Keçmiş və indiki bələdiyyə sədri dalaşdı - Səbəb
Ötən ilin sonlarında İmişli şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında çoxillik küknar ağaclarının kəsilməsi ətrafında yaranan söz-söhbət səngimək bilmir. Xəbər verdiyimiz kimi, “yaşıl soyqırım” şəhər bələdiyyəsinin sədri İftixar Əliyevin vəzifədən kənarlaşdırılmağına səbəb olub. Amma sabiq sədr barəsində qəbul edilən qərarı qanunsuz hesab edərək Şirvan İnzibati-İqtisad Məhkəməsində iddia qaldırıb. Mayın 3-də keçirilən növbəti prosesdən sonra o, elə məhkəmə binasının önündə yerinə təyin edilmiş sədri yumruqla vurub. Bu barədə redaksiyamızı bilgiləndirən hadisə şahidinin dediyinə görə, bu, İmişlidə son bir ayda bələdiyyə sədrinin döyülməsi ilə bağlı ikinci faktıdır və hər ikisinin arxasında eyni qüvvə dayanır: “İntiriqa o həddə çatıb ki, artıq yumruqlar işə düşüb. Özü də dövlət orqanlarının inzibati binaları önündə. Bu, cəmiyyətə, qanunçuluğa və dövlt hakimiyyətinə qarşı nümayişkaranə bir hörmətsizlikdir.”
Qaynaq bildirir ki, sabiq sədrin güclü havadarı olduğu üçün onun vəzifədən kənarlaşdırılması üçün zəruri hüquqi addımlar atılıb: “Mən bu məsələ ilə yaxından maraqlanmışam. Sabiq sədr iddia edir ki, işdən kənarlaşdırılarkən məzuniyyətdə olub. Amma ağacların kəsilməsinə də elə həmin vaxt göstəriş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi müvafiq akt tərtib edib. Bələdiyyə üzvləri sədrlərinin vəzifədən azad edilməsini Ədliyyə Nazirliyi ilə də razılaşdırıblar. Məhz Nazirliyin tövsiyə xarakterli məktubu əsas götürülməklə, yeni sədr seçkisi keçirilib.”
“İşin ən maraqlı məqamı sabiq sədrin pul tələbidir. Döyülən yeni sədr Mehman İsmayılov bildirir ki, İftixar Əliyev bu vəzifəni tutmaqdan ötrü 50 min manat verdiyini bildirib və həmin pulu ondan istəyib. Bu tələbi yerinə yetirilmədiyindən yumruğunu işə salıb. Əgər həqiqətən belədirsə, Şirvan Şəhər Polis İdarəsində döymə faktı ilə başlanan araşdırmaya yüksək çinli vəzifəli şəxslər də cəlb edilə bilər”- deyə qaynaq iddia edir.
Tarix: 9-05-2017, 09:15