Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları

Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Meşə idarəsinin rəisi: “Saymışdım, 32 güllə atmışdılar… Bizə belə təzyiq göstərir, güllə ilə mesaj çatdırırdılar”

Bakıdan uzaq ucqar rayonlarda məmur özbaşınalığı yeni xəbər deyil. Göygöl rayonunun səfalı, meşəli-çaylı kəndlərində baş verən qanunsuzluqlar vaxtilə parlament səviyyəsinə qədər müzakirə olunub. Amma nə fayda? Məmur meşəni hasarlayıb, üstəlik, məhkəmələr də öz möhürü ilə saxtalaşdırılmış xəritələrə, sənədlərə istinadən verilən kağızları tanıyıblar. Vəssalam, iş də bununla bitib.

Çay içdi, meşəni zəbt elədi…

Sakinlər həmin məmurun kimliyinin gizli olmadığını deyirlər. Meşədən 15-20 sot torpağı hasarlayan Gədəbəyin icra başçısı Ramiz Yediyarovdur. 3-4 il əvvəl isti yay günlərindən birində o, Göygöl rayonunun Mixaylovka kəndinə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun malikanəsinə qonaq gedirmiş. Mixaylovkaya gedən yol Aşıqlıdan keçdiyindən Ramiz Yediyarov kəndin ərazisində, meşə kənarındakı çayxanada ayaq saxlayıb. Çay içib və meşədən torpaq qoparmaq qərarını verib. Yerli sakinlərin icra başçısını meşəni zəbt etmək inadından döndərmək çabaları da əbəs olub. Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aslan Vəliyevin mübarizəsi hasarlama, əraziyə darvaza qoyulmasını il yarım ləngitsə də, Ramiz Yediyarov istədiyinə nail olub. Bu gün hasarlanmış meşə ərazisində malikanə inşa edilməyib, amma bir-birindən qiymətli, yaşı bilinməyən ağaclar hələ də başçının “əsirliyində” qalır. Aşıqlıda zəbt olunan meşə torpağı bu gün də ağzı günə qalıb. Halbuki Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkün ola bilər. Aşıqlıda Nazirlər Kabinetini belə bir qərar verdiyini xatırlayan, eşidən yoxdur.

Bu ərəfədə icra başçısı Gədəbəyin Arıxdam kəndi ərazisində də camaatın pay torpaqlarını zəbt edib, orada bazar açıb. Slavyanka kəndi ərazisində stadion tikilməsi üçün ayrılmış torpağı isə məmurlara satılıb və orda evlər tikilib. Hətta prezident kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi müəyyən edəndən sonra da Ramiz Yediyarov dayanmayıb. Öz işində olub, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintilərə icazələr verib, gözünə xoş görünən meşə torpaqlarını belə zəbt etməkdən çəkinməyib.

“Məhkəmə həzrətləri mənim müraciətimi təmin etmədi”

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aslan Vəliyevin mübarizəsi təzyiqlərlə nəticələnib və direktor digər bir vəzifəyə keçirilib. Özünün əməkdaşımıza dediklərindən: “Aşıqlı və Hacıkənddə meşə torpaqlarını zəbt edən şəxsləri məhkəməyə vermişdim. O torpaqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi(DTXK) ilə bələdiyyələr biznes ortaqlığına gedib saxta sənədlər hazırladaraq məmurlara ötürüblər. Onlara hətta çıxarış da əldə ediblər. Meşənin içində, meşə torpağında evlər də tikilib. Həmin o çıxarışların ləğvi, evlərin sökülməsi üçün müraciət etdim. Məhkəmə mənim müraciətimi təmin etmədi”.

Aslan Vəliyev deyib ki, meşəyə qənim kəsilənlər ona ürək xəstəliyi, problemlər gətirib: “Hətta çıxışlarım ölkə rəhbərliyinə, Milli Məclisə də gedib çatmışdı. Məni yolumdan çəkindirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Məcbur oldum işdən çıxdım. Sağ olsunlar, mübarizəmi qiymətləndirib nazirlikdə balaca bir vəzifəyə gətirdilər. Saxta sənədləşdirmələr var və onların ləğv edilməsi bu gün də aktuallığını saxlayır. Meşə ərazisində tikinti aparılıb. Bunun üçün meşələrin xəritəsinə baxmaq elə də vacib deyil, sadəcə, yerindəcə baxış keçirilsə, görünür ki, adamlar meşə ərazisini zəbt ediblər. Həmin meşə torpaqlarına verilmiş saxta sənədlər ləğv olunmalıdır”.

“Hərəsi bir Həsənağanın qohumudur…”

Aslan Vəliyev Aşıqlıda və Hacıkənddə meşə torpaqlarını zəbt edən şəxslərin kimliyi ilə bağlı bunları deyib: “Məhkəmələrə belə işlər düşəndə qanunlardakı boşluqlardan istifadə edirlər. İstəsələr həmin boşluqlardan vətəndaşın 40-50 illik mülkünü əlindən ala, istəsələr meşə torpağını da zəbt edə bilərlər. İl yarım əvvəl mən bu adamlara qarşı çıxdım. Bacardığım qədər, qanunların imkan verdiyi qədər mənə tapşırılan işlərin öhdəsindən gəlmişəm. Meşələrdəki cökə, vələs, akasiya ağaclarını hasara alıb özlərinə həyət ediblər. O vaxt araşdırdım, məlum oldu ki, bu qanunsuzluqları edənlərin biri də yerli Göygöl sakini deyil. Biri Şəkidəndir, o biri Bakıdandır. Hərəsi də bir Həsənağanın qohumudur…”

“… 32 güllə atdılar”

Aslan Vəliyev deyir ki, meşələrin zəbti, ağacların kəsilməsi hallarının qarşısını almaq üçün qınaq metodlarından da istifadə ediblər: “Meşə, bələdiyyə torpaqlarının təyinatını dəyişmək qadağandır. Məhkəmələrə zəbt olunan meşələrin xəritələrini də təqdim edirdim, amma yerli bələdiyyələrlə DTXK-si özlərinə uyğun şəkildə xəritələr tərtib ediblər və həmin qondarma xəritələrlə nazirlik tərəfindən təsdiqlənən xəritələr üst-üstə düşmür. Prezidentə bu məsələlər gedib çatmır və bundan istifadə edən bəzi ”juliklər” meşə torpaqlarını zəbt edirlər. Bu adamlar bu millətin, dövlətin qədrini bilməyənlərdir. Mən meşələrin ərazisində 50 məlumat lövhəsi qoydurmuşdum. Həmin məlumat lövhələrində meşədə ağac kəsməyin cinayət olduğunu yazmışdım. Hətta Məhəmməd peyğəmbərin “Ağac əkənə rəhmət, kəsənə lənət” sitatını da. Məhkəmələrin qızğın vaxtında dırnaqarası qəhrəmanlardan biri bunu nişangaha çevirmişdi. Saymışdım, 32 güllə atmışdılar… Bizə belə təzyiq göstərir, güllə ilə mesaj çatdırırdılar. Vəziyyət bu dərəcədə gərgin idi. Belə quldurları elə səviyyələrdən müdafiə edirdilər ki, məəttəl qalırdıq. Bu adamlar sanki bu ölkəyə düşməndirlər”.
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
Gədəbəyin icra başçısının meşəni necə zəbt etməsinin ilginc təfərrüatları
“Yeni Müsavat”ın reportyor qrupu
Tarix: 29-12-2017, 15:35
Xəbəri paylaş





Xəbər lenti