Bir həftə sonra prezidentin icra başçıları ilə bağlı tələbinin möhləti bitir
Palitika.Az-ın məlumatına görə, 15 dekabr son tarixdir və rayon icra hakimiyyəti başçıları haqda yekun qərar veriləcək.
Qubanın icra başçısı Yaşar Məmmədovun işdən azad olunması ilə başlanmış prosesin digər bölgələrin RİH-lərini də əhatə edəcəyi istisna edilmir.Xüsusən də mərkəzi Aran rayonlarının və əsas məşğuliyyəti aqrar sektor olan regionların rəhbərlərinin fəaliyyətinə qiymət veriləcəyi gözlənilir.
Gələn informasiyalar arasında diqqət çəkən məlumat Biləsuvarın icra başçısı Mahir Quliyevin yola salınacağıdır. M.Quliyev bioqrafiyası ən çox müzakirə edilən məmurdur.
Onun ofisiantlıqdan başlayan karyerasının pul hesabına icra başçısı postuna qədər yüksəlməsi tez-tez medianın müzakirəsi olub.
Sosial şəbəkələrdə də M.Quliyev məşhurdur. Prezident Administrasiyası isə belə məqamları nəzərdən qaçırmır.
Mətbuatın “ulduz”una çevrilmiş icra başçısı gah özünə “ilin icra başçısı” mükafatı verdirir, gah haqqında təriflər yazdırır.
Başqa bir tərəfdən isə M.Quliyevin fəaliyyəti PA-nı qane etməyib. İddialara görə, dövlət başçısına təqdim olunan arayışda Biləsuvarın yeni icra hakiminə ehtiyacı olduğu vurğulanıb.
M.Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir.
Daha sonra isə o, «Sahil» restoranının administratoru olur. Hakim dairələr hesab edirlər ki, müasir, savadlı, texnologiyadan anlayışı olan kadrlar icra hakimiyyəti postlarına təyin olunmalıdırlar.
Palitika.Az-ın məlumatına görə, M.Quliyevin işdən azad olunmasına az vaxt qalır.
Biləsuvarı qarış-qarış peşkəş edən, rayonda heç bir iş görməyən icra başçısı maliyyə rəisi ilə milyonlar mənimsəyib.
Diaspora komitəsi sədri Nazim İbrahimov və iş adamı olan qardaşı Hacı İbrahimlə qohumluq əlaqələri də icra başçısının taleyində həlledici rol oynayır.
Çünki İbrahimovlar hakimiyyətdə qürub çağını yaşayır. Bu ailəyə yaxın icra başçısının da vəzifədən göndəriləcəyi gözlənilir.
Maliyyə rəisi Eldar Təhməzov isə büdcə təşkilatlarını intihar həddinə çatdırıb. Hətta onun icra başçısı təyin olunacağı haqda söz-söhbətlər gəzir.
Bu halda Biləsuvarı nələr gözlədiyi dəhşət doğurur. E.Təhməzov Biləsuvarda müəssisə müdirlərini “tas”a oturdub.
İdarə müdirlərinin şikayət etməyə yeri olmadığından vəziyyətlə barışıblar. E.Təhməzov büdcənin vəsaitlərini elə idarə edir ki, şəxsi bank hesabı kimi davranır.
Ona bu imkanı yaradan rayon rəhbərliyi olub. Ona görə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir.
Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparıb. Belə ki, hazırda maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına “divan tutur”.
Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur.
E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb.
Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.
Bundan əlavə, Biləsuvar Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirildiyi qeyd olunur. E.Təhməzovun bu sahə üzrə də maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb.
Tarix: 8-12-2017, 09:16