Qazax rayonu, Çaylı kənd sakini 23 yaşlı Axundov Əli intihara cəhd edib. O, dekabrın 21-də gecə saatlarında rayonun Qazaxbəyli kəndində yaşayan nənəsi Bahar xanımın evinin ikinci mərtəbəsində qazı açıq qoyaraq, canına qəsd etməyə çalışıb. Son anda nənəsi yetişərək Əlini xilas edə bilib.
Amma qazdan dəhşətli dərəcədə zəhərlənən Əli, yarım - koma vəziyyətindədir. O, hazırda Bakıdakı "Semaşko" xəstəxanasında müalicə olunur. Həkimləri Əlinin vəziyyətinin kritik olduğunu, yaşama şansının 50 faiz qaldığını deyir.
Dia.az xəbər verir ki, Əlinin intihara cəhdinin səbəbi, ona sələm verənlərin sıxışdırması, bezdirməsi olub. Anası Aynur Axundova pressclub.az-a bildirib ki, oğlu avtomobil alveri ilə məşğul olub. Əli, alver üçün pulu Qazax rayon sakinləri İslam və Nofəldən 6300 manat məbləğində sələmə pul götürüb: "Onlar Əliyə pulu verəndə bildiriblər ki, hər ay faiz versin. Əli də hər ay deyil, hər həftə bunlara pul verirdi. Son 3-4 həftədə İslam oğlumu sıxışdırıb ki, pulunu qaytarsın. Əli də pulu tapa bilməyib. Sələmçilər buna vaxt verməyiblər ki, düzəltsin. Bir müddət öncə İslam deyib ki, bu gün axşama kimi mənə 2500 manat pul çatmalıdır. Çatdıra bilməsən, sənin üçün çox pis olacaq. Sanki oğlumla "vorzakon" dilində danışıblar. Əli də həmin gün pulu düzəldə bilmədiyi üçün, qaçıb Qazaxbəyli kəndinə, mənim anam Baharın evinə qaçıb gedib. Axşam saat 12-ə kimi zəng elədik, zəng çatmadı. Sonra həyat yoldaşına zəng edib deyib ki, narahat olmayın nənəmgildəyəm. Sonra nənəsinə deyib ki, məni İslam axtarsa, de ki burda yoxdur. İslam da bunu axtarmağa başlayıb".
Anasının sözlərinə görə, Əli həyat yoldaşına söyləyib ki, İslam və Nofəl onu bezdiriblər: "Yoldaşına deyib ki, mən daha bezmişəm, axtarmayın məni, özümü öldürəcəm. Bunu yoldaşı mənə çatdırdı. İslama dedim ki, mənim oğlumun başına bir iş gəlsə, səni məhv edəcəm. İslam da qayıtdı mənə dedi ki, qorxmayın özünü öldürən deyil, öldürsəydi 2 aydı öldürərdi, mənim də ürəyim soyuyardı. Nənəsigilə qaçan oğlum evin ikinci mərtəbəsində qalıb. Qazı gecədən açıb, intihar etmək istəyib. Səhər anam nəvələrini dərsə yola salanda, çıxıb ikinci mərtəbəyə ki, Əlini də oyatsın yuxudan. Baxıb görüb ki, Əli yerinin içində titrəyir, ölmək üzrədir. Anam hay-küy salıb, qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb".
Aynur Axundova bildirdi ki, qazdan zəhərlənən Əliyə Qazax Diaqnostika Mərkəzində qanını yumaq üçün sistemlər asılıb: "Günorta saatlarında Diaqnostika Mərkəzində bizə dedilər ki, bu artıq bizlik deyil, Bakıya çatdırın. Oğlumu Bakıya çatdırmaq üçün Gəncədən təcili yardım maşını çağırdıq. Üzərinə Mərkəzi Klinika yazılmış ambulansa 1090 manat pul verib Bakıya gətirdik. Onu da deyim ki, ambulans ödədiyimiz məbləğin çekini vermədi. Hətta istədiyi pul çatmırdı bizdə, dedilər yarım saata tam məbləğ verilməsə, aparmayacağıq. 42 manat da yarım saat ambulansı ləngitdiyimiz üçün pul cəriməsi verdik". Aynur xanım bildirir ki, Qazax Diaqnostika Mərkəzinin özünün təcili yardım maşını var: "Amma oğlumun vəziyyəti elədir ki, həmin təcili yardım maşını ilə onu Bakıya gətirməyə şərait yoxdur. Oğlumu aparata qoşulu gətirmək lazım idi. O da ancaq Gəncədən gələn ambulansda mümkündür".
Anasının sözlərinə görə, Əli hazırda "Semaşko"da müalicə alır: "4 gündür "Semaşko"dadır. Komada idi, dünən ayılıb. Həkimlər deyir yaşama şansı 50 faizdi". Ananın bildirdiyinə görə, hadisə baş verən vaxt sələmçilərlə bağlı polisə şikayət ediblər, 102-yə zəng eləyiblər.
Tarix: 26-12-2017, 14:04