Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı bu ilin fevralında İqtisadiyyat Nazirliyində keçirdiyi kollegiya iclasında kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin göstərilməsi, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması, yerli istehsalın stimullaşdırılması və digər dövlət dəstəyi mexanizmlərinin regional inkişafın sürətlənməsində əhəmiyyətli olduğu vurğulanmışdır.
“Aqrolizinq” ASC-nin Tovuz filialının rəhbəri Vidadi Əkbərov barədə ölkə mətbuatı çox yazıb. Hətta onun əməllərində korrupsiya faktları olmasına baxmayaraq hüquq mühafizə orqanları onun barəsində heç bir tədbir görmürlər.
Tovuz sakinləri tərəfindən 365İNFO saytının redaksiyasına daxil olan yeni məlumata görə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun qardaşı – DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla Baş prokuror Zakir Qaralov kirvə olduqlarına görə, Vidadi Əkbərov da yerli icra başçısı ilə birgə “qaranlıq işlər” gördüyündən onun əməllərinə hələ də hüquqi qiymət verilməyib. Və bu arxayınçılıq Vidadi Əkbərova hər il dövlət tərəfindən ayrılan subsidiyaları cəzasız mənimsəməsinə imkan yaradır. Ancaq ona bu cinayəti törətməkdə yardımçı olan, qeyd etdiyimiz kimi rayonun icra başçısı Tofiq Zeynalovdur.
Redaksiyamıza daxil olan məlumata görə hətta Tofiq Zeynalov Tovuz “Aqrolizinq”də tüğyan edən korrupsiyada Vidadi Əkbərova şərikdir. Tovuz “Aqrolizinq”də baş verən korrupsiyanın mexanizimi isə belədir: Tofiq Zeynalovun göstərişi ilə kənd Bələdiyyələri Vidadi Əkbərova saxta arayış təqdim edirlər ki, guya hansısa kəndlərdə filan əkinçilərin hektarlarla torpaq sahələri var.
Məsələn, hansısa icra nümayəndəsi fantaziyaya əsasən kiminsə adına saxta sənəd tərtib edir ki, bəs onun 50 hektar torpaq sahəsi var və kartof əkir. Yəni, Vidadi Əkbərovun yaxın adamlarının adına sənədləşdirilən torpaq sahələri yalnız kağızda mövcud olur. Və verilən həmin saxta arayışlar əsasında Vidadi Əkbərov “Aqrolizinq”dən dövlət tərəfindən ayrılan subsidiya əsasında yerli əkinçilərə 70 faiz güzəştli qiymətlərlə satılması nəzərdə tutulan mineral gübrələri götürərək yerli alverçilərə dövlət qiymətindən baha qiymətə sataraq ikitərəfli xeyir götürür.
Bu maxinasiyalardan bixəbər sadə rayon əkinçiləri Tovuz “Aqrolizinq”ə gübrə almağa gələndə isə Vidadi Əkbərov onlara bildirir ki, “gübrə başqa əkinçilərə paylanıb və artıq sizə veriləsi gübrə qalmayıb”. Həmin əkinçilər də, gübrə xaricdən yalnız dövlət xətti ilə gəldiyindən, başqa seçimləri olmadığından gübrəni alverçilərdən baha qiymətə almağa məcbur olurlar.
Kvartalın sonunda isə kənd bələdiyyələri tərəfindən Vidadi Əkbərova verilən arayışlar Kənd Təsərrüfatı Nazirliyinin Tovuz rayon Kənd Təsərrüfatı İdarəsində yaradılan Dövlət komissiyası təsdiq edir. Dövlət komissiyasına icra başçısı Tofiq Zeynalov rəhbərlik edir. Komissiyanın üzvləri isə 8 nəfərdən ibarət olur. Bu komissiyaya, rayonun bələdiyyə sədrləri, icra nümayəndələri, rayonun Torpaq söbəsinin müdiri, rayonun kənd təsərrüfatı idarəsinin rəisi daxildir. Yaradılan komissiyanın sədrinin icra başçısı Tofiq Zeynalovun özü olması o deməkdir ki, Sprut kimi “çoxayaqlı” bu korrupsiya mexanizimi çox dəqiq, mütəşəkkil qaydada planlaşdırılmış sistem şəklində işləyir.
Vidadi Əkbərov Tovuz “Aqrolizinq”ın mühasibi Eldar adlı şəxsi işdən çıxardaraq mühasib vəzifəsini öz oğluna həvalə edib. Hansı ki, mühasibliyə başlar-başlamaz “888” dövlət nömrə nişanı olan, 70 min manat qiymətinə “Hyundai” markalı avtomobil əldə edib.
Redaksiyamıza verilən məlumatlardan görünən odur ki, nə Tovuz “Aqrolizinq”ın rəhbəri Vidadi Əkbərov, nə də bu işlərə görə heç də az məsuliyyət daşımayan icra başçısı Tofiq Zeynalov Prezidentin tapşırıqlarına məhəl qoymurlar və dövlət tərəfindən əkinçiliyin inkişafına ayrılan subsidiya və vəsaitləri talan edərək mənimsəyirlər.