Ucarda narazılıq yaradan məmur KİMDİR?

Ucarda narazılıq yaradan məmur KİMDİR? Bir qrup Ucar rayon sakini müraciət edərək öz şikayətlərini bildirib.

Onlarin narazılığı isə Ucar rayon Təhsil Şöbəsi müdirindəndir. Həmin şikayət məktubunu olduğu kimi təqdim edir:


"Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun yarıtmaz fəaliyyəti nəticəsində orta məktəblərdə istilik sisteminin olmamasından şagirdlərin əksəriyyəti ciddi xəstələnib dərsə gedə bilmirlər. Məktəbli uşaqlarımıza soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir. Nəticədə də uşaqlar soyuqdan xəstələnir. Ucar şəhər 6 saylı orta məktəbdə 29 sinif var və 600 nəfər şagird təhsil alır. Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə paltonlarla oturub dərs keçirlər. Məktəbin şagirdlərinin yarısı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideyinlər isə soyuq sinifdə dərs keçməsinə görə uşaqlarını məktəbdən çıxarıblar. Ucar şəhəri 1 və 5 saylı orta məktəblərində də bu problem var. İstilik sistemi yoxdur deyə valideyinlər övladlarını məktəbə getməyə qoymurlar.

Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılov isə heç bir tədbir görmək istəmir. Çünki bu adamı ancaq öz maddi maraqları düşündürür. Rayonun bir neçə yerində restoranları, ticarət obyektləri fəaliyyət göstərir, Məlikballı kəndində böyük ferması, bahalı avtomobilləri, rayonda və Bakı şəhərində evləri var .Özü isə uzun müddətdir ki, xəstəliyini bəhanə edib, heç bir iş görmür. Təhsil Naziri Mikayıl Cabbarov da onun öhdəsindən gələ bilmir. Bu vəzifəyə gəlməmişdən əvvəl Fuad İsrayılov kənd soveti sədri olub. O, pedaqogikadan uzaq bir adamdır. Belə yaramazın bu vəzifədə qalması Ucar rayon təhsil sitemini tamamilə iflic edib. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirik, Ucar rayonunda orta məktəblərə nəzarət edilməsinə tapşırıq verəsiniz və başı kommersiya fəaliyyətinə, pul toplamağa qarışmış Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun barəsində ciddi tədbirlər görəsiniz! Onu təhsil sistemindən uzaqlaşdırmaq lazımdır..."

Ucar rayon sakinləri

Cəbrayılov Zahid Vaqif oğlu
Əliyev Rasim Sahib oğlu
Səmədov Davud Qadir oğlu
Məmmədov Əli Zəki oğlu
Qasımov Teymur Osman oğlu


Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Ümidvarıq ki, aidiyyatı qurumlar tərəfindən problem araşdırılacaq və həlli istiqamətində addımlar atılacaq. \\qlobal.az\\
Tarix: 2-03-2017, 15:11
Xəbəri paylaş





Xəbər lenti