İcra Hakimiyyətindən kobud səhv: “Astara qədim rus şəhəridir”

İcra Hakimiyyətindən kobud səhv: “Astara qədim rus şəhəridir” Ölkəmizin əksər dövlət orqanlarının internet saytlarının bərbad vəziyyətdə olması barədə dəfələrlə yazmışıq. Prezident Administrasiyasının tapşırığı icra olunsun deyə yaradılan bu saytların bəziləri illərdir, yenilənmir. İnsafən deyək ki, paytaxt Bakıda fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin əksəriyyətinin saytı hər gün yenilənir, həmin informasiya resurslarından insanlar səmərəli istifadə edə bilirlər. Ancaq bu, o demək deyil ki, bütün saytlar eyni səviyyədədir. Əlbəttə ki, yox. Paytaxtda da fəaliyyət göstərən elə təşkilat var ki, bu işə laqeyddir. Amma bunlar şəhər və rayon icra hakimiyyətlərinin yanında toya getməlidir.

Əvvəla onu qeyd edək ki, bu gün cəmiyyətə informasiya ötürməli olan bütün digər vasitələrlə müqayisədə internet resursları daha sərfəli, faydalı hesab olunur. Hansısa bir ölkəyə, yaxud bölgəyə getmək istəyən turist əvvəlcə internet üzərindən axtarış aparır. Öncə Google-dən həmin yer haqqında məlumat verən internet resursu tapır. Sonra o internet saytı vasitəsilə həmin yerin tarixi, gəzməli-görməli yerləri, mətbəxi, otelləri barədə məlumat almaq istəyir. Ay aldı ha. Bizim hansı rayon icra hakimiyyətimizin saytı ingilis və yaxud rus dilindədir ki, turist də oradan məlumat ala. Barı işğal altında olan rayonlarımızın saytlarında olan məlumatları xarici dillərdə edək. Heç Azərbaycan dilində olan məlumatlar doğru-düzgün deyil. Qaldı ki xarici dillərdə. Ədalət naminə deyək ki, rayon haqqında müfəssəl məlumat verən, hətta həmin ərazidəki otellərin qiymətlərinin belə göstərildiyi saytlar vardır. Məsələn Qəbələ Rayon İcra Hakimiyyətinin saytı kimi. Həmin sayt üç dildə fəaliyyət göstərir. Təəssüflə qeyd edirik ki, yalnız Qəbələ, Xocalı və Masallı Rayon İcra hakimiyyətlərinin saytları belədir. Deməli, belə etmək olar. Sadəcə vicdanlı olmaq, rayondan qazandığımız pulun cüzi miqdarını bu ölkənin təbliğinə sərf etmək lazımdır.

Elə rayon icra hakimiyyəti var ki, onun saytında rayonun tarixi barədə kobud səhvlərə yol verilib. Astara Rayon İcra Hakimiyyətinin internet saytının “Rayon haqqında” bölməsində Astara barədə məlumat verilir. Saytda oxuyuruq: “Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: “Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır. Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.

Fikrimizcə rəsmi dövlət orqanının internet saytında belə “faktlar” olmamalıdır. Astaranın qədim rus şəhəri kimi təqdim olunmasının bir izahı yoxdur.

Mövzu ilə bağlı Cahanpress-ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib ki, bu, tamamilə yalnış fikirdir və tarixi gerçəkliyi əks etdirmir. Astaraya qədim rus şəhəri demək kobud tarixi və siyasi səhvdir. Bir səyyahın söylədiklərini bölgənin tarixindən xəbər verən məlumat kimi təqdim etmək yanlışdır. Bilirsiniz ki, səyyahlar səfər etdikləri yerlərdə insanlardan eşitdiklərini qələmə alırlar. Jak De Morqanın qarşısına bir erməni çıxsaydı və bura erməni şəhəridir desəydi necə? Biz onu da olduğu kimi dövlət orqanının internet saytında yerləşdirəcəkdik?

“İnternet saytlarında ölkəmizin tarixi barədə məlumatlar yerləşdirərkən diqqətli olmaq lazımdır. Çünki həmin məlumatları bizim dostlarımız da oxuyur, düşmənlərimiz də. Ola bilər ki, həmin səyyahın yazdıqları düzgün tərcümə olunmayıb. Bəlkə də Jak De Morqan Astaranı Rusiya şəhəri kimi təqdim edib. Bildiyimiz ki, 19-cu əsrin ortalarında Azərbaycan Rusiyanın tərkibində idi. Jak De Morqanın yazdığı kimi Astaranı qədin rus şəhəri adlandırmaq ya savadsızlığın, ya da tamamilə səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir. Azərbaycanın tarixi ilə bağlı məlumatlar hazırlanarkən mütləq tədqiqatçılarla, tarixçi alimlərlə məsləhətləşmək lazımdır”- akademik Nailə Vəlixanlı belə deyib.

Cahanpress-in əməkdaşı bunula bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ilə əlaqə saxlayıb. O, icra hakimiyyətinin İnformasiya sektoru ilə əlaqə yaratmağı məsləhət bilib.

İcra hakimiyyətinin İnformasiya sektorunun müdiri Səfail Məmmədov isə bunun bir texniki yalnışlıq olduğunu, bizim müraciətimizdən sonra bu səhvin dərhal aradan qaldırılacağını deyib.

Xatırladaq ki, icra hakimiyyətinin internet saytı neçə illərdir, fəaliyyət göstərir. Bu texniki səhvi isə təəssüf ki, indiyədək icra hakimiyyətinin əməkdaşlarından heç kim görməyib.
İcra Hakimiyyətindən kobud səhv: “Astara qədim rus şəhəridir”
Tarix: 4-12-2017, 17:33
Xəbəri paylaş





Xəbər lenti