Tovuzda narazılıq var - ŞİKAYƏT

Tovuzda narazılıq var - ŞİKAYƏT Tovuz rayonunda təqaüdçülər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsinə çağırılıb.

Bu barədə "Qaynarinfo"ya məlumat verən rayonun İbrahimhacılı kəndinin sakini Zəkiyyə Axundova onlara xəbərdarlıq edildiyini bildirib:


"Mən II qrup əlil kimi pensiya alıram. DSMF-nin Tovuz rayon şöbəsindən tələb edirlər ki, bütün pensiyaçılar şəxsiyyət vəsiqələrini və pensiya kartlarının sürətini gətirib şöbəyə təhvil verməlidirlər. Xəbərdarlıq ediblər ki, əks halda iyun ayının pensiyaları verilməyəcək. Səbəbini soruşanda isə dedilər ki, bunu pensiyaçının yaşayıb yaşamadığını öyrənmək üçün edirik. Dedim ki, sizin bu işiniz "Əhməd haradadır" filmində məsələni birdəfəlik həll etmək üçün "Əhməd"lərin hamısını çağırmağa bənzəyir. Güldü, heç nə demədi. Rayon mərkəzindən 50-60 kilometr uzaqda yaşayırıq, bizim üçün gedib-gəlmək olduqca çətindir. Digər bir tərəfdən isə kart veriləndə xəbərdarlıq edilib ki, məlumatlar ikinci bir şəxsə ötürülməməlidir. Mən kartımın sürətini nə üçün onlara təqdim etməliyəm?"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsindən "Qaynarinfo"ya bildirdilər ki, pensiyaçıların dedikləri əsassızdır:

"Şəxsiyyət vəsiqələrinin göstəricilərini bazaya yığmaq üçün müraciət etmişik, bu da bəzi pensiyaçıların şəxsiyyət vəsiqələrini yeniləməsi ilə əlaqədardır. Pensiya kartının sürəti isə həmin şəxsin adını sistemdə tez tapmaq üçün lazımdır. Burada şikayət edilməsi heç bir əsas yoxdur. Sadəcə sənədləşdirmə həyata keçirilir. Pensiyaçıların özünün gəlməsinə ehtiyac yoxdur, sadəcə şəhər mərkəzinə gələn qohum, dost və tanışla da sənədləri göndərə bilərlər".
Tarix: 31-05-2017, 15:24
Xəbəri paylaş





Xəbər lenti