Goranboyda müəllimlərə "pambıq işgəncəsi"

Goranboyda müəllimlərə "pambıq işgəncəsi" Son dövrlər dövlət pambıqçılığın inkişafı üçün önəmli addımlar atılır. Bu sahəyə böyük pullar ayrılır, xaricdən texnikalar alınır və s.

Ötən illərlə müqayisədə əksər rayonlarda daha çox pambıq əkilir. Amma bəzi rayonların rəhbərləri pambıq yığımını əməlli-başlı bazara çevirib. Belə rayonlardan biri də Goranboydur.

Pambıq planını doldura bilməyən rayon rəhbərliyi Sovet dövründə olduğu kimi büdcə işçilərini məcburi şəkildə tarlalara sürgün edir. Müəllim məktəbdə şagirdinə elm öyrətməli olduğu vaxtda pambıq tarlasında işləməyə məcbur edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib. Onun sözlərinə görə, müəllimləri, ATS, poçt, bələdiyyə və s. büdcə təşkilatlarının əməkdaşlarını məcburi şəkildə pambıq yığmağa göndərirlər. Təhsil Şöbəsinin, poçt şöbəsinin müdiri və digər büdcə təşkilatının rəhbərləri pambıq yığmağa getmək istəməyənləri işdən çıxarmaqla hədələyir.

Rayon rəhbərliyinin "pambıq işgəncəsi" hətta faciəyə də səbəb olub. Belə ki, pambıq sahəsindən qayıdan mikroavtobus kəndə qayıdarkən qəza baş verib və nəticədə bir yaşlı qadın həlak olub. Sakinlərin bildirdiyinə görə, 24-25 nəfər sərnişin tutumu olan həmin mikroavtosuba 60 nəfər mindirilibmiş.

"Hörmətli jurnalistlərimiz, hara baxırsız siz? Başqa rayonları bilmirəm, amma Goranboyda hər şənbə və bazar günləri müəllimləri, bütün günlər isə ATS, Poçt, bələdiyyə işçilərini pambıq yığımına aparırlar. Getməyəni işdən çıxarmaqla hədələyirlər. Pambıq əkənlərin öz arvad uşağı qalıb evdə, müəllimlər onlara pambıq yığır. Hara baxırsız? Araşdırın da. Maarif müdiri müəllimləri hədələyir, Poçt müdiri poçt işçilərini və s. Bizim kənddən qayıdan zaman 60 nəfəri doldurublar 24-25 nəfərlik mikroavtobusa, təpəni qalxa bilməmişdi, aşmışdı və nəticədə 1 nəfər yaşlı nənə əzilib ölmüşdü. Belə şey olar?!" deyə rayon sakinləri yazır.

Goranboyda müəllimlərə "pambıq işgəncəsi"

Aydın
Tarix: 27-11-2017, 07:23
Xəbəri paylaş





Xəbər lenti