Bu rayonun təhsilinə Mikayıl Cabbarov da dərman tapa bilmədi... - GİLEY
Laçın rayon 8 nömrəli ümumi orta məktəbin müəllimi Hüseynov Alış Mirsiyyaf oğlu Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan şikayətçidir.
Cebhe.info-ya açıqlama verən şikayətçi A.Hüseynov iddia edir ki, N.Həsənov qanunsuz əməllərlə məşğuldur. Onun sözlərinə görə, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov təhsilin inkişafına kölgə salır: “Nicat Həsənov müdir işləməzdən əvvəl, on il müddətinə kağız üzərində, heç bir fəaliyyəti olmayan Laçın rayon Uşaq Gənclər və İdman məktəbinin direktoru işləyib. Heç bir maddi texniki bazası olmayan məktəbin fəaliyyəti müddətində orada idman dərəcəsi olan hər hansı bir müəllim işləməyib. Bu on ildə heç bir idmançı yetişdirməyib. Laçın rayonunda maliyyə idarəsinin müdiri işləyən qardaşının köməkliyi ilə bir sıra işlər görüb. Belə ki, məktəb Bakı şəhərində fəaliyyət göstərdiyi halda Nicat Həsənov Bakı şəhərində keçirilən yarışlarda iştirak etmək üçün Laçın rayon Taxt-körpü qəsəbəsindən uşaqlar gətirib. Buna görə ayda bir neçə dəfə ezamiyyət yazaraq külli miqdarda pul mənimsəyib. 10-dan artıq idman qrupu ayrı-ayrı məktəblərdə deyil, bir məktəbdə cəmləşdirilib. Bu faktlar bizim kənardan müşahidə etdiyimiz korrupsiya əməllərinin kiçik bir hissəsidir. Nicat Həsənov həmin idman məktəbindən əldə etdiyi vəsaitlərin hesabına Laçın rayon Təhsil Şöbəsini bazara çevirib”.
Şikayətçinin sözlərinə görə, ilin əvvəlində direktorları çağıraraq onlardan da pul alır, sinifləri və müəllimlərin dərs saatlarını satır:
“Hər məktəbdən 800-1000 manat alır, bir sinifi 1000-1500 manata satır. Məktəblərdə vakansiyaları gizlədir, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən gənc müəllimlərin dərs saatlarını 1000-1500 manat arası pulun qarşılığında müqavilə ilə işə götürdüyü savadsız müəllimlərə verir. Hərbi rəhbər ştatlarını 1500-2000 manata, psixoloq ştatını 1500 manata, uşaq yaradıcılıq birliklərini 1000 manata, hətta, texniki işçi ştatlarını 500 manata və daha yuxarı qiymətə satır. Dərs bölgüsü Diaqnostik Qiymətləndirmənin (DQ) nəticələrinə uyğun bölünməlidir. Lakin Nicat Həsənov direktorların əli ilə çox bal toplayan müəllimlərə az, az bal toplayan müəllimlərə çox dərs saatı verir. Şəhər məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin valideynlərindən 500-800 manat pul alaraq, onları Laçın məktəblərinə köçürtdürür. Hər məktəbin sinif komplektlərinin sayına uyğun on sinfi olan məktəblərdən 100 manat, 15 sinfi olanlardan isə 150 manat aylıq alır. Bundan istifadə edən direktorlar daha çox pul yığır. Bir müəllim kimi xahiş edirəm ki, bu məsələyə ciddi yanaşılsın.Təhsilimizin Nicat Həsənov tərəfindən gəlir mənbəyinə çevrilməsinin qarşısının alınmasını istəyirəm”.
Qarşı tərəfin də mövqeyini öyrəndik. Laçın rayon təhsil şöbəsinin müdiri Nicat Həsənov Cebhe.info-ya açıqlama verib. O bildirib ki, haqqında səsləndirilən fikirlər iftiradır. Onun sözlərinə görə, adıçəkilən müəllimin bacısının həyat yoldaşı çalışdığı məktəbin direktorudur:
"Məktəbdə bütün biologiya dərsləri Alış müəllimə verilib. Sadəcə olaraq, onların arasında şəxsi problemlər var. Bu səbəbdən də şikayətdə adım hallanır. Belə də olmalıdır".
Tarix: 6-12-2017, 10:36