saxtakarlıq
Gədəy sakini onu ünvanlı sosial yardımdan məhrum edənlərin cəzalandırılmasını tələb edir“Atamın adına işçi ştatı açılıb, 2 il ərzində hər ay 105 manat maaşı mənimsənilib. Biz bundan ünvanlı sosial yardım ləğv ediləndə xəbər tutmuşuq”.Siam.az-ın bildirdiyinə görə , bunu “Bizim Yol”a müraciətində Gədəbəy rayon Arıqıran kənd sakini Qənbərov Zaur Ələddin oğlu bildirib.
“2014-cü ildə atam Qənbərov Ələddin Məcid oğlu Gədəbəy rayon Meşə İdarəsinə işə düzəlmək üçün sənəd verdi. Lakin üstündən bir neşə ay keçməsinə baxmayaraq heç bir cavab gəlmədi. Atam işin nəticəsi ilə maraqlananda həmin idarənin əməkdaşları bu işin alınması üçün 200 manat “şirinlik” istəyib. Atam da işdən imtina etdi və sənədlərini geri götürdü. Bizim bu idarə ilə işimiz alınmadığına görə ünvanlı sosial yardım almaq üçün müvafiq quruma müraciət etdik və müsbət cavab aldıq. 2 illik sosial yardıma düzəldik. 2016-ci ilin sonunda ünvanlı sosial yardım alanlara dövlət tərəfindən 50 manat dəyərində azuqə paylanılırdı. Bizdə payımıza düşən azuqəni götürmək üçün yaxınlaşanda adımızın siyahıda olmadığını qeyd etdilər”,-deyə Zaur Qənbərov bildirib.
O deyir ki, məsələni araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə müraciət edib: “Nazirliyə gəldim. Bizim ailənin ünvanlı sosial yardımı hansı səbəbdən kəsdiklərin demələrini tələb etdim. Məni həmin nazirlikdə Abbas Nəbiyev adlı mütəxəssis qəbul etdi və ünvanlı sosial yardımın kəsilməsinə atam Qənbərov Ələddin Məcid oğlunun 2 ildir Gədəbəy rayon Meşə İdarəsində 105 manat maaşla işçi olduğunu qeyd etdi.
Eşitdiklərimi dəqiqləşdirmək üçün Gədəbəy rayon Meşə İdarəsinin baş mühasibi Nazim Salmanovla əlaqə saxladım. Həmin şəxs qeyd etdi ki, o, 1 yanvar 2014-cü il tarixindən bu idarədə baş mühasibdir və bu müddətdə Ələddin Qənbərov adlı işçi idarədə çalışmayıb. Mən ondan tələb etdim ki, bu cavabı yazılı formada versin. Razılaşdı. Amma yazılı cavab vermədilər.
Növbəti dəfə Gədəbəy rayon Meşə İdarəsinin kadrlarla iş üzrə mütəxəssisi Şövqü Əliyevlə əlaqə saxladım. Şövqü müəllim qeyd etdi ki, bəli, Qənbərov Ələddin bu idarədə “mövsümü işçi”dir, amma əmək haqqı yazılmayıb. Bir idarənin iki işçinin dediklərini qarşılaşdırdım və etiraf etdilər ki, atam həmin idarəyə işə düzəlmək üçün sənəd verəndə Əliyev Şövqü atamın sənədlərinin üzərindən saxta iş görüb. Atamın adına vergidə “asan imza” və “mövsümü işçi” yaradıb. İllik hesabatda da bunu bazaya yerləşdiriblər. Bu işdən bizim 28 dekabr 2016-ci ildə ünvanlı sosial yardımımız kəsildiyi zaman xəbərimiz olub”.
Zaur Qənbərov bu cavab əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” qaynar xətinə məlumat verib və 07 yanvar 2017-ci il tarixində onu nazirliyə dəvət ediblər: “Nazirlikdə məni Meşələrin Mühafizəsi Departamentinin əməkdaşı Sadiq Salmanov qəbul edib. O, məsələnin bir həftəyə həll olunacağını dedi. Amma S.Salmanov verdiyi vədə əməl etmədi”.
Zaur Qənbərov bu məsələ ilə bağlı mərkəzi icra hakimiyyəti qurumlarına və Baş Prokurorluğa müraciət edib: “Tələb edirəm bizə dəyən maddi və mənəvi ziyanı ödəsinlər. Üstəlik, ünvanlı sosial yardımımızı tələb edirəm, 140 manatı və 1 yanvar 2017-ci il tarixindəndən 10 faiz artımı da əlavə etmək şərtilə”. Siam.az
Tarix: 4-02-2017, 08:41