Başçı ilə sahibkar arasında pul davası - İDDİA
Beyləqan icra başçısı Vaqif Abdullayevlə rayonda təmir tikinti işlərini həyata keçirən "Veteks” MMC-nin rəhbəri Vüqar Aslanov problem yaşanır. Səbəb isə aralardan yaranan böyük maliyyə qalmaqalıdır.
Bu barədə azmedia.info məlumat yayıb. Məlumatda deyilir ki, rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olan Vaqif Abdullayev bu dəfə Beyləqan rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən "Veteks” MMC nin rəhbəri Vüqar Aslanovdan 120 min manat alıb.
Məlumata görə, rayondakı təmir tikinti işlərini həyata keçirən Vüqar Aslanovla Vaqif Abdullayevin münasibətləri yaxşı olub. Ağcabədi rayonundan olan Vüqar Aslanov məhz Vaqif Abdullayevin dəvəti ilə icra hakimiyyətinin tenderlərinə qoşulub. Başçının dəvəti ilə Beyləqana ayaq açan Vüqar Aslanovun şirkəti demək olar ki, bir neçə il bütün tenderlərin qalibi elan olunub. İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin "toruna” düşüb.
Rayondakı mənbələrə istinad edən sayt yazır: "Vaqif Abdullayev Vüqar Aslanova təklif edib ki, onu rayon Suvarma Sistemləri İdarəsi müdiri təyin edə bilər. Bunun üçün isə ona 150 min, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə isə 50 min manat hesab verməlidir. İcra başçısının bu təklifinə iş adamı razılaşır və 2 həftə müddətində Vaqif Abdullayevə 120 min manat verərək yerdə qalan 80 min manatı isə təsdiq ediləndən sonra verəcəyini bildirir. Hətta Vaqif Abdullayev Vüqar Aslanovdan 120 min manatı alaraq ona rayon İcra Hakimiyyətinin adından "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinə təqdim etmək üçün razılıq məktubu verir. Başçının razılıq məktubunu sevincək əldə edən Vüqar Aslanov "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə gedərək rayon Suvarma Sistemləri İdarəsinin müdiri təsdiq olunmaq istəsə də, buna nail ola bilmir. İş adamına "Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildiriblər ki, onlar meliorasiya sistemində işləməyən birini Beyləqan rayon Suvarma Sistemləri İdarəsi müdiri təyin edə bilməzlər".
Sayt qeyd edir ki, cəmiyyətdən yox cavabı alan Vüqar Aslanov Vaqif Abdullayevin yanına gedərək işin həll ediləbiləcək variantının olmadığını bildirir və buna görə də icra başçısından 120 min manatı geri istəyib. İcra başçısı isə onu rayondan qovacağı ilə hədələyib: "Artıq icra başçısının Vüqar Aslanovun şirkəti olan "Veteks” MMC-nin Beyləqan rayonundan necə qovacağı planının üzərində baş sındırdığı deyilir".
Beyləqan rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.
Tarix: 10-11-2017, 14:57