Lənkəranda Nadir şahın tikdiyi, Stalinin qaçdığı türmə dağılır – Reportaj

  …1747-1786-cı illərdə Nadir Şah Əfşarın göstərişi əsasında Lənkəranda Dairəvi qala inşa olunur.
Avropalı mühəndislər və Təbriz ustalarının əməyi ilə qala təhvil verilir. Sonra bu qala kimləri görməyib?! Ən məşhuru Stalindir…     ► Stalin bank soyub və…
Tarixçi Həşim Kəlbiyev demişdi ki, Rusiya kəndli bankının Lənkəran filialını soyduğu üçün Stalin həbs olunaraq bir müddət həmin qalada – həbsxanada saxlanır. Ancaq inqilabçı yoldaşları İosifə kömək edir və Stalin türmədən qaçır.
Onlardan biri Stalinin yaxın dostu Abbas Abıyev olub. Abbas Çar Rusiyasına xidmət etməsinə baxmayaraq, inqilabi mübarizədə köməklik edirmiş. İndisə Lənkəranda əsrlərin türməsi qəzalı vəziyyətdədir. Əslində, 2006-cı ildə təmir-bərpa işləri aparılıb. Amma 9 il sonra 2015-ci ildən normadan artıq qarın yağması nəticəsində yararsız hala düşüb.
O vaxtdan yağan qar və yağış suları qalanın içinə doğru axır. Bundan başqa, tarixi tikilinin divar hissəsi də uçub dağılmağa başlayır. Bu türmədə restavrasiya işləri görülsə, turistlərə də təqdim etmək olar.
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunaraq, ölkənin memarlıq abidələri siyahısına daxil edilən bu abidə bir vaxtlar Lənkəran qalasının mühüm hissəsi olub.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  təmir-bərpa işlərini 2018-2021-ci illərə nəzərdə tutub. Ancaq ortada heç bir iş yoxdur. ► Hamamlar, kinoteatrlar yoxa çıxıb…
Sakinlər deyirlər ki, yerli icra hakimiyyəti orqanı və nazirlik bu tarixi abidənin qorunması üçün tələsməlidir. Ümumiyyətlə, Lənkəranda tarixi və mədəni abidələr, kinoteatrlar, hamamlar sıradan çıxmaqdadır. Artıq “Nizami” kinoteatrı yerlə-yeksan olunub, “Spartak” kinoteatrı tarixin arxivinə köçüb.
Kiçik bazar məhəlləsində keçən əsrimizin əvəllərində tikilmiş dörd hamamdan biri оlmuş Məşədi Abbas hamamı isə dağılmış vəziyyətdədir.
Digər Hacı Qurban, Usta Qafar və Məşədi Səlim hamamları da sökülüb. Məşədi Abbas hamamı isə yarımuçuq vəziyyətdədir.
Yerli sakinlərin sözlərinə görə, müstəqillik dövründə bu abidələr baxımsızlıqdan uçulub dağılırlar. Halbuki, onları bərpa etmək, genişləndirmək olar, turistlərin də diqqətini cəlb edər.
Tarix: 3-05-2018, 21:05
Xəbəri paylaş





Xəbər lenti