Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?”Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli 13 gün psixiatriya xəstəxanasında saxlandıqdan sonra noyabrın 20-də evinə buraxılıb. İki həftə ərzində Qazaxdakı Rayonlararası Psixiatriya Xəstəxanasında saxlanılan Arzuman Xasməmmədli hesab edir ki, başına gələnlər konkret sifariş əsasında həyata keçirilib.
“Whatsapp” statusunda arayışın şəklini paylaşıb, dəli olduğumu yazıb”.
Qarapapaq kənd sakini, 1957-ci il təvəllüdlü Arzuman Xasməmmədli Meydan TV-yə danışır ki, hələ bu hadisədən əvvəl bələdiyyə sədri Nəzakət Mansurova psixiatriya xəstəxanasına onunla bağlı müraciət edərək, şəxsi məlumatlarını istəyib. Baş həkim əvəzi Nahidə Osmanova da yazılı şəkildə arayış verib:
“Arayış alınıb ki, bu xəstəxanada stasionar müalicə alıb, diaqnozu budur. Birincisi, harada qaldı “həkim sirri” anlayışı? Nə ixtiyarla başqası haqqında məlumatlar kiməsə verilir? Bunların Hippokrat andına sadiqlik anlayışı budur? İkincisi, niyə mənim haqqımda məlumat toplanırdı? Sonra da bələdiyyə sədrinin qızı “Whatsapp” statusunda həmin arayışın şəklini paylaşıb, bələdiyyə sədrinin müavininin dəli olduğunu yazıb. Bu da sübut edir ki, mənim psixiatriya xəstəxanasına salınmağım əvvəldən planlaşdırılıb”.
Arzuman Xasməmmədli deyir ki, daha sonra Nahidə Osmanova onun məcburi müalicəyə ehtiyacı olması barədə yeni bir arayış tərtib edib. Həmin arayışı kənd icra nümayəndəsi noyabrın 6-da gətirib ona verib:
“Mən heç vaxt psixi xəstə olmamışam. Yeniyetmə vaxtlarımdan epilepsiyadan əziyyət çəkmişəm. Mən xəstəxanada pensiya ilə əlaqədar yatmışam. İyirmi birinci əsrdir, həkimdirlər, amma bunlara söz başa salmaq olmur. Əslində, başa düşürlər, sadəcə, sərf eləmir, ona görə başqa cür danışırlar. Psixi xəstə futbol komandasının təşkilatçı rəhbəri, məşqçisi, müharibədə könüllü özünümüdafiə dəstəsinin rəhbəri olar?! Psixi xəstə bir il icra nümayəndəsi, 4 il Heydər Əliyev Mərkəzində inzibatçı işləyər? Psixi xəstə bələdiyyə sədrinin müavini vəzifəsində necə işləyə bilərdi?”.
İcra nümayəndəsi arayışı verəndə deyib ki, bir gün ərzində könüllü şəkildə psixiatriya xəstəxanasına getməsə, məcburi qaydada aparılacaq. Ertəsi gün – noyabrın 7-də Qazax Rayon Polis Şöbəsindən ona zəng gəlib.
“Kənd sakinləri deyib ki, ayıb deyil, utanmırsınız?!”
Arzuman Xasməmmədli deyir ki, öncə polis şöbəsinə, oradan da polis əməkdaşı ilə birlikdə xəstəxanaya gedib. Xəstəxanada olanda polis bildirib ki, deyilən şəxsi gətiriblər.
Bir qədər sonra isə onu xəstəxanadan Qazax Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə hakim Nemət Musayevin sədrliyilə Arzuman Xasməmmədlinin məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda baş həkimin ərizəsinə baxılıb.
Xəstəxanada Nahidə Osmanova iddia edib ki, Arzuman Xasməmmədli ətrafındakdakılar üçün ciddi təhlükə və böyük problemlər yarada bilər. Ona görə məcburi xəstəxanaya yerləşdirilməlidir.
Məhkəmədə o da məlum olub ki, bir gün əvvəl – noyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətindən psixiatriya xəstəxanasına məktub göndərilib. Orada iddia edilib ki, Ağköynək kəndinin sakinləri icra hakimiyyətinə şikayət edib, özlərinin, uşaqlarının Arzuman Xasməmmədlinin hərəkətlərindən qorxduqlarını bildirib və onun haqqında tədbir görülməsini istəyib:
“Əvvəl bizim öz kəndimizin sakinlərindən ərizələr almaq istəyiblər, mümkün olmayıb. Hamı deyib ki, ayıb deyil, utanmırsınız? Başqa kənd sakinləri adından ərizələr yazıblar. Hakim bütün məhkəmə prosesi boyu baş həkimə suallar verdi, özü də gördü ki, bütün bunlar quramadır, mənə qarşı sifarişin nəticəsidir. Amma gedib gəldi, əleyhimə qərarı oxudu. Oradan da məni xəstəxanaya qaytardılar”.
Məhkəmə qərarında göstərilib ki, Arzuman Xasməmmədli uzun müddətdir “Epilepsiya, tez-tez tutmalar, şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə stasionar müalicədə olub.
Amma bələdiyyə sədrinin müavini hesab edir ki, onu Qazax rayonunda baş verənləri açıq şəkildə dilə gətirdiyinə, çatışmazlıqları icra başçısı Rəcəb Babaşovun birbaşa özünə dediyinə və onun haqsızlıqlarına susmadığına görə cəzalandırılıb:
“Bir gün icra başçısına dedim ki, 14 aydır maaş almırıq. Dedi ki, səbəb? Bildirdim ki, camaat vergi vermir. Strateji əhəmiyyətli yerdir – Ağstafa-Qazax yolunun kənarı. Gəlir mənbələri var, amma heç biri vergi vermir. Nəyə güvənirlər?”
