Tərtərin düşmənlə üzbəüz qalan Qaraqoyunlu kəndində dövlətin büdcəsinə düşmən kəsilən məmurlar şıdırğı biznes qurublar
Ulus.Az-ın xəbərinə görə, kəndin icra nümayəndəsi Nazim Xəlilov əmək və əhalinin sosial müdafiəsi nazirinin yerli kadrları ilə əlbir olub.
İcra nümayəndəsi ilə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi sosial müavinətlərin verilməsində işbirliyinə gediblər.
Onlar sosial yardıma ehtiyacı olmayanlara, Azərbaycanda yaşamayanlara, qeydiyyatında daşınmaz və daşınar əmlakı olanlara fonddan pul yazıblar. Bu yolla həm büdcəni talayır, həm də pulları çırpışdırırlar. N.Xəlilovun bu “əməliyyat”da iştirakı isə yardım alan həmin kənd sakinlərinə saxta arayışlar verməsidir.
Sosial müavinət almaq istəyən şəxs ilk növbədə kənd icra nümayəndəsindən arayış istəyir. N.Xəlilov kənd sakininin qeydiyyatında mal-qara, maşın, təsərrüfat olmadığını təsdiqləməlidir.
Ancaq icra nümayəndəsi ağılasığmaz qanunsuzluğa yol verməklə saxta müavinət biznesinə şərik çıxır. ƏƏSMN rəhbəri Səlim Müslümov isə yerli şöbənin əməllərindən bixəbərdir.
Ulus.Az-ın xəbərinə görə, siyahıda adı keçən və müavinət alanların əksəriyyəti həqiqətən sosial yardıma ehtiyacı olanların pulunu yeyir.
Məsələn, Zeynalov Elmir Mikayıl oğlu ayda 162 manat sosial yardım alır. Halbuki, onun ferması fəaliyyət göstərir.
Nərimanov Mikayıl isə ayda 169 manat dövlətdən əldə edir. Bu şəxsin hər növ texnikası var ki, qanunla sosial yardım düşmür.
Ondan ən dəhşətlisi və analoqsuz olan fakt isə Rəhimova Ərkinaz Ənvər qızının və oğlu Rəhimov Səxavətin sosial yardım almasıdır. S.Rəhimov ailəsi ilə Rusiyada yaşayır. Buna baxmayaraq. N.Xəlilovun arayışı daşdan da keçib və ayda 161 manat alır.
Məmmədov İlqar İsa oğlu da Rusiyada yaşayır. Onun ailəsi vaxtaşırı Azərbaycana gəlib-gedir. Bunu Dövlət Sərhəd Xidməti də təsdiqləyər bilər. Bu şəxs də ayda 161 manat alır.
Bayramov Sərvan Elbrus oğlu qaynaqçıdır. Ona ayda 150 manat sosial yardım verilir. Qeyd edək ki, qaynaqçının 2 maşını var.
Məmmədov İlham Cəlal oğlu da qaynaqçıdır və Bakıda yaşayır. Onun həm “Mercedes” maraklı avtomobili var, həm pensiya alır, həm də işləyir. Üstəgəl dövlət də sosial yardım verir.
Səfərov Allahverdi Tanrıverdi oğlunun isə traktoru olsa da, ayda hansısa yoxsuldan 161 manat alır. Rəhimov Behbudyun da texnikası var və 161 manat sosial yardım verilir.
Bütün bunları ciddi araşdırma zərurəti yaradan faktlardır. Nazirlik komissiya göndərməklə araşdırma nəticəsində böyük saxtakarlıqların üstünü aça bilər.
N.Xəlilov haqda onu da iddia edirlər ki, kənddə bağça işçilərinin maaş kartını özündə saxlayır. Eyni zamanda Qarqoyunlu icra nümayəndəliyində çalışan texniki işçilərin maaş kartını da özü götürür və bölüşdürür.
Yaşar NURİYEV
Tarix: 18-05-2017, 08:39