İcra başçısı ərazi nümayəndəliklərinin mükafatını niyə kəsib?- Yardımlıdan şikayət
Yardımlı Rayon İcra Hakimiyyətindən redaksiyamıza daha bir şikayət məktubu daxil olub. Rayon ərazi nümayəndəliklərinin rəhbərləri adından göndərilən məktubda bildirilir ki, Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ərazi nümayəndəliklərinin rüblük mükafatlarını kəsib. Bunun isə əkin sahələrinin yenidən hesablanması ilə əlaqədar olduğunu deyib: “Başçı bildirib ki, bu, Fövqəladə Hallar Nazirliyindən gələn tapşırıqla edilir. Guya nazirlikdən əkin sahələri ölçülüb qurtaranadək ərazi nümayəndəliklərinin mükafatlarının saxlanması tapşırılıb”.
Şikayətçilər bildirirlər ki, belə bir hal heç bir qanunda nəzərdə tutulmayıb və bu, birbaşa qanun pozuntusudur: “Qanunda yoxdur ki, icra başçısının ehtiyacı olduqda ərazi nümayəndəliklərinin mükafatını saxlasın. Bu işdə əsas rolu icra başçısı, İH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Mahir Mirzəyev və onun müavini Elçin Mirzəyev oynayır. Çox maraqlıdır, Yardımlıda bir nəfər başqa adam yox idimi ki, iki əmioğlu burda müdir və müavindir?
Biz ölkə başçısı İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan xahiş edirik, bu məsələni nəzarət götürsünlər və məsələyə aydınlıq gəlsin: dövlət qulluqçularının mükafatı niyə kəsilib? Axı heç bir icra başçısının ixtiyarı yoxdur ki, büdcədən ayrılan əməkhaqqına və mükafata müdaxilə etsin. İnanırıq ki, problem yaxın vaxtda həllini tapacaq və dövlət qulluqçuları öz məvaciblərini alacaqlar. Biz əvvəlki illərdə mayın 9-da, ya da 28-də alırdıq, bu il isə başçı tərəfindən əl qoyulub verilmir”.
Məktub müəllifləri qeyd edirlər ki, rayon rəhbərliyi öz addımını prezident İlham Əliyevin “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” sərəncamı ilə əlaqələndirir. Həmin sərəncamda isə göstərilir ki, Fövqəladə Hallar Nazirliyi respublikanın rayonları üzrə taxıl (buğda və arpa) əkini sahələrinin GPS (Qlobal Məsafədən Mövqe Təyinetmə Sistemi) avadanlıqları və yer səthinin müşahidə peyki vasitəsi ilə monitorinqinin aparılmasını təmin etməlidir.
Qeyd edək ki, AFN-ə daxil olmuş şikayətlərlə əlaqədar dəfələrlə Yardımlı RİH-lə əlaqə saxlayıb mövqe almağa çalışsaq da buna nail ola bilməmişik. Belə ki, ya qurumda telefonlara cavab verilməyib, ya da əlaqə nömrəmiz götürülüb müvafiq adamların əlaqə saxlayacağı deyilib, lakin bu da olmayıb. Hər bir halda yuxarıda yazılanlarla bağlı Yardımlı RİH-in mövqeyini verməyə hazırıq.
FƏRİDƏ
Tarix: 2-06-2017, 23:04