Əmlakı blokadaya alınan sahibkar nazirə açıq məktub yazdı

Əmlakı blokadaya alınan sahibkar nazirə açıq məktub yazdı
Ticarət obyekti Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən daş hasar çəkilməklə blokadaya alınan sahibkar Fəxrəddin Bağırov iqtisadiyyat naziri Şahin Mustafayevə açıq məktub yazıb. Surəti redaksiyamıza göndərilən məktubda deyilir.

“Hörmətli cənab nazir, mən eşitmişdim ki, sizin Vergilər Nazirinin müavini olandan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla isti münasibətləriniz olub. Amma mən inanmazdım ki, bu münasibətlər, sizin ölkə başçısının qarşınıza qoyduğu vəzifəyə baxışınıza təsir göstərə bilər. Belə qənaətə gəlməyimin ciddi səbəbi var. Diqqətinizi mənə ünvanlanmış, müavininiz tərəfindən imzalanmış bu məktuba yönəltmək istəyirəm. Bu məktub rayon rəhbəri tərəfindən mənə qarşı törədilmiş misli görünməmiş bir cinayət əməlinin qarşısının alınması və mənim obyektimin qanunsuz olaraq qapadılmış qapılarının açılaraq fəaliyyətimin bərpası xahişi ilə sizə etdiyim çoxsaylı müraciətlərə yazılmış cavab məktubunuzdur.

Bu məktubun əvvəlinə mənim müraciətim, axırına isə icra hakimiyyətinin, rayon bələdiyyəsinin guya obyektin sənədlərinin düz olmaması ilə bağlı məni məhkəməyə verməsi barədə cavabı köçürülüb. Bəs sahibkar hüququnu qorumalı olan bir qurum olaraq İqtisadiyyat Nazirliyinin mövqeyi harada qalıb?

Hesab edirəm ki, nazirlik rəhbərliyi öz vəzifəsinə şəxsi münasibətlər nöqteyi nəzərindən baxmasa idi, o zaman bu sualların cavabını başçıdan tələb edərdi.

1.Sahibkarı məhkəməyə bələdiyyə verib, bəs niyə İcra Hakimiyyəti sahibkarın 6 ildir fəaliyyət göstərdiyi obyektinə hücum edib, girişlərini bağlayıb?

2.Hansı səlahiyyətlə bunu edib? Məgər İcra Hakimiyyəti cəza orqanıdır? Əmlakı ətrafdan təcrid etmək kimi bir cəza növü ölkədə nə vaxtdan tətbiq olunur?

3. Sahibkarın qapısı hansı rəsmi sənəd əsasında, hansı vəsaitlə hördürülüb?

4. Sahibkarın çıxarışlı obyektində, VÖEN-li, əmək müqaviləli fəaliyyətində "çp" axtararkən niyə özünün qanunsuz 35 min kilovoltluq elektrik xəttlərinin altında, magistral yolun yaxınlığında tikdirdiyin onlarla obyektlər yadına düşmür?

5. Axı həmin sahibkarı bir dəfə eyni iddia ilə məhkəməyə verdirmisiz və uduzmusuz. Sizə öz vəzifənizdən vətəndaşa qarşı istifadə etməyə kim icazə verib?


Hörmətli nazir, bu suallara cavab almadan sahibkara icra hakimiyyətinin bir tabeli strukturu obrazında cavab yazmaq, sizin nazirliyə başucalığlı gətirmir. Sizin nazirlik sahibkarın səbəbsiz məhkəmələrə çəkilməsinin, sıxışdırılmasının qarşısını almalıdır, məhkəmə bəhanəsi ilə fəaliyyətinin qeyri-qanuni dayandarılmasına göz yummamalıdır. Mən hələ 2013-cü ildə bu məsələ ilə bağlı sizin qəbulunuzda oldum. Siz başçının qəbulda başçının əməllərindən heyrətləndiniz və problemin təcili həll edilməsinə göstəriş verdiniz. Amma problem həll edilmədi. Əksinə başçı daha da aqressivləşdi. Heç bir şəxsi münasibət ölkə qanunlarından və dövlət başçısının tapşırıqlarından üstün tutulmamalıdır”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Abbas Əliyevlə əlaqə saxladıq. Şöbə müdiri bildirdi ki, sahibkarın məktubunda göstərdiyi məqamlarla bağlı araşdırma aparılandan sonra ictimaiyyətə bu haqda məlumat veriləcək.

E.MƏMMƏDƏLİYEV
Musavat.com
Tarix: 12-01-2018, 23:29
Xəbəri paylaş





Xəbər lenti