Lənkəranlı sahibkarlar prezidentdən kömək istədilər
Lənkəran şəhərində yaşayan iş adamı Əli Quliyev ölkə başçısına müraciət edib.
Bu barədə Müstəqil.az saytı məlumat yayıb.
Ə. Quliyev ölkə başçısına müraciətində 6 saylı Vergilər İdarəsindən şikayət edib.
İş adamı Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də digər vergi müfəttişlərinin qanundankənar addımları barədə Vergilər naziri Mikayıl Cabbarova yazılı müraciət etdiyini, lakin reaksiya verilmədiyini deyib:
"Bir müddət əvvəl hörmətli Vergilər naziri Mikayıl Cabbarova nazirliyin Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri və onun özü ilə gətirdiyi, bölmə rəisi təyin etdiyi Bəhruz Heydərovun hegemonluğundan yazdıq, lənkəranlı iş adamlarının onların əlindən cana yığılmasını bildirdik. Diqqətə çatdırdıq ki, bu vergi idarəsinin əməkdaşları bizdən qeyri-qanuni olaraq pul tələb edir. Onların tələblərini icra etməyənlərin dükanlarında yoxlamalar keçirib, bağlanacaqlarını, fəaliyyətlərinə imkan verməyəcəklərini və cərimələr yazacaqları ilə hədə-qorxu gəlirlər. Özlərinin və yaxın adamlarının, eləcə də onların hədə qorxusundan çəkinənlərin obyektlərini vergi qeydiyyatından gizlədirlər. Ədalət Fərəcova və onun yaxını olan Bəhruz Heydərova aylıq ödəniş edən iş adamları ilə işləri omur. Amma bizi, Sizə güvənib iş quran 5-10 nəfəri gözüm-çıxdıya salırlar”.
İş adamı deyir ki, bəzi dövlət qurumları, nazirliklər əməlləri ilə ölkə başçısına qarşıdırlar: "Onlar prezidentin gördüyü işlərə kölgə salmaqla məşğuldur. Üzərlərinə düşən vəzifəni icra etməkdənsə, bütün bacarıq və istedadlarını yönəldiblər şəxsi maraqlarının təmin olunmasına. Prezident bütün vaxtlar belə insanlara qarşı özünün barışmaz mövqeyini ortaya qoyub, onlara qarşı amansız olub. Ölkədə qeyri-neft sektorunun, kənd təsərrüfatı və aqrar sahənin inkişafına milyonlarla vəsait ayrılır. Məhz buna görə də respublikamız həm siyasi, həm də iqtisadi cəhətdən regionda ən sabit ölkə olaraq qalmaqdadır".
Şikyətçilər deyirlər ki, nazirə ünvanladıqları məktublar və təsdiqedici fotolar nazirə çatdırılmır: "Yuxarlda adı çəkilən adamların nazirlikdə fəaliyyət göstərən himayədarları tərəfindən gizlədilir və şikayət etdikləri adamlara göndərilir".
Məktubda iş adamları prezdentədən xahiş edir ki, nazir Mikayıl Cabbarova bu işin həll edilməsi iə bağlı tapşırıq versin.
Vergilər Nazirliyi və adıçəkilən şəxslər şikayətə münasibət bildirməyiblər.
Tarix: 23-04-2018, 23:15