Şəhərdəki 6 sot torpağının əvəzinə ona çölün düzündən 3 sot ərazi verilib, özü də bazar qiymətindən artıq pulunu alıblarNarıngül Xudiyeva: “Nə qədər ki, haqqımı almamışam, susmayacam... Ağ Evin, AŞPA-nın, Kremlin önündə aksiya keçirmək istəyirəm”
“...xahiş edirəm, problemim həll olunsun ki, heç bu aksiyalara da ehtiyac qalmasın. Çünki ölkəmizə hörmətsizlik etmək istəmirəm. Amma artıq nə dözə, nə gözləyə bilirəm. Daha nə qədər gözləmək olar?!”Yevlax şəhəri, Q.Quliyev küçəsi 4 a, mənzil 8 ünvanında yaşayan Narıngül Xudiyeva məmur özbaşınalığından gileylənir. YAP-ın üzvü olan bu xanım illərdir öz problem ilə bağlı müxtəlif idarələrin rəgbərlərinə, hətta dövlət başçısına məktub göndərsə də, onun şikayətinə baxan yoxdur. Bu baxımdan o, “Hürriyyət”ə müraciət edərək, probleminin qəzetimiz vasitəsilə Prezidentə çatdırılmasını xahiş edir. Onun sözlərinə görə, Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev onun haqqını mənimsəyib, hüquqlarını tapdayıb.
Şikayətçi bildirir ki, 10 ildən çoxdur Yeni Azərbaycan Partiyasının üzvüdür: “Bir vətəndaş olaraq, bu partiyanı seçmişəm və partiyaya sadiq, sədaqətli üzv olmuşam. Cənab prezident, sizin seçilməyiniz üçün mən də öz töhfəmi təmənnasız olaraq vermişəm. Lakin məmurlar biz vətəndaşların haqqını ayaqlayır. Dövlət başçısı olaraq Sizə məktub yazmaqdan yorulmuşam. Pulum da qalmayıb. Xahiş edirəm, hüquqlarımın təmin edilməsinə yardımçı olun”.
Narıngül Xudiyeva deyir ki, uzun illər dövlətə xidmət edib: “Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Yevlaxdakı keçmiş yun zavodunda işləyəndə mənzil növbəsində 4-cü idim. Neçə illər yeni mənzilə köçəcək ümidi ilə yaşadım. Nahaq deməyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Bir gün eşitdim ki, zavodun işçilərinə mənzil tikintisi dayandırılıb”.
Elmar VəliyevOnun sözlərinə görə, yun zavodunda uzun illər qüsursuz işlədiyinə görə sonradan ona evin əvəzinə Yevlax şəhər avtovağzalının yaxınlığında 6 sot torpaq sahəsi verilib: “Ancaq rayonda torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar”.
Qarşılaşdığı problemlə bağlı bir daha ölkə başçısına müraciət edən N.Xudiyeva yazır:
“Cənab prezident!Siz demisiniz ki, “mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”. Siz belə hümanist bir insansınız. Onu da demisiniz ki, “biz neft kapitalını insan kapitalına çevirməliyik”. Amma çox təəssüf ki, bəzi məmurlar sizin maraqlarınıza ziddi fəaliyyət göstərir, insanların hüquqlarını tapdalayır.
Mənim həyatyanı torpaq sahəmin əlimdən Zaməddin adlı şəxs və sabiq icra başçısı Elmar Vəliyev tərəfindən alındığını Sizə ünvanladığım çoxsaylı məktublarımda da bildirmişdim. Nədənsə, məsələyə reaksiya verən olmadı. Məcbur oldum, qəzetlərə üz tutum.
Artıq 13 ildir ki, yollardayam. Əgər həqiqətən də mənim torpaq sahəm dövlətin balansına alınmışdırsa, bəs niyə vaxtında məlumatlandırmayıblar? Mən niyə yollarda qalmalıydım? Mən Yevlax-Bakı yolunda xəstəlik tapdım, çoxlu pullarım, vaxtım getdi”.
Narıngül Xudiyeva deyir ki, vaxtilə “ev əvəzinə” ona verilən torpaq sahəsini də 2 min manata satıblar: “Əlimdan alınan torpaq sahəmə zamanında 2 min manat pul ödəmişəm. Üstəlik, dilləri ilə istədikləri 100 manat “şirinlik” də vermişəm. Onu da qeyd edim ki, dövlətin balansına alınan həyatyanı torpaq sahəm 6 sot idi. Yolkənarı, şəhərətrafı, həm də torpağı da yaxşı idi. Mən qabaqcıl işçi olduğum üçün işlədiyim təşkilat belə gözəl, əlverişli yerdən vermişdi. O torpaq sahəsinin əvəzinə indi mənə verilən həyətyanı torpaq sahəsini şəhərdən çox uzaqda, həm də cəmi 3 sot verdilər”.
Şikayətçi deyir ki, hazırda ona verilən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 250 manatdır. 6 sot torpağının əvəzinə ona şəhərdən çox aralıda verilən ərazi (Foto) cəmi 3 sot olsa da, üstəlik ondan “dövlət rüsumu” adı altında 700 manat rüşvət alıblar və “dövlətə” əlavə 500 manat borclu qaldığını bildiriblər: “Mən bir yerə niyə 2 dəfə pul ödəməliydim? Zənginlər şəhərin ən gözəl yerlərini zəbt ediblər, özü də pulsuz, onlara güldən ağır söz deyən yoxdur...
Cənab prezident!Zamanında növbəliyim əsasında mənə ikiotaqlı mənzil düşürdü. İndi mən evsiz və torpaqsız qalmışam. Sizdən xahiş edirəm, bir daha məni yollarda qoymayın. Mənim Elmar Vəliyevlə nə şəxsi ədavətim, nə də düşmənçiliyim var. Mənim haqqım tapdanıb. İnsan övladının taleyi ilə oynamaq olmaz. Mən haqqımı, hüququmu istəyirəm. Nə qədər ki, haqqımı almamışam, susmayacam. Mən Ağ Evin, AŞPA-nın, Kremlin önündə aksiya keçirmək istəyirəm. Amma xahiş edirəm, problemim həll olunsun ki, heç bu aksiyalara da ehtiyac qalmasın. Çünki ölkəmizə hörmətsizlik etmək istəmirəm. Amma artıq nə dözə, nə gözləyə bilirəm. Daha nə qədər gözləmək olar?!”
İ.SABİRQIZI
Redaksiyadan: Mözvunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Tarix: 10-06-2017, 11:26