İcra başçısını tənqid etmişdi
Bundan başqa, Arzuman Xasməmmədli psixiatriya xəstəxanasına yerləşdirilməmişdən bir neçə gün əvvəl internet kanallarından birinə müsahibə verib. “Youtube”dakı “Qərb Region TV” adlı kanalda Qarapapaq kəndində qəbiristanlığın ətrafında təxminən bir hektar ərazidə zibillərin yayılması, torpaqların zəbt olunmasından bəhs olunub. Kənd sakinləri bununla əlaqədar narazılıqlarını bildiriblər. Deyiblər ki, kənddə qəbiristanlıq ətrafında, örüş torpaqlarında zibil poliqonu yaranıb. O torpaqlarda otarılan mal-qara zəhərlənib tələf olur, küləkdə zibillər qəbiristanlığa yayılır.
“Xanlıqlarla Ağköynək arasında torpaq zəbt olunub. Bələdiyyə də, kənd soveti də bilir ki, kimlər tərəfindən zəbt olunub. O yol bələdiyyənindir, amma gücü çatmır ki, öz torpağını alsın”, – sakinlər narazılıq edib.
Kənd sakinlərinin şikayətlərinə münasibət bildirən bələdiyyənin sədr müavini Arzuman Xasməmmədli onların haqlı olduğunu vurğulayıb. O müsahibəsində əlavə edib ki, kənd sakinlərini narahat edən problemləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun nəzərinə çatdırmağa çalışıb. Əvəzində icra başçısı onun özünü hədələyib:
“Deyilənlər haqlıdır. Çox təəssüf ki, heç vaxt əhaliyə hesabat verilmir, yığıncaq keçirilmir. Mən özüm də burada səslənən problemlərlə bağlı şikayətlər eləmişəm. İki həftə əvvəl icra başçısının qəbulunda olanda mənə deyir ki, “sən kimsən?””.
Arzuman Xasməmmədli 13 gün ərzində psixiatriya xəstəxanasında yaşananlar barədə də danışıb. O bildirib ki, xəstəxanada ağır dərmanlar verirdilər, lakin qəbul etmirdi:
“Dedim, bu yaşımda, mənə lazım olmayan dərmanları niyə içməliyəm? Bu, mənə təhqirdir. Bunları yaşamaq çox ağır idi. Deyirdim ki, ay ana, ay bacı, əgər dəliyəmsə, göndərin məni Maştağaya, gedim komissiyadan keçim, niyə eləmirsiniz?”
“Qardaşınız müxalifətçi olduğu halda, siz hələ də həkim işləyirsiniz?”
Arzuman Xasməmmədlinin həyat yoldaşı Zahidə Xasməmmədova onun başına gələnlərlə bağlı Meydan TV-yə müsahibə vermişdi. Zahidə Xasməmmmədova deyir ki, həyat yoldaşının psixiatriya xəstəxanasına salınması məsələsini ictimailəşdirəndən sonra icra başçısı onu və Arzuman Xasməmmədlinin bacısını çağırtdırıb:
“Mənim bir baldızım həkim-ginekoloqdur. Məni və həmin baldızımı icra hakimiyyətinə çağırtdırmışdı. Baldızımı da xəstəxananın baş həkimi vasitəsilə gətiriblər. Elə biliblər ki, qızım da Mədəniyyət İdarəsində işləyir, ora da adam göndəriblər. Görüblər ki, yox, orada işləmir. Rəcəb Babaşov bizi əvvəl mədəni şəkildə qəbul elədi. Sonra baldızımı qaldırdı, qayıtdı ki, “həkim, siz bilirsinizmi, qardaşınız müxalifətçidir?” O da dedi ki, xeyr. Ardınca dedi ki, “qardaşınız müxalifətçi olduğu halda, siz hələ də xəstəxanada işləyirsiniz, halbuki, mən istəsəm, çox şey eləyə bilərdim”. Baldızım da cavab verdi ki, “çox sağ olun, çox sağ olun, siz heç nə eləməmisiniz”. Mən güldüm. Qayıtdı ki, yoldaşın da belə güldüyünə görə dəlixanadadır. Birincisi, qardaşa görə bacını hədələmək nə deməkdir? İkincisi, bizi buna görə çağırmışdı? Bu davranışın özü rayondakı vəziyyətdən xəbər verir”.
Zahidə Xasməmmədova deyir ki, onu mediaya orqanlarına müsahibə verdiyinə görə qınayıblar. O isə cavabında baş verənləri ictimailəşdirməkdə haqlı olduğunu deyib.
Daha sonra ona həyat yoldaşı ilə bağlı ərizə yazdırıblar:
“Əvvəl yazılan ərizə ilə razılaşmadım. Guya mən Arzumana cavabdeh olacam, onu müalicə elətdirəcəm. Dedim, Arzumanda nə var ki, onu müalicə eləyim? Onun özü camaatı müalicə eləyir. Əvvəl söz verdilər ki, beşinci gün (noyabrın 15-də) çıxacaq. Getdim, çıxmadı. Başçının müavini Məmməd Alıyev dedi ki, birinci gün dəqiq çıxacaq. Birinci gün getdim xəstəxanaya, yenə də çıxmadı. Baş həkim dedi ki, mənlik bir şey yoxdur, mən razılıq vermişəm. Zəng elədim müavinə, bu dəfə telefonlara ümumiyyətlə, cavab vermədi. Nə isə, axır ki, ayın 20-də buraxdılar”.
Arzuman Xasməmmədli başına gələnlərlə bağlı məhkəməyə şikayət etmək niyyətindədir.
Qazax Rayon İcra Hakimiyyəti Meydan TV-nin iddialarla bağlı suallarını cavablandırmır.
Tarix: Bu gün, 11:09