Xaçmazda özbaşınalıq... - NARAZILIQ VAR
"Bu gün icra hakimiyyətinə qəbula getdik, dedilər, ‘bizlik heç nə yoxdur, gedin başınıza çarə qılın’. Sonra da başdan eləmək üçün dedilər, ‘bələdiyyəyə tapşırmışıq, evin bərpasına kömək edəcək’. Bələdiyyə də deyir, ‘gözləyin, vergini toplasam, bəlkə nəsə edərəm’. Düşdü kəndin canına, qapı-qapı gəzib vergi toplamağa... Adamlarda da pul hardandır vergi ödəməyə... İş yox, güc yox... Heç qara qəpik də toplaya bilmədi".
Son günlər Azərbaycanın şimal bölgəsində əsən güclü küləkdən fərdi evlərin, əsasən, dam örtükləri yararsız hala düşüb. Xaçmazın Uzunoba kənd sakini Yaqub Yaqubovunsa evi yerli-dibli dağılıb. Yaxın qohumu Elşən Şıxıyev danışır ki, aprelin 30-da əsən küləkdən köhnə tikili olan ikimərtəbəli evin divarlarında çatlar əmələ gəlib. Mayın 2-də günorta vaxtı ev tamamilə dağılıb:
"1966-cı ildə tikilən evdir. Divarlarında çatlar əmələ gələndə müraciət olundu, ancaq gəlib baxış keçirmədilər. Yaxşı ki, dağıntı vaxtı evin içərisində adam olmayıb, ordan sağ çıxmaq mümkün olmazdı. Neçə gündür ki, icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik, nəhayət bu gün (5 may) növbəti dəfə icra hakimiyyətində olduq, başçı ilə görüşmək istədik. Qəbul etmədi, müavinlərindən biri ilə görüşə bildik, o da yaxasından uzaqlaşdırmaq üçün bizi kənd bələdiyyəsinə yönləndirdi".
Yaqub Yaqubovun ailəsi hazırda yaxın qohumların evində gecələyir. Ancaq ailə tezliklə evin bərpa olunmasını istəyir. Elşən Şıxıyev deyir, iş ki bələdiyyəyə qaldı, ailə çətin bir də o evə yığışa bilsin.
Hüquqşünas Vaqif Alıyev deyir, əgər əmlaka təbii fəlakət nəticəsində zərər dəyirsə, evin tikinti-bərpası ilə icra hakimiyyətlərindəki fövqəladə hallar komissiyaları məşğul olmalıdır: "Qanunla bu məsələ belə tənzimlənir. Fövqəladə Hallar Komissiyası həmin evi qəzalı ev kimi siyahıya daxil edib təmir-bərpası ilə məşğul olmalıdır. Ancaq icra qurumları bu məsələni fondu həmişə boş olan bələdiyyələrin üzərinə qoymağa çalışır. Əmlak sahibi bələdiyyədən yox, məhz Fövqəladə Hallar Nazirliyindən tələb etməlidir. Belə görünür ki, ev köhnə tikili olsa da, siyahıya alınmayıb".
Hüquqşünas deyir, qurum məsələyə soyuq yanaşırsa, mülkiyyətçi məhkəmə yolu ilə evin bərpasına nail ola bilər.
Tarix: 5-05-2017, 21:45