“Gecə siçovulları”nın təxribatı!?

“Gecə siçovulları”nın təxribatı!? Bu məsələni yazmaq və böyütmək istəmirdim. Amma fikirləşəndə ki, oxuculara bir müddət öncə anonim zəng qəbul etdiyim və hədələndiyim barədə məlumat vermişdim, fikrimdən daşındım. Düzü, gözləmirdim ki, belə tezliklə hadisə ilə üzləşim.
Əhvalatsa belə olub. Bu ayın 8-də səhər saatlarında mənə zəng etdilər ki, qeydiyyatda olduğum Köhnə Xudat kəndindəki evimizin hasarınınn bir hissəsini dağıdıblar. Xaçmazdan kəndə yollandım. Yolda fikirləşdim ki, hasar beynəlxalq magistralın bir-iki metrliyində yerləşir, yəqin maşın toxunub. Amma hadisə yerinə çatanda gördüm ki, belə deyil. Kimsə gecə saatlarında küt alətlə hasarın üst cərgəsinin on beş mişar daşını dağıdıb. Daşlar həyətə səpələnib. Evdən və həyətdən heç nə aparılmayıb. Xudat polis bölməsinə yollandım. Növbətçi hissədən məsləhət gördülər ki, sahə müvəkkili İlham Azayevlə əlaqə saxlayım. Ona telefon açıb əhvalatı danışdım. Sahə müvəkkili bildirdi ki, Xaçmaz rayon məhkəməsindədir, ertəsi gün səhər tezdən hadisə yerinə baxış keçirəcək. Noyabrın 9-da cənab İlham Azayevi nə qədər gözlədimsə də xəbər çıxmadı. Bir-iki gün gözləyəndən sonra noyabrın 12-də Xaçmaz rayon polis şöbəsinin rəis müavini Amil Tahirliyə telefon açıb vəziyyəti izah etdim. Cənab Tahirli operativ reaksiya verdi. Mənə bildirdi ki, saat 1500 radələrində Xudat polis bölməsində rəis əvəzi Pənah Həsənli ilə görüşməliyəm. Onun dediyi vaxtda bölmədə oldum. Rəis əvəzi(bölmə rəisinin məzuniyyətdə olduğunu dedilər) ilə görüşüb əhvalatı ona danışdım və rəsmi ərizə ilə müraciət etdim. Cənab P. Həsənli məsələyə həssaslıqla yanaşdı, tez bir zamanda hadisəni törədənlərin aşkara çıxarılacağını söylədi.
Oxucular deyə bilərlər ki, on beş mişar daşının dağılmasına görə polis müdaxiləsinə ehtiyac vardımı? Məncə var. Çünki hər bir vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Bu hüquq müstəvisində də öz əksini tapıb. Axtarsınlar, hər halda Xudat polis bölməsinin rəis əvəzi Pənah Həsənli məndə peşəkar əməliyyatçı təəssüratı yaratdı.
Problem yazdıqlarımda deyil. Hasarı bərpa etmək yarım saatlıq işdir. Lakin bu dağıntıya səbəb nədir? Peşə fəaliyyətimlə bağlı xəbərdarlıqdırmı, yoxsa kimlərinsə bostanına daş atmışam? Bunu dəqiq deyə bilmərəm. Bəziləri iddia edir ki, hasarı hansısa sərxoş və ya nakoman dağıdıb. Lakin hasara baxanda hiss olunur ki, kimsə bunu rahat və səliqəli şəkildə edib. Ən təəccüblüsü də hadisənin hasarın yerləşdiyi ərazidə baş verməsidir. Kəndin tən ortasında, beynəlxalq magistralın qırağında, cavanların az qala səhərəcən bir qədər aralıda cəm olduqları yerdə bu işi kim görüb? Özü də mişar daşları küt alətlə vurularaq həyətə atılıb.
Nə isə, məndə inam var ki, bu işi törədənlər tapılacaq. Amma hadisənin sırf peşə fəaliyyətimlə bağlı və məhz buna görə törədilməsi versiyasına gəldikdə isə, hasarı dağıdanlara bir neçə kəlimə demək istəyirəm. Belə səviyyəsiz və cılız hərəkətlərlə məni susdurmaq mümkün olmayacaq. Lap istəyirsiniz bütün hasarı dağıdın. İnanın ki, yıxdığınız daşlar bir gün öz başınızda partlayacaq. Ona görə də təxribat törədən bu “gecə siçovullarını” xəbərdar edirəm ki, dövlət və qanun adlı anlayışlar da var. Hansılar ki, hər birimiz qarşısında cavabdehik.
Müqəddəs Mehdiyev
“Şimal xəbərləri”nin baş redaktoru
“Gecə siçovulları”nın təxribatı!?
“Gecə siçovulları”nın təxribatı!?
“Gecə siçovulları”nın təxribatı!?
“Gecə siçovulları”nın təxribatı!?
“Gecə siçovulları”nın təxribatı!?
“Gecə siçovulları”nın təxribatı!?
Tarix: 13-11-2017, 00:01
Xəbəri paylaş





Xəbər lenti