İstintaqı kim aldadır: başçı, yoxsa baş memar?-“MTN işi”

İstintaqı kim aldadır: başçı, yoxsa baş memar?-“MTN işi” AFN-in redaksiyasına Əhəd Abıyev-“MTN işi” mövzusunda çox maraqlı bir araşdırma mövzusu daxil olub. Daha dəqiqi desək, redaksiyanın e-mail ünvanına məktub göndərən adının çəkilməsini istəməyən mənbə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və İH-in baş memarı Elman Məmmədovun istintaqa verdikləri ifadələr arasında ziddiyyətlər olduğunu yazır. E. Məmmədovun mətbuatda yayılmayan ifadəsini də redaksiyamıza göndərən məktub müəllifi ziddiyyətləri tapmağı özümüzün öhdəmizə buraxır. Hər iki ifadə ilə tanışlıqdan sonra məlum olur ki, Əhəd Abıyevin “MTN işi” üzrə istintaqa verdiyi ifadə əslində onun yol verdiyi qanunsuzluğun açıq etirafıdır.

Xatırladaq ki, icra başçısı ifadəsində bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2.000.000 manat məbləğində pul vəsaiti ayrılıb. Həmin pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən, Maliyyə Nazirliyinin əmri ilə ayrılıb. Ə.Abıyevin sözlərinə görə, həmin tikinti işlərinin görülməsi üçün qanunun tələblərinə əsasən, açıq tenderin keçirilməsi barədə 10.09.2014-cü il tarixdə 196 nömrəli "Respublika" qəzetində elan yerləşdirilib, həmçinin rayon İH başçısının müavini Cavanşir Qocayev, hüquq şöbəsinin müdiri İlhamə Bayramova, rayon memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, həmin şöbənin aparıcı mütəxəssisi Elman Ələkbərov, rayon İH-in baş mühasibi Kazım Abdullayev, maliyyə idarəsinin əməkdaşı Nurəddin Məmmədov, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin regional şöbəsinin baş məsləhətçisi Şamil Hüseynovdan ibarət tender komissiyası yaradılıb. 16 sentyabr 2014-cü il tarixli tender komissiyasının yekun protokoluna əsasən, "Dizayn Construction" MMC tenderdə qalib gəlib və yuxarıda qeyd edilən tikintilərin aparılması üçün tərəfindən 16 sentyabr 2014-cü il tarixli müqavilə imzalanıb.
Ə.Abıyevin baş memarı isə istintaqa çox-çox fərqli ifadə verib. E.Məmmədovun ifadəsinə görə, Qabaqtəpə-Astav yolunda olan 2 körpünün tikilməsi və istismara verilməsi üçün Daşkəsən rayon İcra Hakimiyyəti sifarişçi olub, tenderin keçirilməsi barədə elan verilib. Tenderin keçirilməsi barədə elan verdikdən sonra tanışı Yeganə Abbasova onun mobil telefon nömrəsinə bir neçə dəfə zəng edərək tenderin şərtləri ilə maraqlanıb, o, tenderin qaydalarını izah edib və faktiki olaraq onlara yalnız tikinti işləri apara bilən şirkətin sənədlərinin lazım olduğunu bildirib. Bundan sonra Yeganə Abbasova «Dizayn Construction» MMC-nin sənədlərini tenderdə iştirak etməsi üçün avtobus vasitəsilə(?!) göndərib. Tenderdə «Dizayn Construction» MMC qalib gəlib və həmin MMC ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, qeyd olunan MMC yuxarıda göstərilən avtomobil yolunda 2 körpünü tikməyi və istismara verməyi öhdəsinə götürüb. «Dizayn Construction» MMC tərəfindən tikinti ilə bağlı bütün lazım olan layihə-smeta sənədləri, həmçinin layihə üzrə ekspertizanın rəyi təxminən 2014-cü ilin aprel-may aylarında onlara təqdim edilib – Ə.Abıyevsə tenderin sentyabrın 10-da elan olunduğunu qeyd edib. Memarın dedikləri göstərir ki, tikintinin «Dizayn Construction» MMC-yə verilməsi aprel-may aylarından həll olunubmuş və sentyabrdakı elan sırf formal xarakter daşıyıb.
E.Məmmədovun ifadəsindən aydın olur ki, 2014-cü ilin avqust ayında Maliyyə Nazirliyi tərəfindən Daşkəsən rayon İH-nin bank hesabına köçürülmüş pul vəsaitinin bir hissəsi Daşkəsən rayon İH-nin bank hesabından «Dizayn Construction» MMC-nin bank hesabına köçürülüb və bu barədə Yeganə Abbasova məlumatlandırılıb. Pul vəsaiti MMC-nin bank hesabına köçürüldüyündən, həmçinin işlərin davam etdirilməsi üçün tikinti materialları təcili lazım olduğundan, onu Bakıya göndəriblər. O, MMC-nin bank hesabından pulları çıxarıb, lazım olan inşaat materiallarını alaraq tikinti işlərinin aparıldığı yerə gətirilməsini təmin etməli imiş. Yeganə