Gədəbəydən təzə nazirə məktub var: “Hələ də xışla yer əkirik” – Foto
“Yanacaq bahadır, imkan edib ala bilmirik. Texnika da yoxdur, əkinçinin pulu hardandır ki, texnika alsın?! Əlimizdə olan sovetdən qalan köhnə texnikalardır, onlar da yaxşı vəziyyətdə deyil, işimiz getmir”. Bu sözləri Gədəbəy əkinçiləri AzEuroNews.com-a göndərdikləri məktubda yazıblar. Onlar əkin sahəsindən şəkil çəkərək redaksiyamıza ünvanlayıblar. Kəndlilər yazırlar ki, göründüyü kimi hələ də xışla yer əkirlər: “İndi 21-ci əsrdir. Hələ də at-heyvanla yer xışlayırıq. Bəs Kənd Təsərrüfatı Nazirliyi texnikanın pulunu hara xərcləyib? Heydər Əsədova zamanında dəfələrlə məktub göndərdik. Xahiş elədik ki, məhsuldarlığın artmasını istəyirlərsə texnika ilə təmin etmək lazımdır, innovativ inkişaf olmalıdır”. Keçmiş nazir H.Əsədovun dövründə fermerlərin, əkinçilərin texnika problemi həll olmadığına görə orta əsrlərdə olduğu kimi torpağı belə xışla əkirlər. Məktub müəllifləri yeni kənd təsərrüfatı naziri İnam Kərimova inandıqlarını qeyd edərək aqrar sahədə əsaslı dəyişikliklərə edəcəklərini söyləyirlər: “Kombaynlar, traktorların pulları büdcədən silinib. KTN-in bilavasitə xeyir-duası ilə rayonlarda son 2 ildə əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına artırılması yolu tutulub. Xüsusilə maldarların istifadəsində olan otlaq, qışlaq, biçənək əraziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkini üçün ayrılır. Ötən ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlansa da, aqrar sektorun inkişafına cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi bu etirazları qulaqardına vurmaqdadır”.