“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda həyata keçirilən layihə uğurla icra edilib. Layihə çərçivəsində rayonun 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində açılış mərasimi keçirilib.Açılış mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, cəbhə xəttinə yaxın ərazidə yerləşən Tərtərdə içməli su ilə təminat həmişə aktual olub. Tərtərin əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatda çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. S.Seyidov bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri bəzi ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb: “Rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. Açılış mərasimi keçirilən İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb”.
Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən artezianlardan daşımaqla ödəyirdilər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olurdu. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam Tərtər rayonunun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı, Cəmilli və İsmayılbəyli kəndlərində layihələr icra olunub.
Rayonun 10 kəndini içməli su ilə təmin etmək məqsədilə Tərtər şəhərinə çəkilmiş yeni magistral su xəttindən və şəhərin su şəbəkəsindən çıxışlar verilib. Cəmilli kəndinin su təchizatı məqsədilə yeni subartezian quyusu qazılıb və su xətləri çəkilib.
Hazırda kənddə su çəninin və transformatorun quraşdırılması, həmçinin enerji təchizatı işlərinə hazırlıq görülür.
Ümumilikdə bu layihələr çərçivəsində kəndlərdə 37,4 km su xətləri çəkilib və ümumi istifadə üçün 92 ədəd bulaq quraşdırılıb. Bütövlükdə isə yeni su təchizatı layihələrindən Tərtər rayonunun 11 kəndinin 17 min 300 nəfər sakini faydalanıb.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.
Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2012-ci ildə Tərtər rayonunun Qazyan və Qapanlı kəndlərində layihə icra edilib və bu kəndlərdə 1300-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.
Tarix: 18-12-2017, 16:58