Abbasova faktiki olaraq kommersiya vasitəçisi kimi bu əməliyyatda iştirak edib. Buna görə pul vəsaiti MMC-nin bank hesabına daxil olduğu gün Yeganə Abbasova ona zəng edərək bu barədə məlumat verib. Həmin günün axşamı o, Yeganə Abbasovanın indi xatırlamadığı mobil telefon nömrəsinə zəng edib və onlar pul vəsaitinin bankdan çıxarılması barədə danışıblar. Y.Abbasova deyb ki, Xocalı prospektində olan banka gəlsin. Faktiki olaraq Yeganə Abbasovanın iştirakı şirkətin sənədlərini təqdim etməkdən və 17 sentyabr 2014-cü il tarixdə şirkətin hesabına daxil olmuş pulların bankdan çıxarılmasından ibarət olub. Səhəri gün o, saat 15-16 radələrində Xocalı prospektində, metronun «Xətai» stansiyasının yaxınlığında olan, adını bilmədiyi bankdan təxminən 150-160 metr məsafədə dayanan «London» taksisinə oturmaqla nağd pulu gözləyib.
Təxminən 10-15 dəqiqə sonra Yeganə Abbasova və yanında olan eynəkli Natiq adlı şəxs oturduğu avtomobilə yaxınlaşıb ona sellofan torbada olan 686.000 manat məbləğində pul vəsaitini veriblər. Həmin pulların götürülməsinə görə o, heç bir sənədə qol çəkməyib, həmin pulun məbləğinin 686.000 manat olduğunu yalnız həmin pulların ona verildiyi zaman bilib. Yeganə Abbasova və Natiq ona həmin pulları verdikdən sonra çıxıb gedib, o isə rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən oradan həmin taksi ilə Daşkəsən rayonunun ərazisində avtomobil körpülərinin tikilməsində istifadə edilməsi məqsədilə tikinti materiallarını, 400 ton müxtəlif armatur, beton, sement, taxta, dikt və digər inşaat materiallarını alması üçün «Dərnəgül» inşaat materialları bazarına yollanıb.
Ə.Abıyevsə deyir ki, əvvəllər Daşkəsən rayonunun ərazisində baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş yaşayış evlərinin və sosial obyektlərin bərpası ilə əlaqədar olan işlər «Dizayn Construction» MMC tərəfindən yerinə yetirilib və həmin işlər görüldüyünə görə şirkətə 500.000 manat məbləğində pul vəsaiti ödənilib. Tender müsabiqələrinin reyestrində Ə.Abıyevin 2014-cü ildə bu MMC-yə hər hansı sifariş verdiyinə dair məlumat əksini tapmayıb – sentyabrda guya ki, keçirilmiş olan tenderlə bağlı da həmçinin. Amma 2013-cü ildə bu MMC-yə Daşkəsən şəhəri H.Əliyev prospektində istinad divarlarının təmir işləri üçün 349303,7 manatlıq, Daşkəsən şəhərində H.Əliyev prospekti və ona bitişik yollarda təmir və abadlıq işləri üçünsə 1998499,7 manatlıq – ümumilikdə 2 milyon 347 min 803,4 manatlıq sifariş verilib. İcra başçısının dedikləri həqiqətdirsə - yəni MMC-yə 500 min manatlıq başqa işlər də gördürübsə və bunu dövlət satınalmalarına dair qanunvericiliyə zidd olaraq tendersiz həyata keçiribsə, demək, ciddi qanun pozuntusuna yol verib.
Ə.Abıyevin ifadəsindəki daha bir ziddiyyət budur ki, icra başçısı yol tikintisi üçün ayrılan pulu hansı əsasla digər işlərə yönəltmək qərarına gəlib – özü də tenderin nəticələri elan olunan günün sabahısı. Üstəlik, MMC-nin hesabına 500 min manat köçürüldüyü halda, Abıyevin adamına nədən 686 min manat verilib?
Maraqlıdır ki, baş memar ifadəsində E.Mahmudovun çetesinin aldığı 686 min manat geri qaytarılmadığı üçün tikinti işləri xüsusi nəzarətdə olduğundan məcbur olub öz vəsaitləri hesabına materialları alıblar: "MTN-in əməkdaşları tərəfindən ələ keçirilmiş 686.000 manat məbləğində pulu rəsmi şəkildə qəbul etmədiyimdən həmin pulların silinməsinə dair hər hansı sənəd tərtib edilmədi. Hadisə baş verdikdən sonra körpülərin tikintisi ilə əlaqədar işlər «Dizayn Construction» şirkəti tərəfindən deyil, «Retro inşaat» şirkəti tərəfindən davam etdirilib başa çatdırıldı. Körpülərin rəsmi açılışı 24 dekabr 2015-ci il tarixdə oldu".
Maraqlıdır ki, 2014-cü il oktyabrın 21-də Prezident İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb. Bu 2 milyon manatı Ə.Abıyev necə xərcləyib – vəsait hansı işlərə yönəldilib? Bu kimi suallara icra başçısının özündən cavab almağa çalışacağıq.


AFN.az
Tarix: 6-02-2017, 21:38
Xəbəri paylaş





Xəbər lenti