Taleh Qaraşovun çevrəsində ilginc oyunlar - GİLEY


Taleh Qaraşovun çevrəsində ilginc oyunlar
Lənkəran rayon icra hakimiyyətinin başçısının köməkçisi Elnur Hüseynovla bağlı saytın redaksiyasına ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, köməkçi kənd bələdiyyələrinin iştirakı ilə böyük torpaq sahələrinin satışına girişib və bu əməliyyatlarda əldə edilən gəlirin dəyəri kifayət qədər böyükdür.

Daxil olan şikayətdə vurğulanır ki, konkret olaraq Lənkəran rayonunun Vel və Siyanvar kəndlərində dənizkənarı torpaqlar müxtəlif adlar altında mənimsənilib və sonradan müxtəlif şəxslərə satılıb. Bələdiyyə sədrlərinin əli ilə həyata keçirilən bu əməliyyatların başında isə Lənkəran RİH başçısının köməkçisi Elnur Hüseynov dayanır. İndi isə torpaqların hansı üsullarla mənimsənilməsi faktlarına nəzər salaq.

Məsələn, Siyanvar kəndində yerləşən köhnə klub əvvəlcə sökülüb. Söküntü işlərinə sözügedən kəndin bələdiyyə sədri Rəyasət İmanovun rəhbərlik etdiyi bildirilir. Beton panellərdən ibarət kənd klubu söküldükdən sonrra isə boşaldılmış ərazi nə az, nə çox - 80 min manata satılıb.

Vel kəndindəki torpaq müəmması isə daha ilgincdir. Məlumat üçün bildirək ki, bu ayın 7-də həmin kənddə ümumi sahəsi 40 sot olan uşaq baxçası müəmmalı şəkildə yanıb. Yanğının müəmmalı olmasını şərtləndirən bəzi məqamlara da işıq salaq. Savash.org-a daxil olmuş məlumatlarda bildirilir ki, artıq külü qalmış həmin baxçanın ümumi ərazisi əvvəlllər 2 ha-ya yaxın ərazini əhatə edirmiş, bələdiyyə sədrinin "xüsusi istedadı" nəticəsində həmin ərazinin önəmli hissəsi satılıb və yanana (yandırılana-red) qədər baxçanın sahəsi 40 sot olub. Ehtimallara görə, həmin 40 sot torpağa da göz dikən bələdiyyə sədri bir neçə dəfə baxça rəhbərlliyinə "bu qədər ərazini boş yerdən "zanit" etmisiniz" tipli replikalar atırmış. Baxçanın qeyri-iş günündə yanması isə bu olayda torpaq alverinin izlərini axtarmaq üçün kifayət qədər ciddi əsaslar yaradır.



Bələdiyyə sədrinin Lənkaran RİH başçısının köməkçisi ilə çox isti münasibətlərdə olduğunu söyləyən mənbəmiz bildirir ki, Elnur Hüseynova Vel kəndində 40 sot torpaq hədiyyə edilib və görünür elə buna görə də bələdiyyə sədri RİH-də toxunulmaz şəxslər siyahısına düşüb. Bütün olanlardan Lənkəran RİH başçısı Taleh Qaraşovun nə dərəcədə məlumatlı olması haqda isə növbəti yazımızda geniş bəhs edəcəyik.
\\savash.org\\ 
Tarix: 28-04-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti