Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dünən “Bəhmənli” şadlıq evinin açılışında iştirak edib. Hətta əyanlarını başına yığaraq restoranın açılışı ilə bağlı geniş nitq də söyləyib.
Ulus.Az-ın verdiyi məlumata görə, tədbir restoranın qarşısında keçirilib və mətbuata rəsmi məlumat da açıqlanıb. Füzulinin icra başçısı Alı Alıyev "Bəhmənli" restoranının lentini kəsməsi birmənalı qarşılanmayıb. Çünki şadlıq evi nə zavod, nə dövlət müəssisəsi, nə də icra hakimiyyətinin layihəsidir. İş adamının öz hesabına açdığı şadlıq sarayının açılış mərasiminə rayon rəhbərinin qatılması analoqsuz hadisədir.
İcra başçısı restoran açılışını niyə gedir? Getməsi bir tərəfə, icra hakimiyyəti bunu rəsmi məlumat kimi yayıb. Rayon camaatını da yığıblar ki, bəs başçı gəlir. Yəqin ki, bekarçılıqdandır, ya da öz obyektləridir.
İcra başçısının belə bir addımı sosial şəbəkələrdə aməlli-başlı tənqid hədəfinə tuş gəlib. Müxtəlif şəxslər tərəfindən hətta bu addım məsxərəyə də qoyuldu.
Amma istənilən halda edilən hansısa tənqid icra başçısını “Bəhmənli” şadlıq evinin açılışında iştirakdan məhrum edə bilməz. Addım atılıb və bu addım Alı Alıyevin öz seçimi idi. Onu heç kim məcbur etmədi ki, restoran açılışına getsin.
Ulus.Az-ın verdiyi məlumata görə, həmin restoranın icra hakiminə aid olması haqda iddialar səslənir.
Əslində, sosial problemlərin yetərincə olduğu bir rayonda icra başçısının belə bir məsələ ilə gündəmə gəlməsi istər rayon sakinləri, istərsə də digər şəxslər tərəfindən normal qarşılanmır.
Bəli, bir sıra mətbuat orqanları Füzuli rayonundakı çatışmazlıqlar, xoşagəlməz hallar, vətəndaşları narahat edən problemlər barəsində, hətta icra başçısı və onun qohumlarının biznesi barədə çox yazıb.
Doğru, ya yalan bildirilib ki, başçının Haramı düzündə bir neçə min hektar əkin sahəsi var. Bundan başqa, düzdə onun 30 min qoyunu və 5000 baş mal-qarasını saxlatdırdığı ferması da mövcuddur.
O cümlədən qeyd olunur ki, başçının bir neçə mebel sexi mövcuddur. Təbii ki, bunlar qısa xatırlatmadır. Yəqin ki, icra başçısı bununla kifayətlənməz. Yəni, icra başçısının geniş biznesə sahib olduğu şübhəsizdir.
Bəli, ola bilər ki, açılışını etdiyi şadlıq evinin də başçıya hansısa formada yaxınlığı var. Və icra başçısı hansısa qüvvətli əlin köməyi ilə “Bəhmənli” şadlıq evini yetərincə reklam edir.
Bu məsələnin başqa tərəfidir və ölkə başçısı tərəfindən qəti şəkildə tapşırıq verilib ki, sahibkarlığın inkışafına kömək göstərilsin.
Amma Alı Alıyevin də borcu idi ki, hansısa sahibkar şadlıq evi tikərkən ona süni maneələr yaratmasın.
Amma bir şadlıq sarayının açılışına icra başçısının getməsi anormal haldır. Hər halda həmin obyekt rəsmi inzibati bina yaxud muzey deyil.
Tarix: 29-05-2017, 14:28